İqtisadiyyatın inkişaf yolu müəyyənləşib
Tarix: 28-11-2017 11:25 | Bölmə: İqtisadiyyat
İqtisadiyyatın inkişaf yolu müəyyənləşib

Son illər neft gəlirlərinin azalması və manatın kəskin devalvasiyası ölkəmizdə ciddi problemlərə yol açdı.

Hazırda dövlət iqtisadi sabitliyi qorumaq üçün ciddi tədbirlər həyata keçirir. Bunun üçün strateji layihələrin reallaşdırılmasına şərait yaradılır. Bu baxımdan, Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ni uzunmüddətli, dayanıqlı iqtisadi artım şəraitinə doğru “ötürücü mexanizm” rolunu oynayan ən mühüm sənəd kimi xarakterizə etmək olar.

“Strateji Yol Xəritəsi”ni şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, yaxın illərdə ölkə iqtisadiyyatında ciddi dəyişikliklər baş verəcək. Onun qənaətincə, “Srtateji Yol Xəritəsi”ndə qısa (2020-ci ilədək) və ortamüddətli dönəm (2025-ci ilədək) üçün bu modellərin kombinasiyası verilib: “Amma xəritədə göstərilən 2025-ci ildən sonraya strateji baxış innovasiya əsaslı modelə keçidi nəzərdə tutur. Müqayisə aparsaq, qısa və ortamüddətli dönəmdə bizim model daha çox Malaziya modelinə bənzəyəcək, hərçənd bu, özümüzə məxsus modeldir. 2025-ci ildən sonrakı perspektivdə isə bu, daha çox İsrail, Cənubi Koreya, Sinqapur modellərinə oxşar olacaq.

Niyə biz proqram yox, strategiya qəbul etdik? Proqram, adətən, bir modelin tərkibində hansısa məqsədə çamaq üçün həyata keçirilir. Əgər biz resursa əsaslanan modeldən məhsuldarlığa dayanan modelə keçiriksə, artıq bu bir proqram çərçivəsinə sığışmır. Bunu nəzərə alaraq cənab Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli Sərəncamı ilə “Strateji Yol Xəritəsi”nin əsas istiqamətlər üzrə tərtibi həyata keçirildi”.

Maraqlıdır, yol xəritəsində kiçik və orta sahibkarlığın lazımi dərəcədə inkişafı üçün daha hansı islahatlar təklif olunur?

V.Qasımlının sözlərinə görə, “Strateji Yol Xəritəsi”nin istiqamətlərindən biri də məhz bu sahəni əhatə edir və burada bir neçə məqam xüsusi vurğulanıb. “Bu gün Azərbaycanda kiçik və orta sahibkarlıqla məşğul olan bir neçə qurum var ki, onların effektiv koordinasiyası təmin olunmalıdır.

O ki qaldı hazırda aktual olan inhisarçılıq və rəqabət məsələlərinə, onlar çox qısa müddətdə Rəqabət Məcəlləsinin qəbulu ilə öz həllini tapacaq. Həmçinin, “üzən məzənnə”yə keçid biznes üçün maliyyə resurslarına çıxışı asanlaşdıracaq. İndi banklarda bir «risk antipatiyası» mövcuddur ki, bu da qarşı tərəfə etimadın aşağı səviyyədə olmasından irəli gəlir. Amma qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional məsələnin həlli ilə bu maneələrin aradan qaldırılması mümkündür. Həmçinin, “Strateji Yol Xəritəsi” çərçivəsində kreditlərin sığortalanması mexanizmi də nəzərdə tutulub”,- deyə mərkəz direktoru əlavə edib.

İqtisad elmləri doktoru Müslüm İbrahimov isə yol xəritəsinin aqrar sahənin inkişafına doğru cızdığı yoldan danışıb. Ekspert qeyd edib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” aqrar sektorun inkişafında mühüm rol oynayacaq. Sənəd kənd təsərrüfatının inkişafı ilə bağlı həm orta, həm də uzunmüddətli dövrdə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olduğunu göstərir:

“Kənd təsərrüfatı məhsulları istehsalının davamlılığına təsir edən amillər əsasında yol xəritəsinin əsas prinsipləri müəyyənləşdirilib. Başlıca prinsip ölkənin aqrar sektorunun mövcud istehsal imkanlarına və daxili ərzaq bazarının tələbatına uyğun olaraq, strateji planın hazırlanmasıdır. Bunun reallaşması üçün sabit istehsal dinamikasının yüksəlməsi nəticəsində əhalinin ərzaqla təminatında daxili imkanlardan maksimum faydalanmaq prioritet hesab olunur. İlk növbədə, xarici ölkələrdən ərzaq asılılığının mümkün qədər azaldılması nəzərdə tutulur”.

M.İbrahimov deyib ki, növbəti prinsip müasir texnologiyalardan yetərincə yararlanmaq, onları istehsal prosesində fəal şəkildə tətbiq etməkdir: “Bu zaman əsas diqqət məhsuldarlığın artırılmasına, il ərzində azı iki dəfə məhsul götürülməsinə, ərzaq məhsullarının istehsalında daha dərin emal prosesinin qurulmasına yönəldilməlidir. Yerli istehsalın stimullaşdırılması sahəsində ixrac potensialının artması planlaşdırılır”.

M.İbrahimov qeyd edib ki, yerli istehsalın stimullaşdırılması daxili bazarın tələbatının daha dolğun ödənilməsinə, kənd təsərrüfatı istehsalının canlandırılmasına, nəticə etibarilə istehsal və istehlak maraqları əsasında bütöv texnoloji və istehsal tsiklə malik iri təsərrüfatların meydana gəlməsinə zəmin yaradacaq.

M.İbrahimov vurğulayıb ki, “Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilən hədəflərə nail olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 2020-ci ildə real ümumi daxili məhsulun birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə, 1235 milyon manat artacağı və təxminən 20 min yeni iş yerinin yaradılacağı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}