17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Kredit borcu olanlar 5,4 milyard manat zərərlə üzləşib - İqtisadçı
Tarix: 02-03-2019 17:30 | Bölmə: İqtisadiyyat
Kredit borcu olanlar 5,4 milyard manat zərərlə üzləşib

“Xarici valyutada kredit borcu olanlara iki gecədə azı 5,4 milyard manat zərər vurulub. Bu qədər zərər qarşılığında dövlət başçısının Fərmanı ilə verilməsi nəzərdə tutulan kompensasiya yetərli sayıla bilməz”.

Reyting.az
-ın məlumatına görə, bunu iqtisadçı ekspert Nemət Əliyev bildirib.

Nemət Əliyev iki devalvasiyanın xarici valyuta ilə kredit borcu olanlara birbaşa vurduğu ziyanı da hesablamağa çalışıb:
“Birinci devalvasiyadan əvvəl xarici valyutada 6,4 milyard dollar həcmində kredit borcu olub (MB-nin 2015-ci il yanvar ayının sonuna olan məlumatı). Yəqin ki, o zaman 1 dolların məzənnəsinin 78 qəpik olmasını unutmamısınız. Bu məzənnə ilə 6,4 milyard dollar borca görə 5 milyard manat (6,4 X 0,78≈5,0) ödəmək lazım gəlirdi. Lakin 21.02.2015-ci il tarixdə həyata keçirilən birinci devalvasiya nəticəsində dolların məzənnəsi 1,05 manata qalxdı. Bu səbəbdən borc məbləği manatla ifadədə 6,7 milyarda (6,4 X 1,05≈6,7 manat) yüksəldi. Yəni, birinci devalvasiya nəticəsində dollarla kredit borcu olanların borc yükü 1,7 milyard manat və ya 34 faiz artdı; devalvasiyadan əvvəl 5 milyard manat, devalvasiyadan sonra 6,7 milyard manat.

Lakin hökumət bununla kifayətlənmədi. Növbəti 9 ayın tamamında, elə həmin ilin dekabr ayının 21-də ikinci və daha böyük devalvasiya tətbiq elədi və dolların məzənnəsini 1,05 manatdan 1,55 manata yüksəltdi. İkinci devalvasiyaya qədər bankların xarici valyuta ilə verdiyi kreditin məbləği 7,5 milyard dollar olub (MB-nin 2015-ci il noyabr ayının sonuna olan məlumatı). Əgər ikinci devalvasiyaya qədər borclular bu borca görə 7,9 milyard manat (7,5 X 1,05≈7,9) ödəmə etməliydilərsə, ikinci devalvasiyadan sonra həmin borca görə 11,6 milyard manat (7,5 X 1,55≈11,6) ödəmək məcburiyyəti yarandı. Bu dəfə borc yükü daha 3,7 milyard manat (11,6-7,9=3,7) və ya 47 faiz artdı”.

N. Əliyev qeyd edib ki, hökumətin iki gecədə tətbiq elədiyi iki devalvasiya xarici valyuta ilə kredit götürmüş borcluların borc yükünü 5,4 milyard manat (1,7+3,7=5,4) artırıb:

“Lakin borclulara dəyən zərər bununla bitmir. Buraya dollarla hesablanan faizlərin devalvasiya səbəbindən əmələ gələn artımını da əlavə etmək lazımdır. Çünki xarici valyuta ilə borcu olanlara ən böyük zərbələrdən biri də bu yandan dəyib. Bu hesabla, borclulara dəyən zərər 5,4 milyardın üzərindədir. Borc yükünün bu dərəcədə artmasının əhalinin müflisləşməsində xüsusi rolunu inkar eləmək mümkün deyil. Odur ki, dövlət başçısının Fərmanı ilə verilməsi nəzərdə tutulan kompensasiya məbləği müəyyən qədər yardım hesab olunsa da, borclulara vurulmuş zərərlə müqayisədə çox azdır. İki devalvasiya nəticəsində əhalinin banklarda manatla saxladığı əmanətlərin 2 milyard dollar həcmində dəyər itirməsini də bu müqayisədə nəzərə alsaq, o zaman arada yerlə göy qədər fərq yaranar (manat əmanətləri 1-ci devalvasiyadan əvvəl 4,3 milyard manat, 2-ci devalvasiyadan əvvəl 1,7 milyard manat olub)”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}