17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dünya bazarındakı qiymətlər DNF-in gəlirlərini artırıb - İqtisadçı
Tarix: 16-10-2018 20:33 | Bölmə: İqtisadiyyat
Dünya bazarındakı qiymətlər DNF-in gəlirlərini artırıb

Bu ilin 9 ayında Dövlət Neft Fondunun (DNF) gündəlik gəlirləri 20 milyon, aylıq gəlirləri isə 600 milyon manatdan çox artıb.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqə görə DNF-nin xərci 968,7 milyon manat təşkil edib.

Reyting.az-ın məlumatına görə, bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib. Q. İbadoğlu qeyd edib ki, DNF vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərini 178,9 milyon manata qədər artırıb:

“Dövlət Neft Fondunun bu ilin 9 ayı ərzində əldə etdiyi gəlirlər və xərcləmələri barədə açıqlamasından məlum olub ki, DNF-nin büdcə gəlirləri son 9 ayda 14 milyard 437,2 milyon manat, büdcə xərcləri isə 8 milyard manat təşkil edib. Bu isə o deməkdir ki, DNF-nin orta hesabla aylıq gəliri 1,6 milyard manat, gündəlik qazancı isə 53 milyon manat olub. Bu gəlirlərin 93 faizindən çoxu və ya 13 milyard 441,6 milyon manatı 2018-ci ilin yanvar-sentyabr ayları ərzində neft və qaz sazişlərinin icrasından daxil olub. Yerdə qalan 7 faizə qədəri və ya 995,6 milyon manatını ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərdir”.

İqtisadçı-alim diqqətə çatdırıb ki, DNF-nin bu ilin 9 ayında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 64,2 faiz və 5 milyard 643,8 milyon manat çox olub. Bu isə o deməkdir ki, bu ilin 9 ayında DNF-nin aylıq gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 600 milyon manatadək, gündəlik gəlirləri əvvəlkinə nisbətən 20 milyon manatdan çox artıb. Bunun başlıca səbəbi dünya bazarındakı yüksək neft qiymətləridir”.

Hesabat dövrü ərzində DNF 7 milyard 788,0 milyon manat vəsaiti və ya cəmi xərcləmələrinin 97,35 faizini dövlət büdcəsinə transfert edib. Bununla yanaşı, bu ilin 9 ayında qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 5 milyon manat vəsait yönəldilib.

Dövr ərzində DNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqə görə xərci 968,7 milyon manat təşkil edib. Bu daha çox avro, funt sterlinq, türk lirəsi, rus rublu və valyuta səbətində olan digər valyutaların məzənnəsində baş verən dəyişikliklərlə əlaqədardır.

Dünya bazarındakı qiymətlər DNF-in gəlirlərini artırıb

Q. İbadoğlunun fikrincə, dünya bazarında neftin qiymətinin proqnozlaşdırılandan yüksək olması səbəbindən 2018-ci il oktyabrın 1-nə DNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 8,88 faiz artaraq 38 milyard 987,7 milyon ABŞ dollarına bərabər olub. “Aktivlərin artımında pozitiv tendensiya əsasən dünya bazarında neftin qiymətinin bahalaşması hesabına təmin olunub. Lakin, bununla yanaşı, DNF dövr ərzində vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərinin 178,9 milyon manata qədər artımına müvəffəq olub. Hesab edirəm ki, bu, Fondun yeganə nailiyyəti hesab oluna bilər”,- deyə Q. İbadoğlu bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}