Ölkəmizdə avtomobillər və onların ehtiyat hissələri bahalaşıb - Siyahı
Tarix: 06-12-2016 13:15 | Bölmə: İqtisadiyyat

Dolların bahalaşmaqda davam etməsi avtomobil bazarında son bir ayda yenidən durğunluq yaradıb.

Reyting.az-ın məlumatına görə, avtomobil satıcıları fins.az-a bildiriblər ki, bir ay əvvəl az da olsa, bazarda maşın satışı olub. Məzənnə artımı ilə valyuta bazarında yaranan gərginlik yenidən avtomobil bazarına təsir göstərib. Nəticədə bazarda satışların tamamilə dayanmasına baxmayaraq qiymətlər də artır. İkinci əl avtomobillərin qiyməti oktyabr ayının sonundan etibarən 15-20 faiz bahalaşıb.

Bazara çıxarılan maşınlar azalıb

Badamdar avtomobil bazarından satıcı Aley Şamilov bildirib ki, hazırda avtomobil satışında tamamilə səssizlikdir: "Avtomobil satışı şənbə və bazar günləri təşkil edilirdi. İndi yalnız bazar günləri satış olur”.

O bildirib ki, satışların dayanması bazara çıxarılan avtomobillərində sayının 2 dəfəyə yaxın azalmasına səbəb olub. Əvvəl bir gündə bazara 1500-2000 maşın çıxarılırdı. İndi bazarda 700-800 avtomobil olanda bu, böyük rəqəm hesab edilir.

Nağd pulu olanlar gözləyir, kreditləalmaq isəmümkün deyil

Satıcının sözlərinə görə, durğunluğun əsas səbəbi dolların məzənnəsinin sabit olmaması və avtokreditlərin dayanmasıdır. Belə vəziyyətdə nağd pulu olan müştərilər gözləmə vəziyyətində qalırlar. Nağd pulu olmayan, kreditlə avtomobil almaq istəyən alıcı kütləsi üçünsə əlverişli şərait yoxdur.

1500-2500 manat bahalaşma var

A.Şamilov bildirib ki, satışların dayanmasına rəğmən dolların bahalaşmaqda davam etməsi qiymətlərə də təsir göstərib. Ən çox satılan köhnə avtomobillər 300-6000 manat arasında bahalaşıb. 1998-2000-ci illərə aid "Mercedes C Class” modelləri 6-7 min manatdan 8 min -8500 manata kimi bahalaşıb. 2000-2002-ci il model "Mercedes E Class”lar isə 8-9 min manatdan 11 000-11 500 manata kimi bahalaşıb.

Satıcı bildirib ki, "Hyundai” və "Kia” markalarına aid ikinci əl avtomobillər 2 min manat həcmində bahalaşıb. Əvvəl 7-8 min manata satılan 2.4 l mühərrikli "Hyundai Sonata” indi 9-10 min manata təklif edilir. 2010-2013-cü il "KİA Rio” model avtomobilləri isə 8-9 min manatdan 10-11 min manata kimi bahalaşıb.

"Chevrolet Aveo” avtomobillərində 1500-2500 manat qiymət artımı var. Onlar 11-12 min manatdan 13 500 manata kimi bahalaşıb.

"Toyota Prado”lar 6 min manat bahalaşıb

Qiymət artımı digər ikinci əl modellərdə də müşahidə edilir. Məsələn, 2008-ci il model "Toyota Prado”lar 18-20 min manatdan 24-25 min manata kimi qalxıb.

Köhnə "Lada” və "Opel”lər də bahalaşmaqda davam edir. Rusiya istehsalı olan maşınlar 700-1000 manata kimi bahalaşıb.

Satıcı deyib ki, əvvəl 4200-4300 manata olan "Lada 21012” maşınları indi 5000-5200 manata təklif edilir. 2001-2002-ci il model "Opel Astra”lar 5000 manatdan 5800-6000 manata kimi, "Vectra” avtomobilləri isə 3000-4500 manatdan 4500-5500 manata kimi bahalaşıb.

Satıcı bildirir ki, qiymət artımını baxmayaraq real alıcıya avtomobil köhnə qiyməti ilə satılır.

Ehtiyat hissələri də bahalaşır

Dolların bahalaşmaqda davam etməsi avtomobillərin ehtiyat hissələrinin qiymətlərinə də təsirsiz ötüşməyib.

Avtomobil ekspertləri və ehtiyat hissələri satıcıları bildiriblər ki, kəskin məzənnə fərqi xaricdən dollarla gətirilən avtomobil ehtiyat hissələrinin qiymətlərinə xeyli təsir edib. Ehtiyat hissələri 40 faizdən 2 dəfəyə qədər bahalaşıb.

Avtomobillərin və ehtiyat hissələrinin satışı ilə məşğul olan Aley Şamilov bildirib ki, may ayında dolların məzənnəsi 1.49 dollar idisə, daha sonra 1.63-1.64 manata yüksəldi. Hazırda isə 1.73 manat təşkil edir. Satıcının sözlərinə görə, sentyabr ayında dolların bahalaşması iləyaranan ajiotaj qiymətlərin daha da artmasına təsir edib.

Amartizatorlar 75-80% bahalaşıb

Nəticədə mühərrik yağından tutmuş ən iri detallara qədər bütün avtomobil avadanlıqları bahalaşıb. Məsələn, amartizatorların qiymətləri 75-80 faiz arasında artıb. Əvvəl 1998-2000-ci illərə aid "Mercedes C Class” modellərinə aid ön amartizatorlar 50 manat idisə, indi 90 manata kimi qiymət artımı var. Avtomobilin arxa amartizatorlarının qiyməti isə 40 manatdan 70 manata yüksəlib.

30 manatlıq əyləc qəlibi indi 40 manata satılır

Daha çox istifadə edilən detallar arasında əyləc qəlibləri 33-40 faiz bahalaşıb. 25-30 manatlıq ön qəliblər 35-40 manata, arxa qəliblərin qiymətləri isə 20-25 manatdan 30-35 manata qədər artıb.

"Tiyaqa rezin”ində2 dəfə qiymət artımı

Satıcıların sözlərinə görə, ən böyük artım "tiyaqa rezin”lərindədir. Bu detallar 2 dəfəyə yaxın bahalaşıb. Bir ay əvvəl 7 manata satılan detal indi 12-14 manata təklif edilir.

Mühərrik yağlarında 40% bahalaşma

Qiymət fərqi daha çox istifadə edilən mühərrik yağlarında da hiss edilir. A.Şamilov deyir ki, əvvəl 30-32 manata satılan 5 litrlik mühərrik yağını indi almaq 45 manata başa gəlir. Bu isə 40 faiz bahalaşma deməkdir.

3 manatlıq yağ filtri 6 manata satılır

Filtrlərin qiyməti isə 70-80 faizdən 2 dəfəyə qədər artıb. Yağ filtirləri 3 manatdan 6 manata, hava filtirləri isə10 manatdan 17-18 manata kimi bahalaşıb.

A.Şamilov bildirib ki, sadalanan qiymət artımı daha çox istifadə edilən avtomobillər üzrə göstərilib. Yeni və nisbətən bahalı avtomobillərdə qiymət artımı daha çoxdur.





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}