“Şahdəniz”də qaz hasilatı artıb - “BP-Azerbaijan"
Tarix: 21-02-2017 15:36 | Bölmə: İqtisadiyyat

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağından 2016-cı ildə 10,7 mlrd. standart kubmetr qaz və 2,5 mln. ton (təqribən 20 mln. barel) kondensat hasil edilib.

Reyting.az saytı "Report”a istinadla xəbər verir ki, bu barədə yatağın operatoru olan "BP-Azerbaijan” şirkətindən bildirilib.

Hesabat ilində "Şahdəniz” yatağından qaz hasilatı 2015-ci ilə nisbətən 8%, kondensat hasilatı isə 8,7% artıb.

Qeyd edilib ki, il ərzində yataq Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkəti), Türkiyə (BOTAŞ şirkəti) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.

Mövcud "Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) standart kubmetrdir.

Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

 


 





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}