İqtisadi böhran gələn il də davam edəcək - Ekspert rəyləri
Tarix: 30-12-2016 14:56 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Dünya bazarında neftin qiymətinin düşməsi, ard-arda iki devalvasiyanın baş verməsi Azərbaycan iqtisadiyyatına ciddi zərbə vurub. Bitməkdə olan 2016- il ərzində ölkə iqtisadiyyatındakı ciddi problemlər böhranı daha da dərinləşdirib.

2016-cı ilin yekunları barədə araşdırma apararkən o qənaətə gəlmək olur ki, vəziyyət müsbətə deyil, məfniyə doğru dəyişir. 


İqtisadçı-alim Qubad İbadoğlu məsələni şərh edərkən deyib ki, il ərzində iqtisadi məsələlər həm hökumətin, həm də vətəndaşın gündəliyində əsas məsələ olsa da, başlıca problemlər həll edilmədən növbəti ilə ötürülür. Q.İbadoğlunun sözlərinə görə, pozitiv iqtisadi gözləntilər özünü doğrultmayıb, il nəinki dönüş, heç keçid ili də ola bilməyib:

"Səmərəsiz və uzun müzakirələrlə, imkanları vaxtında dəyərləndirməməklə böhrandan çıxış şansı itirildi. İqtisadi böhran həm üfüqi, həm də şaquli istiqamətdə dərinləşdi. İlin sonunda böhrana məruz qalan sektorların siyahısına sənaye də qoşuldu, kənd təsərrüfatında artım tempi aşağı düşdü.

2016-cı il son 5 ildə qeyri-neft ixracatının potensialından ən az istifadə olunan, son 10 ildə ən kiçik dövlət büdcəsi formalaşdırılan il kimi tarixdə qalır. Bu il xüsusilə istehlakçılar üçün gərgin keçdi".

Q.İbadoğlunun fikrincə, il ərzində müşahidə olunan davamlı devalvasiyaya görə onsuz da çox olmayan gəlirləri dəyərsizləşən orta və aşağı ranqlı məmurlar, müəllimlər, həkimlər, mədəniyyət, idman, KİV işçiləri, cüzi gəlirlərə malik pensiyaçılar ikirəqəmli inflyasiyanın yaratdığı əlavə xərclərin əsirinə çevriliblər: "Onların qazancları ehtiyaclarını minimum səviyyədə ödəməyə güclə çatdı. Əlli mindən çox iş yerinin ixtisarı ilə yaranan işsizlik və istehlak xərclərinin çoxalması ilə genişlənən borclanma 2016-cı il böhranının ən böyük sosial fəsadları sayıla bilər. Xüsusilə də iş yerini itirənlər yüksək inflyasiyanın yaratdığı əlavə xərclərin altında əzilərək qara günlər yaşadılar".

Ekspertin qənaətincə, il islahatların imitasiyası ilə keçib. Sistemsiz və ziddiyyətli idarəetmə qərarları, fərman və sərəncamlar yalnız islahat görüntüsü yaratmağa xidmət edib. Nəticədə 2016-cı il nəinki islahatlar, heç islahatlara start ili kimi də yadda qalmayıb: "Noyabrda Tarif Şurasının elektrik enerjisinin və təbii qazın tariflərini artırması əsaslandırılmayan, bazar tələblərini, alıcılıq qabiliyyətini və sosial vəziyyəti nəzərə almadan verilən qərar kimi ilin ən uğursuz qərarı oldu".

Q.İbadoğlu hesab edir ki, ilin ən çox əzilən təbəqəsi sahibkarlar olub. Onlar yalnız böhranın deyil, həm də haqsız müdaxilənin və əsassız cərimələrin məngənəsində sıxılıblar. İl ərzində dövlətin ən aciz siyasəti isə kapitala nəzarətlə bağlı olub: "Ölkədən çıxarılan kapitalın qarşısını almağa yönələn məhdudlaşdırıcı tədbirlərə baxmayaraq Azərbaycandan xaricə külli miqdarda kapital çıxarıldı".

 

Sabiq maliyyə naziri Fikrət Yusifov isə 2016-cı ilin nəticələrini analiz edərkən bildirib ki, yola salmağa hazırlaşdığımız il iqtisadi geriləmələrlə başa çatır. Onunqənaətincə, 2005-ci ildən sonra ilk dəfə olaraq iqtisadiyyatımızda real geriləmələr baş verib:

"Yaranmış vəziyyətin bizdən aslı olmayan obyektiv səbəbləri ortadadır. Ümumi Daxili Məhsulun ABŞ dolları ilə ifadədə 2007-ci ilin səviyyəsinə düşməsi, yəni onun 2,2 dəfə azalaraq 2014-cü ildəki 75,2 milyard dollardan 33,6 milyard dollara enməsi ilk növbədə dünya bazarlarında neftin qiymətlərinin kəskin azalması ilə bağlıdır. Ölkədə postneft dövrünə hazırlıqlar tam başa çatmamış neftin qiymətlərinin birdən-birə 3-4 dəfə aşağı düşməsi ciddi fəsadlar yaratdı. Yaranmış vəziyyətdə daha ciddi problemlər ölkənin bank sistemində baş verdi. 2015-ci ildə milli valyutanın iki kəskin devalvasiyası və son devalvasiyadan keçən bir il ərzində onun əlavə olaraq 20 faizə qədər dəyər itirməsi, bank sektorunu ağır bir duruma saldı və bunun nəticəsi olaraq 11 bank öz fəaliyyətini dayandırmalı oldu".

Sabiq nazir, ölkəyə böyük neft pulları daxil olduğu dönəmdə Mərkəzi Bankın apardığı pul-kredit siyasətindəki yanlışlıqların ümumi mənzərəsinə də diqqət çəkib:

"Bu günə bütün səviyyədən olan depozitlərin 75,5 faizi, əhalinin əmanətlərinin 81,0 faizi, kreditlərin 46,2 faizi xarici valyutadadır. 2014-cü ilin son ayları ilə müqayisədə cari ilin sonlarında əhalinin banklardakı manatla olan əmanətləri 3,2 dəfə azalıb, xarici valyutada olan əmanətlər isə 2,3 dəfə artıb".

F.Yusifov hesab edir ki, pulkredit sisteminin bu səviyyədə dollarlaşması ölkənin bütün maliyyə sistemini xarici valyutadan asılı vəziyyətə salıb. Onun sözlərinə görə, bütün səylərə baxmayaraq, bu gün manata inam çox aşağı səviyyədədir. Manat praktik olaraq hər gün dəyər itirir:

"Bir aydan çoxdur ki, banklar əlbir olub rəsmi valyuta satışını dayandırmaqla bu inamın bir qədər də azalmasına xidmət ediblər. Yaranmış vəziyyətdə bank sistemində adi islahatlar deyil, inqilabi dönüş edə biləcək kəskin addımlar atmaq lazımdır. Ќövbəti ildə islahatların önündə bank sektorunun əsaslı şəkildə yenidən qurulması dayanmalıdır. Bir sözlə, bütün səylər ilk növbədə milli valyutanın sabitliyinin bərpa olunmasına yönəlməlidir. Sabit milli valyuta sabit maliyyə durumu deməkdir. Sabit maliyyə durumu olan yerdə isə investisiyaların davamlı axını mütləq baş verəcəkdir".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}