Hökumət yoxsulluğun səviyyəsini gizlədir - Ekspert
Tarix: 10-03-2018 01:02 | Bölmə: İqtisadiyyat
Hökumət yoxsulluğun səviyyəsini gizlədir

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanunu imzalayıb. Sənədə əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib. Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

İqtisadçlı ekspert Rövşən Ağayev isə hesab edir ki, sözügedən qanundə reallıqla uzlaşmayan məqamlar var.

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən ekspertin sözlərinə görə, yaşayış minimumu haqqında qanunda ziddiyyət var:

“Adıçəkilən qanunun 1.0.6-cı maddəsinə görə aztəminatlı ailə o ailədir ki, üzvlərinin adambaşına orta aylıq gəlirləri ehtiyac meyarının məbləğindən aşağı olsun. Burda "aztəminatlı" sözü "yoxsul" sözünün sinonimi kimi işlənir. Hazırda ehtiyac meyarının məbləği 130 manatdır. Lakin elə həmin qanunun 4.4-cü maddəsində qeyd olunur ki, yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Hazırda isə yaşayış minimumunun orta məbləği ehtiyac meyarından 25 faiz (işləyənlər üçün yaşayış minimumu hətta 30%) yüksəkdir. Məntiq də, hüquq da onu deyir ki, qanunun 2 fərqli ad altında təqdim etdiyi sosial normanın hər ikisinin aztəminatlılığın səviyyəsini müəyyən etdiyi yazılırsa, onların hər ikisinin məbləği də eyni olmalıdır. İş ondadır ki, hökumət rəsmi yoxsulluq səviyyəsini yaşayış minimumunun dəyəri ilə ölçməli olduğu halda, məbləği heç bir sosial-iqtisadi əsaslanmaya söykənməyən ehtiyac meyarı əsasında bəyan edir. Ünvanlı sosial yardım alanların ümumi əhalidə xüsusi çəkisi rəsmi yoxsulluq göstəricisi kimi elan olunur.

Nəzərə alaq ki, hazırda hətta rəsmi statistikaya görə adambaşına aylıq gəliri ehtiyac meyarının və yaşayış minimumunun məbləği arasında yerləşən minlərlə insan var”.

Hökumət yoxsulluğun səviyyəsini gizlədir

R.Ağayev onu da vurğulayıb ki, təkcə elə yoxsulluğun yaşayış minimumuna əsasən bəyan ediməsi rəsmi kasıblıq göstəricisini indikindən xeyli yüksək edər. “Bunun ardınca isə yaşayış minimumunu formalaşdıran istehlak səbətlərinin strukturunu, həmçinin istehlak normalarını adambaşına milli gəlir səviyyəsinə görə yuxarı orta gəlirli ölkələrin (Dünya Bankının təsnifatına görə 4086 dollardan yüksək) standartına uyğunlaşdırırsan. Bu iki addımdan sonra ortaya çıxan rəsmi yoxsulluq göstəricisi gerçəkliyə daha yaxın rəqəm olacaq”.

Ekspert onu da nəzərə çatdırıb ki, dövlət statistikasının məlumatına görə, əhalinin ən yoxsul 10 faizinin gəlirləri ən zəngin 10 faizinin gəlirlərindən cəmi 2,9 dəfə azdır:

“Top 10-luğun milyardlarla sərvətə sahib olduğu, aşağıdakı 10-luğun tam işsziz-gücsüz olduğu ölkədə bu rəqəmə Statkomda həmin məlumatları klaviaturaya basanların özləri də inanmır. Məlumat üçün deyim ki, statistikası şəffaflığına və məlumatların əhatəliliyinə görə Qərb ölkələrinə böyük hesabla uduzan, sosial qütbləşməyə görə isə bizdən geri qalmayan Rusiyanın statistika qurumu bu fərqi 10 dəfə göstərir”,- deyə ekspert fikrini tamamlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}