İcra başçılarının kəndlilərdən pambıq əkmək tələbi aqrar sektordakı tənəzzülü dərinləşdirir – Ekspert
Tarix: 04-03-2018 13:20 | Bölmə: İqtisadiyyat
İcra başçılarının kəndlilərdən pambıq əkmək tələbi aqrar sektordakı tənəzzülü dərinləşdirir

Son illərdə dövlət büdcəsindən aqrar sahənin inkişafına yüz milyonlarla manat vəsait ayrılsa da, bu sektorda ciddi irəliləyiş yoxdur. Əksinə, bəzən kənd təsərrüfatında geriləmələrin şahidi oluruq.

Reyting.az
-ın məlumatına görə, bu ilin yanvar ayında əvvəlki illərlə müqayisədə ərzaq malları və kənd təsərrüfatı məhsullarının idxalı dəfələrlə artıb. Buğda idxalı - 2 dəfədən çox, ət - 50 faiz, kəsim üçün nəzərdə tutulan ətlik diri heyvanlar - 2,4 dəfə, süd - 2,5 dəfədən çox, çay - 50 faiz, bitki və heyvan mənşəli piylər və yağlar isə 4 dəfədən çox artıb.

Qeyd edək ki, digər ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalında da kəskin artım var. Bu azmış kimi çay ixracı 47 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 2,3 dəfə, şəkər ixracı isə 2,7 dəfə azalıb.

Amma belə bir məqamda ərzaq təhlükəsizliyinin təmin oluması ilə deyil, pambıqçılığın inkişafı yönündə tələblər artırılır. Hökumət nümayəndələri, eləcə də yerli icra hakimiyyətiləri pambıq əkməyi kəndlilər üçün məcburiyyətə çevirib.

İcra başçılarının kəndlilərdən pambıq əkmək tələbi aqrar sektordakı tənəzzülü dərinləşdirir

İqtisadçı ekspert Rövşan Ağayev hesab edir ki, yerli icra orqanlarının vətəndaşları öz şəxsi mülkiyyətində olan torpaqlarında pambıq əkməyə məcbur etməsi narahatlıq doğuran məsələdir. Onun qənaətincə, bu addım insan haqqı məsələsidir və vətəndaşı özü istəməyi hansısa bir işə məcbur etmək insan hüquqlarının pozulmasıdır:

“İkincisi, bu mülkiyyət hüququnun pozulmasıdır. İnsanlar öz şəxsi mülkiyyətindən necə istifadə etmələrinə yalnız özləri qərar verə bilərlər”.

Amma burda maraqlı olan başqa məsələlər də var. Rövşan Ağayev bildirib ki, kənd təsərrüfatına yararlı torpaqların cəmi 25 faizi pay torpaqları formasında vətəndaşlara verilib - təxminən 1.3 milyon hektar. Yerdə qalan 3.5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq dövlət və bələdiyyə mülkiyyətində saxlanılıb. Eyni zamanda, dövlət və bələdiyyə mülkiyyətində saxlanan kənd təsərrüfatı torpaqlarının 600 min hektara yaxını əkinə yararlıdır. İndi əsas sual da budur: Niyə məmurlar dövlət və bələdiyyə mülkiyyətində olan yüz minlərlə hektar torpağın 150-200 min hektarını pambıq əkinlərinə cəlb etməklə vətəndaşları rahat buraxmaq istəmirlər? Axı vətəndaşların əlindəki
az həcmdə torpaqla ölkənin ərzaq təhlükəsizliyi qismən təmin edilir.

İqtisadçı ekspertin sözlərinə görə, rəsmi statistika da etiraf edir ki, bütün kənd təsərrüfatı məhsullarının ən azı 90 faizi ev təsərrüfatlarının sərəncamında olan həmin 1.3 milyon hektar torpaqda istehsal edilir.

Ekspert onu da vurğulayıb ki, əgər doğrudan da pambıq əkmək fermerlər üçün sərfəlidirsə, hökumət insanları incitmədən burda müvafiq mexanizm tətbiq edə bilər:

“Dövlət və bələdiyyə mülkiyyətində olan əkinə yararlı və suvarıla bilən torpaqlardan təxminən 100 min hektar torpaq fondu açıq müsabiqələr vasitəsilə fermerlərə təklif edilir. Bu torpaqlar üçün icarə haqqı və suvarma suyu üçün haqq alınmır. Bu əkinlərə becərmə başlayan andan kənd təsərrüfatı sığortası təmin edilir, sığorta ödənişlərinin bir hissəsini hökumət, bir hissəsini də pambıq zavodları üzərinə götürür. Əgər belə şərtlər altında pambıq əkməyə iddialı fermerlərin sayı çox olacaqsa, deməli, bu sahə mənfəət gətirir, maraq olmayacaqsa, deməli, sərfəli iş deyil.

Bu mexanizmin tətbiqinin bir üstünlüyü də odur ki, pambıq əkini on minlərlə adamı cəlb etməklə 0.5-1 hektarlıq sahələrdə yox, daha az sayda insan hesabına ən azı 50-100 hektarlıq sahələrdə həyata keçiriləcək. Miqyas effekti hesabına xərclərin azalması pambıq əkinlərini daha rentabelli edə bilər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}