16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məhəmməd Talıblı:“Tarif Şurasının qərarı yoxsul qrupların əhatəsini genişləndirəcək”
Tarix: 30-11-2016 11:33 | Bölmə: İqtisadiyyat / Xəbərlər

"Tarif Şurasının izahatında mürəkkəb üslub özünü göstərir. Sadə formada təsəvvür etməmiz üçün situasiyanı aydınlaşdırmağa ehtiyac var”.

Reyting.az xəbər verir ki, bu fikirlər tanınmış iqtisadçı Məhəmməd Talıblıya məxsusdur.

M.Talıblı özünün FB səhifəsində Tarif Şurasının (TŞ) son qiymət artımına münasibət bildirərkən yazıb ki, "Azəriqaz”ın təklif etdiyi illik qaz istehlak sərfi 1500 kubmetr olan vətəndaşlar üçün hər kubmetri 10 qəpik səviyyəsində saxlanılıb. İllik 1500 kubmetrdən artıq olan istifadəçilər üçünsə bu rəqəm 20 qəpik səviyyəsində təyin edilib: "Böyük ehtimalla bu limiti əksər vətəndaşlar aşacaq. Çünki, əgər qışda 3 ay ərzində kombiniz işləsə, bununla 1500 kubmetri keçəcək. Manatla hesablasaq, cəmi 150 manatlıq qaz sərfiyyatından söhbət gedir. Bu limiti aşandan sonra isəhər kubmetri üçün 20 qəpikdən hesablanacaq. Bunun sayğac sistemində hesablanmasında mübahisələr istisna olunmur”.

İqtisadiyyatda bahalaşma tednesiyası güclənəcək

Elektrik enerjisi üzrə qiymət artımına da toxunan iqtisadçı qeyd edib ki, elektrik enerjisi üzrə aylıq sərfiyyatı 250 kvt olan əhali qrupları üçün hər kilovatı 7 qəpik, ondan artıq istehlakçı üçünsə 11 qəpiklə hesablanacaq: "Əgər 250 kilovat yox, 260 kilovat istehlak olunsa, 10 kilovat 11 qəpiklə hesablanacaq. Vəziyyətimiz belə olacaq. Bu artımlardan sonra digər təbii inhisarçı şirkətlər TŞ-ya müraciət edərək onların da tariflərinin artırılmasını istəyəcəklər. Deyək ki, su təminatını həyata keçirən "Azərsu” müraciətində göstərəcək ki, suyun çatdırılması zamanı enerjidən istifadə xərclərimiz artıb. Çünki, "Azərişıq” qeyri-əhali kateqoriyasına daxil olduğu üçün (7+4 artımla)11 qəpiklə elektrik enerjisini bizə satdığını əsas gətirib qiymətləri artırıb. Onların qiymət artımına uyğun olaraq biz gəlir və xərclərimizi optimallaşdıra bilmirik.

Bütün şirkətlərdə analoji müraciətlər qiymət artımı üçün əsas olacaq. Sonradan buna özəl sektor qarışacaq. İqtisadiyyatın özündə bir bahalaşma tednesiyası güclənəcək. Deməli, bu məntiqlə suyun, metropolitendə gediş haqlarının, təyyarə ilə uçuş qiymətlərinin, dəmiryolunda tariflərin də yüksələcəyi gözləniləndir. Çünki, təbii inhisarçı şirkətlərin qiymət artımları zəncirvari reaksiya prinsipinə görə müəyyənləşir. Deməli, TŞ-nın bu addımı son qiymət artımı olmayacaq”.

İstehlak bazarında qiymət artımı qaçılmaz olacaq

M.Talıblı əhalinin istehlak xərclərinin artacağını da bildirib: "Bu addım vətəndaşların kommunal ödənişlər üzrə xərclərini artıracaq və buna uyğun olaraq istehlak bazarında da qiymət artımlarına gətirib çıxaracaq. Bu isəhər bir vətəndaşın aylıq büdcəsində sırf yaşam üçün nəzərdə tutulan xərclərin xüsusi çəkisinin artmasına gətirib çıxaracaq. Onsuz da ölkədə ortalama olaraq vətəndaşlarımız aylıq gəlirlərinin 72,3 faizini yalnız ərzaq məhsullarına sərf edirdi. Bura artan kommunal xərclərini də əlavə etsək, onda təkcə bio-fizioloji ehtiyaclarının təmin edilməsinə bütün xərcləri ancaq ki, yetəcək. Bu, yoxsulluq dərinliyinə yuvarlanan sosial qrupların əhatəsini genişləndirəcək”.

Azərbaycan pulsuz aldığı qazı vətəndaşlarına yüksək qiymətlərlə satır

İqtisadçı qeyd edib ki, Azərbaycan neftlə bərabər səmt qazı da çıxarır və "Əsrin kontraktı” şərtlərinə görə onu Azərbaycan tərəfi bir qəpik ödəmədən alır. (2,5 milyard kubmetr). Olkədə isə əhalinin illik qaz tələbatı 2,8 milyard kubmetrdir: "Heç bir ödəniş etmədən alınan qazı öz vətəndaşımıza yüksəldilən qiymətlərlə satırıq. Amma Ermənistan təbii qazla bağlı 5 faiz (21 sent) endirim edib. O zaman bizim neft və qazla zəngin ölkə olmağın hansı üstünlüyü oldu?”

İnflyasiyanın ceyran sürəti, gəlirlərin tısbağa yerişi

Tarif Şurasının son qərarını bir sahədə baş verəcək qiymət artımı kimi xarakterizə etməyi doğru saymayan M.Talıblınin fikrincə, bu artımlar özü ilə bərabər inflyasiya "qatarını” da ümumi platformaya gətirəcək:

"İstehlak mallarının qiymətlərinin artması fonunda dövlət büdcəsindən faydalananlar üçün əslində effektiv sosial siyasət həyata keçirilməlidir. Əks halda onların gəlirlərinin sürəti inflyasiyanın ümumi tempindən geridə qalacaq”.

Dövlət büdcəsnin "yamağını” necə tutmalı?

İqtisadçı qeyd edib ki, 2017-ci ilin dövlət büdcə parametrləri asanlıqla növbəti ilin büdcə gözləntilərinin necə oxunmasının müjdəsini verir: "Növbəti ilin dövlət büdcəsində Neft Fondundan transfertlər azalır. Qeyri-neft sektrorundan məcburi qaydada daxilolmaları artırmaq üçün tədbirlər görüləcək. Xüsusilə vergi ödəyicilərinin vergi yüklərinin və vətəndaşlardan müxtəlif cür maliyyə cərimələrinin(sanksiyaların) artıırlması görüləcək əsas tədbirlər kimi nəzərdə tutulur. İri (təbii inhisarçı şirkətlər) vergi ödəyicilərinin dövlət büdcəsinə daha çox ödəmələr etməsi üçün onun vətəndaşlara satdıqları mal və göstərdikləri xidmətlərin tariflərini yüksəltməklə onu vətəndaşlar hesabına təmin etmək yolun tutdular. Bu əlavə olaraq sosial gərginliyi artıran amilə çevriləcək”.

Antiböhranlı idarəetmənin absurdu

Olkədə böhranın əksər sahələri "vurduğu” ğöz önündədir. Talıblının fikrincə, antiböhran addımları kimi yeni strukturlar yaradılır. Halbuki, bu vəziyyətdə iqtisadiyyatı pulla təmin etmək üçün sahibkarlar ordusu üçün əlverişli investisiya iqliminin yaradılması daha vacibdir: "İqtisadiyyatın mühərriki olan sahibkarlar üçün əlverişli şərait yaradaraq onların vergi ödəmək imkanlarını artırmaq əvəzinə, onların istehsal etdikləri mal və xidmətlərin qiymətlərinin artımını şərtləndirən baza qiymətlərində (kommunal ödənişlər) artımlar edilir. Cənablar, antiböhran elementləri sırasında dövlətin nəzarətində olan mal və xidmətlərdə tariflər artırılmır, azaldılır. Siz isə əksini edirsiniz! Əslində bu addım iqtisadiyyatın bahalaşması üçün ciddi plastarm formalaşdırır. Bu zaman özəl sektorun istehsal etdiyi malların qiymətləri artacaq ki, bu da onun satış həcminin azalması ilə müşahidə olunacaq. Çünki, əhali gəlirlərinin artmaması fonunda qiymət artımına gedilir. Digər tərəfdən, həm də dövlət büdcəsinə əlavə olaraq vergi ödənişlərinin azalmasına gətirib çıxaracaq. Ola bilsin ki, istehlakçılar hesabına qiymət artımından təbii inhisarçı şirkətlər qazanacaq, amma onların satdıqları mal vəxidmətləri alan sahibkarlıq subyektləri (qeyri-əhali qrupları) özlərinin istehsal etdikləri məhsulların bazarda azalan azsaylı müştəriləri ilə rastlaşacaqlar. Bu isə iqtisadiyyatın hərarətlənməsini xeyli aşağı salacaq”.





Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}