15:28 / 25-03-2017
Futbolçunun ayağı sınıb
16:43 / 24-03-2017
Bizim Venesiya
Böhrandan ilkin çıxış yolu kimi hökumətin istefası tələb olunur
Tarix: 15-01-2016 12:47 | Bölmə: İqtisadiyyat / Araşdırma / Slayd


Manatın devalvasiyasından sonra ölkədəki qismən ağır iqtisadi vəziyyət daha kritik həddə çatıb. Demək olar, artıq əksər sahələrdə ciddi problemlər üzə çıxıb, iş yerləri bağlanır, əhali kütləvi kasıblayır.

Araşdırmalar göstərir ki, son üç il ərzində enişə doğru irəliləməkdə ölkə iqtisadiyyatı indi daha da enməkdədir. Rəsmi statistikanın etrirafına görə, 2015-ci ilin ilk ayında Azərbaycanda 3,6 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu da ondan əvvəlki ilin yanvar ayı ilə müqayisədə 18,2% azdır. Belə ki, 2014-cü ilin yanvar ayında Azərbaycanda 4,4 milyard manatlıq, yəni 2015-ci ilin yanvar ayında olduğundan 0,8 milyard manat və ya 18,2% çox ÜDM istehsal olunub. 2015-ci ilin yanvarında ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 375 manat təşkil edib. Ondan əvvəlki ilin yanvarında isə bu göstərici 465,6 manat idi.

2013-cü ilin ilk ayında ölkə iqtisadiyyatında 4,5 milyard manatlıq məhsul istehsal edilmişdi. 2014-cü ilin dekabr ayı ilə müqayisədə ÜDM istehsalı 32% və ya 1,7 milyard manat azalıb.

Ötən ilin dekabrında 5,3 milyard manatlıq ÜDM istehsal olunub. 2014-cü ilidə Azərbaycanda ümumi daxili məhsul istehsalı 59 milyard manat təşkil edib. ÜDM-in azalması əsasən neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır.

Ancaq məsələ rəsmi etirafla bitmir. Yəni, artıq əməli addımlar atmağın zamanıdır. Belə demək mümkündürsə, artıq ölkə böhranlı dönəməmə qədəm qoyub. Vəziyyətin getdikcə daha da kritikləşəcəyi qaçılmazdır. Bu səbəbdən də hökumətin ölkənin böhranlı vəziyyətdən çıxarması üçün zəruri və təcili tədbirlər görməsi tələb olunur.

Bu arada tanınmış iqtisadçı Rövşən Ağayev maraqlı təkliflə çıxış edib. O, böhranlı vəziyyətdən çıxış yolunu yeni parlamentin formalaşmasında gördüyünü deyib:

«Hökumət etiraf etməlidir ki, indiki parlament böhran dövrünün parlamenti deyil. Böyük neft pullarının hökumətin və parlamentin əvəzindən bütün işləri gördüyü dövrdə cəmiyyət çevik və peşəkar parlamentə ehtiyac duymaya bilərdi - necə ki, yağış yağmayanda çətirə ehtiyac duymuruq. Yeni iqtisadi şərait isə keyfiyyətli qanunların qəbulunu, Konstitusiyanın tələblərinə uyğun icra hakimiyyətinə nəzarətini, gündəlik iqtisadi müzakirələri təmin edən parlamentin formalaşdırılmasını tələb edir. Bəlkə imkansız görünür, amma növbədənkənar seçki qaçılmaz ola bilər - əgər yaxın 1 ildə neftin qiyməti indiki səviyyədə qalarsa, ya da, daha da ucuzlaşarsa”.

R.Ağayevin fikrincə, 90-cı illərin əvvəllərində mövcud olan iqtisadi sabitsizlik dövrünün indiki dövrdən bir fundamental fərqi bu olub - parlament çox fəal idi, ora, nisbətən müstəqil və danışan fəal insanların müəyyən bir kontingenti yığılmışdı.

Ekspertin sözlərinə görə, komandanın peşəkarlığı və gücü həlledicidir. R.Ağayev bir məsələni də xüsusi vurğulayıb: "Saakaşvili hakimiyyətə gələndə Gürcüstanın ixracı cəmi 646 milyon dollar idi, gedəndə 2.9 milyard dollara çatmışdı. Saakaşvilinin 10 illik hakimiyyəti dövründə elə ilolmadı ki, ixrac hər il 200-300 milyon, bəzi illərdə 500 milyon dollar artmasın.Yeni hakimiyyətin 2-ci ili tamam olur, artıqixrac 800 milyon dollara qədər azalaraq 2.1 milyard dollara enib.

Saakaşvilihakimiyyətə gələndə Gürcüstanın büdcəsi cəmi 640 milyon dollar idi, gedəndə 4.2 milyard dollara yüksəlmişdi. Saakaşvilinin 10 illik hakimiyyətidövründə elə il olmadı ki, büdcə 150-200 milyon, bəzi illərdə 400 milyon dollar artmasın. Yeni hakimiyyətin 2-ci ili tamam olur, artıq büdcə 800 milyon dollara qədər azalaraq 3.4 milyard dollara enib. Hakimiyyətlərin dövri dəyişməsinin bir üstünlüyü də budur: cəmiyyət siyasi partiya və liderlərin gücünü, bacarığını görüb, seçimini edə bilir”.

İstisadçı onu da vurğulayıb ki, hazırki şəraitdə hökumət cəmiyyətə müsbət mesajlar verməlidir. Bu mesajlar isə quru sözlərdən yox, təcili anti-böhran planını elan etməkdən ibarət olmalıdır:

"Hökumət cəmiyyətə müsbət mesajları gömrük sisteminin mətbuat səhifələrində deyil, gerçək həyatda, hamının gözü qarısında islah etməklə, bir sıra gündəlik tələbat mallarına tətbiq olunan gömrük ödənişlərinə moratorium tətbiq etməklə, resursları hesabına valyuta bazarında valyuta təklifini dəstəkləməklə, təcili kreditlərin sığortası fondun yaradıb bank sektorunu manatla kredit ayırmalarına stimullaşdırmaqla, büdcənin sosial yükünə yenidən baxmaqla. Valyutaya təxirəsalınmaz tələblər var, heç olmazsa, onun gündəlik həcmi dəqiq hesablanıb banklar gündəlik olaraq həmin həcmi qarşılaya biləcək həcmdə valyuta kütləsi ilə təmin edilməlidir. Təbii, bankların valyuta satışını ciddi nəzarət və monitorinq altında saxlamaq şərtilə..."

Müsavat Partiyasının başqanı Arif Hacılı isə "Reytinq”ə deyib ki, Azərbaycanın indiki ağır duruma düşməsinə səbəb hakimiyyətin uzun illər apardığı yanlış siyasətdir. Onun sözlərinə görə, bu illər ərzində beynəlxalq birlikdən təcrid olunduq, Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyiş baş vermədi, indi də ağır iqtisadi böhranla üzləşdik:

"Bu vəziyyətdən çıxmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir. Müsavat böhrandan çıxış yolları barədə təkliflər paketini ictimaiyyətə təqdim edib. Biz vəziyyətdən çıxmaq üçün ciddi siyasi və iqtisadi islahatların həyata keçirilməsini tələb edirik. Buraya real yerli özünüidarəetmə, yerli və beynəlxalq ictimaiyyətin legitimliyini qəbul etdiyi Ali qanunvericilik orqanlarınının yaradılması, real hakimiyyət bölgüsü təklifləri də daxildir”.

Müsavat başqanı iddia edir ki, ölkədə xalqın iradəsi ilə formalaşan, müstəqil qanunverici orqan mövcud deyil. Ona görə də problemlerin həlli ilə bağlı ictimai diskussiyalar da yoxdur:

"Bu amili də nəzərə alaraq, Müsavat Partiyası ölkənin televiziya kanallarında böhrandan çıxış yolları mövzusunda debatların təşkil olunmasını tələb edir. Biz milli tehlükəsizliyimizə təhdid olan problemlərin həlli üçün müzakirələrin aparılması və bu problemlərin həlli üçün cəmiyyətin səfərbər olunması yolunda səylərimizi davam etdirəcəyik».

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə hesab edir ki, Milli Məclisimiz nəinki böhran dövrünün, ümumiyyətlə, heç bir dövrün parlamenti deyil. Onun qənaətincə, parlament xalqın iradəsi ilə formalaşmalıdır, əks təqdirdə həmin orqanın düzgün qərarlar verməsi mümkün olmaz:

«Bizim Milli Məclisdə bircə nəfər belə obyektiv, ədalətli seçki vasitəsilə deputat mandatı qazanmayıb. Bunu Avropa İnsan Haqları Məhkəməsi də təsdiq edir. Mandatı öğurlanaraq başqalarına satılan və ya bağışlanan 100-ə yaxın namizədimizin hüquqlarının pozulması məhkəmə tərəfindən təsdiqlənib. Ölkə sürətlə sosial-iqtisadi fəlakətə doğru sürüklənir. Belə bir vəziyyətdə parlament gecə-gündüz çalışmalı, alternativ anti-böhran proqramlarını müzakirə edərək çıxış yollarını göstərməlidir. Təbii ki, parlament xalqın ədalətli, azad seçkisi vasitəsilə formalaşsa, bu cür biabırçı vəziyyət müşahidə olunmazdı».

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə deyir ki, indiki Milli Məclisin tərkibini parlament adlandırmaq yanlışlıqdır. Onun sözlərinə görə, bu tərkib Azneft yaxınlığındakı "Ağ ev”də hazırlanmış siyahı üzrə müəyyən edilmiş məmur heyətidir:

«Ona görə də bu komandanı parlament adlandırmaq düzgün deyil. İcra hakimiyyətinin notariusu adlandırılsa, daha doğru olar. Bu baxımdan, Azərbaycanda siyasi-iqtisadi prosesləri , o cümlədən böhranı dəyərləndirən zaman bu heyətə klassik və nominal mənada yanaşma yanlış nəticələr verər. Ölkədə baş verən böhranı dəyərləndirən zaman yalnız iqtisadi kateqoriyalara söykənmək yanlışdır. Bütün sferalarda baş verənlərə görə məsuliyyət, bütün hakimiyyət qollarını uzurpasiya etmiş hakim elitanın üzərindədir. Əvvəla, ölkənin vəziyyətinə baxaq. Bu gün, danışılan nağılların illüziyası buxarlandıqdan sonra, məlum olur ki, "analoqu olmayan inkişaf” adı ilə bizə sırınan, əsatir və yalandan başqa bir şey deyilmiş. Sözlər deyil, rəqəmlər daha inandırıcı olur. Məlum olur ki, "Qafqazın lideri” adlandırılan Azərbaycan adambaşına olan istehsala və orta aylıq əmək haqqına görə 3 Qafqaz respublikası arasında axırdan birincidir. Dövlət büdcəmiz 16-cı il üçün keçən ilə nisbətdə dollar ekvivalentində 2.5 dəfə aşağı düşüb. Milli valyutamız ötən ilin son günlərinə qədər 10 ay ərzində 2 dəfə ucuzlaşıb. Neft amilinə söykənən iqtisadiyyatımız silkələnməkdədir. Bu il üçün büdcənin gəlir hissəsinin formalaşmasında həlledici pay sahibi olan neftin barreli 50 ABŞ $ ilə hesablansa da, neft ucuzlaşmaqdadır. Hakimiyyət iflic vəziyyətdədir, real dəyişikliklər etməkdənsə, ixtisar və dünyaya meydan oxumaqdan başqa heç nə ilə yadda qalmayıb. Büdcə təşkilatlarında 65 yaşına çatmış həkim və müəllimləri, orta və aşağı məmur təbəqəsini təqaüdə məhkumetmə siyasətinin müəllifi olan hakimiyyətin üst qatı və müəyyə etdiyi parlament tərkibi əsasən ahıllar evini xatırladır. Misal üçün, böhrana ölkəni düçar etmiş hökümətin rəhbəri, 80 haqlamış Rasizadə hələ görəv başındadır. Belə nümunələri çox çəkmək olar».

Partiya sədri onu da xüsusi qeyd edib ki, bütün deyilən və deyilməyən anormal durum gərgin beynəlxalq şəraitdə baş verir. Ə.Əlievin qənaətincə, Azərbaycan dövlət olaraq, iqtidar tərəfindən ABŞ kimi dünya nəhəngi ilə konfrontasiya fazasındadır:

«ABŞ konqresinin müzakirəsində növbəti ay üçün 2 qanun layihəsi var ki, bunlar özlərində bizə qarşı məhrumiyyət və sanksiyaları ehtiva edir. Fikrimcə, böhrandan çıxış üçün hakimiyyət təcili və təxirəsalınmaz tədbirlərə əl atmalıdır. Hökümət dərhal tam tərkibdə istefaya göndərilməli, böhran dövrü üçün çevik və kompakt hökümət heyəti formalaşdırılmalıdır. Ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün, daxili istehlakın idxaldan asılılığını azaltmaq üçün tədbirlər planı hazırlanmalı və icrasına dərhal başlanmalıdır. Daxili istehsalın yüksəldilməsi mənbələri tapılmalı, xüsusən daxili resurslar səfərbər edilməlidir. Bu sırada ölkədə oğurluq və digər qanunsuz yollarla mənimsənilmiş vəsaitlər üçün maliyyə amnistiyası elan edilməlidir. İllər uzunu korrupsiya yolu ilə qazanılmış vəsaitə dövlət təminatı verməklə, kapital saxlanclardan çıxarılmalı və daxili inkişafa yönəldilməlidir. İnhisarçılıq ləğv edilməli, bazar liberallaşdırılmalı, vəzifəli şəxslərin biznesə müdaxiləsi aradan qaldırılmalıdır. Ölkədaxili sabitliyin qorunmasına önəm verilməlidir. Sosial müdafiəsi aşağı olan təbəqənin mənafelərini qoruyan addımlar atılmalıdır. Büdcə qurumlarında çalışanların əmək haqları, müavinat və təqaüdlər indeksləşdirilməlidir. Əhalinin maraqlarının müdafiəsi üçün kommunal xərclər azaldılmalı, bütün növ xidmət və məhsulların kalkulyasiyasında yer alan nəqliyyat xərclərinin azaldılmasına qərar verilməli, yanacağın qiyməti endirilməlidir. Korrupsiya və məmur harınlığı ilə əməldə mübarizəyə başlanılmalıdır. Bu tədbirlər, görülməli olan geniş miqyaslı işlərin bir qismi, lakin həlledici və başlanğıc hissəsi ola bilər. Əgər hakimiyyət həqiqətən ölkəni böhrandan çıxarmaq fikrindədirsə, bunlarla yanaşı, dövlət daxilində siyasi konsensusa nail olmalı, milli barışa yol açmalıdır. Cəmiyyətin bütün sağlam potensialı bu işə səfərbər edilməlidir. YAP iqtidarının gördüyü işlərin nəticəsi göz qabağındadır. Bu səhvləri düzəltmək hamının vəzifəsinə çevrilməlidir».

 




676 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər