17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Georgi Boqyu: “Moldovanı Azərbaycanla yaxşı oyun gözləyir”
Tarix: 09-01-2018 10:21 | Bölmə: İdman
Georgi Boqyu: “Moldovanı Azərbaycanla yaxşı oyun gözləyir”

Moldovanın “Zarya” klubunun məşqçisi Georgi Boqyu qol.az-a müsahibə verib. 2011-2012 mövsümündə AZAL-ın (hazırkı “Şüvəlan”) formasını geyinmiş veteran futbolçu həm Azərbaycan və Moldova milliləri arasında keçiriləcək yoxlama oyunundan, həm də sabiq klubundan danışıb.

Reyting.az həmin müsahibəni təqdim edir:

- AZAL-dan ayrıldıqdan sonra yerli klublarda çıxış etdiniz. Hazırda nə işlə məşğulsunuz?

- Hazırda “Zarya”da məşqçi kimi çalışıram. Komandanın seleksiyaçı-məşqçisiyəm.

- Azərbaycan futbolu ilə maraqlanırsınız?


- Əlbəttə. Xüsusilə AZAL-ın oyunlarını izləyirdim. Bu arada, fürsətdən istifadə edib, “Qarabağ”ı Çempionlar Liqasındakı uğurlu çıxışına görə təbrik etmək istəyirəm.

- Vaxtı ilə çıxış etdiyiniz AZAL klubu indi birinci divizionda mübarizə aparır. Komandanın adını da dəyişib, “Şüvəlan” qoyublar...

- Hə, bilirəm. Bu klubun aşağı dəstəyə düşməsinə təəssüflənirəm. Çox yaxşı komanda idi. Ümid edirəm ki, yenidən Premyer Liqaya qayıdarlar. Çünki AZAL-ın Azərbaycanın top-klubu olmaq üçün hər cür şəraiti var.

- Yanvarın 30-da Azərbaycan və Moldova milliləri arasında yoxlama oyunu keçiriləcək. Sizin bu qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Hər iki komanda üçün yaxşı seçimdir. İki bərabər səviyyəli rəqibin mübarizəsi olacaq. Düşünürəm ki, bizi yaxşı oyun gözləyir. Azərbaycan millisinin yeni baş məşqçisi var. Tezliklə bizim yığmada da təyinat reallaşacaq. Yeni ildə hər iki komandaya ciddi uğurlar arzu edirəm.

- Bəs ola bilərmi ki, Moldova millimizlə oyuna baş məşqçisiz çıxsın?

- Xeyr. Yaxın vaxtlarda yeni baş məşqçinin adı və təyinatı açıqlanacaq.

- Qurban Qurbanovu az da olsa, tanıyırsınız. Onun təyinatı haqda nə deyə bilərsiniz?

- Əlbəttə, Qurban Qurbanovu tanıyıram. “Qarabağ”da çox yaxşı işlər görüb. Düşünürəm ki, millidə də uğur qazanacaq. Milli komanda onun karyerasında yeni səhifədir. Məncə, qarşıya qoyulan hədəfə maksimum dərəcədə nail olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}