17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ekspert: “Rəqabətə imkan verilsə, kərə yağının qiyməti 10-11 manat olar”
Tarix: 09-10-2017 13:48 | Bölmə: İqtisadiyyat
Ekspert: “Rəqabətə imkan verilsə, kərə yağının qiyməti 10-11 manat olar”

Son günlər ölkədə kərə yağının kəskin bahalaşmasına rəsmi qurumlar reaksiya verib.

ReAL Hərəkatının icra katibi, iqtisadçı -ekspert Natiq Cəfərli isə Reyting.az-a deyib ki, kərə yağının qiyməti ilə bağlı ilk dəfədir ki, idxalla məşğul olan şirkətlər və Gömrük Komitəsi ardıcıl açıqlamalar verirlər.

N.Cəfərli bildirib ki, Gömrük Komitəsinin açıqladığı rəqəmlərdə uyğunsuzluq var:

“Gömrük Komitəsi elan etdi ki, yağın idxal qiyməti sentyabrda 5,20 dollar olub. Gəlin hesablayaq. 5,20 dollar - 8,84 manat, 15% idxal rüsumu (yeri gəlmişkən, hər hansı dövlət öz əhalisini hər hansı məhsul ilə daxili istehsal hesabına təmin edə bilmirsə, həmin məhsula maksimum idxal vergisi qoymaq absurddur) - 1,32 manat, 18% ƏDV (yeri gəlmişkən, ölkədə ƏDV dolayı vergi növü olaraq sonda əhalinin cibindən çıxır, şirkətlər bu yükü də əhalinin üzərinə qoymağa məcbur olur) - 1,83 manat (Gömrük 15% rüsumu qiymətə əlavə etdikdən sonra 18% hesablayır), cəmi - 11,99 manat edir”.

İqtisadçı-ekspertin sözlərinə görə, logistika və yol xərclərini də lavə etdikdə hər kq. yağa heç 0,50 dolları keçmir, daha aşağı olur:

“Məsələn, Poti limanından Bakıya 25000 kq. yük gətirən soyuducu maşın cəmi 2500 dollar istəyir, yəni hər kiloya 10 sent, Potiyə qədər isə Avstraliyadan gələn gəmiyə hər kq-ya, maksimum, 0,40 dollar ödənilir, çünki yükün həcmi artdıqca daşınma xərci ucuzlaşır. Deməli, logistika 0,50 dollar - 85 qəpik. Ümumi xərclər - 12,84 manat. Satışda isə Avropa, Avstraliya və Yeni Zelandiyadan gətirilən yağ 18-19-20 manat arasıdır”.

Ekspert nəzərə çatdırıb ki, idxalçı öz, pərakəndə satış edən də öz qazancını qiymətə əlavə etsə, qiymət 15-16 manatı keçməz, yəni, rəqabətli mühit olsa, keçməməlidir.

“Potidən bir maşın yağ alıb bütün xərclərdən sonra (12,84 manat) üzərinə hər kiloya lap 1,5 manat qoysan, 37,5 min manat qazanc edir. Belə qazanc harada var ki?! Pərakəndə satış edənlər lap az qoyur, lap 50 qəpik də onlar artırsalar, yenə də qiymət 16 manat civarında sabitləşər”.

N.Cəfərli qeyd edib ki, sağ-mərkəzçi, azad bazar, tələb-təklif qaydalarına inanan bir şəxs kimi, dövlətin qiymətlərə hər hansı müdaxiləsinin əleyhinədir:

“Amma dövlət ədalətli hakim olmalı, əlində olan vergi və rüsum kimi alətlərdən ağılla istifadə etməli, normal rəqabətli mühit yaratmalıdır”.

Müsahibimiz bildirib ki, dövlət gömrük rüsumunu 15%-dən 5%-ə endirsə, kərə yağına ƏDV-ni dünyada qiymət enənə qədər (ilkin olaraq 6 aylıq) ləğv etsə, qiymətlər 30% ucuzlaşar: “Hələ rəqabətli mühit yaratsa, kərə yağının qiyməti 10-11 manat olar. Necə ki, Gürcüstanda indi elədir, orada hökumət nə etməlidirsə, onu edir”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}