Nazir: “100 minlərlə insanın pensiya hüququ bərpa ediləcək”
Tarix: 27-11-2018 13:47 | Bölmə: İqtisadiyyat
Nazir: “100 minlərlə insanın pensiya hüququ bərpa ediləcək”

“Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə vacib məsələni əhatə edir”.

Bunu Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verən vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, əmək haqqının üzərinə düşən fiskal yükün azaldılması ilə bağlı təqdim edilən dəyişikliklər başlıca yer tutur.

“Məlum olduğu kimi qeyri-rəsmi əmək haqqı və qeyri-iş yerləri nəticəsində kölgə iqtisadiyyatında çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və əmək haqqı rəsmi müqavilədə göstərilmədikdə sosial sığorta haqları toplanılmır və ödənişlər fərdi pensiya hesabında əks olunmur. Bu isə işçiləri layiqli pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan təklif olunan islahatlarda 100 minlərlə insanın pensiya və sosial müdafiə hüquqlarının bərpa edilməsi nəzərdə tutulur”.

M. Cabbarovun sözlərinə görə, bəzi statistik rəqəmlərə nəzər saldıqda görərik ki, əhalinin pul gəlirlərinin cəminin 25 faizini əmək ödənişləri təşkil etdiyi halda, qonşu ölkələrdə bu, 40-65 faizə qədərdir: “Ona görə də biz xüsusi olaraq vurğulayırıq ki, əmək haqları var, sadəcə, “kölgədədir”. Biz bu tədbirlərlə onların “kölgədən” çıxarılmasını təmin etmək istəyirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}