BTQ Azərbaycana yeni imkanlar yaradacaq
Tarix: 05-11-2017 14:48 | Bölmə: İqtisadiyyat
BTQ Azərbaycana yeni imkanlar yaradacaq

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak erdilər.

Bu layihə böyük önəm daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolundan Çin, Qazaxıstan, digər Orta Asiya ölkələri, Avropa ölkələri istifadə edəcək. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan başlayaraq Rusiyaya qədər ölkələri birləşdirəcək.

Onu da vurğulayaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu qlobal layihədir. Ölkə başçısının da dediyi kimi, bu yoldan biz böyük vəsait əldə edəcəyik.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı həm Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında, həm də qlobal miqyasda mühüm tarixi hadisəyə çevrilib:

"Əksər ekspertlərin rəyinə əsasən, BTQ Avropa və Asiya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi, region ölkələrinin iqtisadi inkişafı və onların dünyada geosiyasi nüfuzunun artmasına güclü təkan verməklə yanaşı, həm də və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz prezident İlham Əliyevin Azərbaycanın zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi, Qərblə Şərqi birləşdirən nəqliyyat-kommunikasiya imkanları və digər geosiyasi üstünlüklərinin milli maraqlara uyğun şəkildə istifadəsi istiqamətində apardığı məqsədyönlü siyasət ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu əsaslı şəkildə möhkəmləndirdi”.

Ə.Həsənov qeyd edib ki, BTQ dəmir yolunun istifadəyə verilməsi ölkələrarası nəqliyyat əlaqələrini daha da gücləndirəcək, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunması üçün geniş geoiqtisadi imkanlar yaradacaq: “Şübhəsiz, bu transmilli nəqliyyat marşrutu müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında özünəməxsus yer tutacaq”.

Sabiq nazir, iqtisadçı-ekspert Fikrət Yusifov
isə BTQ-ni Azərbaycanın son illər ərazində regionda reallaşdırdığı ən böyük transmilli layihələrdən biri sayır: “Bu layihənin reallaşdırılması 10 il müddətində baş tutdu. BTQ Azərbaycana təkcə iqtisadi dividentlər deyil, həm də siyasi dividentlər gətirəcək. Bu dəmiryol xətti qədim İpək yolunun orta xəttinin bərpasıdır. Bu o deməkdir ki, Azərbaycan üzərindən Şərqdən Qərbə, Cənubdan Qərbə tonlarla yük daşınacaq. Nəticədə ölkəmizə böyük iqtisadi gəlirlər gələcək, yüzmilyonlarla valyuta əldə ediləcək. Azərbaycan regionun ən böyük tranzit yükdaşımaları dəhlizinə çevriləcək. Bizim digər bir uğurumuz isə odur ki, Ermənistan son illər regionda reallaşan bütün qlobal transmilli layihələrdən kənarda qalıb. Bu ölkə Dağlıq Qarabağda yaratdığı konfliktlə özünü həmin layihələrdən məhrum edib və yüz milyonlarla vəsaitdən məhrum olub”.

BTQ-nin uğurla başa çatmasının çox önəmli olduğunu deyən sabiq nazir qeyd edib ki, məsələnin daha mühüm tərəfi yeni açılmış dəmiryol xətti ilə yükdaşımaların tarifləridir: “Bu gün bölgədə tranzit yükdaşımaları sahəsində ciddi rəqabət var. Bu şəraitdə tariflərin müəyyənləşməsi mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının sərəncamı ilə bu məsələ də “Bir pəncərə” sistemi ilə həllini tapacaq. BTQ-nin reallaşması gələcəkdə Naxçıvanla dəmir yolu əlaqələrinin yaranması deməkdir. İllərdir ki, Naxçıvan blokada şəraitində yaşayır. Bu dəmir yolu xəttinin açılması həmin blokadanın da müəyyən mənada aradan qaldırılması demək olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, layihənin siyasi əhəmiyyəti də iqtisadi əhəmiyyəti qədər böyükdür:

“Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin iqtisadi əhəmiyyəti haqqında çox danışılıb. Siyasi əhəmiyyəti də iqtisadi əhəmiyyəti qədər böyükdür.

Birincisi, bu layihə ilə Azərbaycanın bölgədə statusu artır. Çünki Çindən çıxan mallar Azərbayan üzərindən keçməklə Avropaya, Böyük Britaniyaya qədər məsafə qət edəcək. Azərbaycan İpək yolu layihəsinin tərkib hissəsinə çevrilir. Bu, ölkəmizin siyasi statusunu da artırır. Layihənin digər siyasi əhəmiyyəti odur ki, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirəcəklər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti - 3 dövləti birləşdirən strateji layihələrdir. Yaxın gələcəkdə buna TAP və TANAP da əlavə olunacaq”.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}