17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ölkə əhalisi yeni iqtisadi sınaqlarla üzləşə bilər
Tarix: 26-04-2018 17:05 | Bölmə: İqtisadiyyat
Ölkə əhalisi yeni iqtisadi sınaqlarla üzləşə bilər

Dünya bazarında neftin qiymətinin artması Azərbaycanın hökumətində yenidən əsassız nikbinlik yaradıb. Belə ki, bu artım tempinə əsaslanaraq ölkədə iqtisadi dayanıqlılıqla bağlı proqnozlar verilməkdədir. Bir neçə il öncə baş verənlərdən nəticə çıxararaq qeyri-neft sektorunu inkişaf etdirmək, neftdən asılılığı azaltmaq əvəzinə analoji siyasət davam etdirilir.


Son günlər ən çox müzakirə olunan məsələlərdən biri 2018-ci ilin ilk rübündə əvvəlki ilin eyni dövrünə nisbətən Neft Fondu vasitəsilə xarici valyuta satışının artımıdır. Rəsmi məlumata görə, Fond bu ilin yanvar-mart ayında 1.3 mlrd. dollar satıb. Bu da o deməkdir ki, 2017-ci ilin ilk 3 ayında təxminən 790 mln. dollar satıb, yəni söhbət 65 faizə yaxın artımdan gedir.

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən iqtisadçı ekspert Rövşan Ağayev deyib ki, bu artım valyuta bazarında yaşanan panik vəziyyətlərdə olduğu kimi, hökumətin bazardakı spekulyativ tələbə qarşı etdiyi təklif, yaxud Mərkəzi Bankın satış yönümlü müdaxiləsi deyil. Onun fikrincə, hətta spekulyativ tələb artsa belə, 2018-ci ilin ilk rübündə təkcə ticarət balansı çərçivəsində ölkəyə xarici valyuta axınlarının 30 faiz artması narahatlığı aradan qaldırır: “Yəni, tədiyə balansı çərçivəsində ölkəyə valyuta axınlarının həcmi ölkədən çıxan valyuta həcmlərini üstələdiyindən məzənnə üçün risk xeyli aşağıdır. Məsələn, bu ilin yanvar-mart aylarında əmtəə ixracı 750 mln. dollar, mal idxalı 670 mln. dollar artıb. Neft Fondunun valyuta satışlarının artması qaçılmazdır, çünki Fondun dövlət büdcəsi qarşısında öhədikləri ötən ilə nisbtən 50 faiz çoxdur və Fond nəzərdə tutulan transfertləri Mərkəzi Bankın keçirdiyi hərraclar vasitəsilə satıb manat ifadəsində büdcəyə köçürməldir. 2018-ci ildə büdcənin də xərcləri artır - 3 ayda büdcə xərclərinin həcmi ötən ilin eyni dövrünə nisbətən təxminən 500 mln. manat (15%) çoxdur. Lakin burda başqa bir nüans da var: banklar vasitəsilə nağd valyuta alışı da 300 mln. dollara yaxın artaraq 800 mln. dolları ötüb. Yəni bu ilin 3 ayında banklar vasitəsilə alınan nağd valyutanın həcmi satılan nağd valyutanın həcmini 130 mln. dollara yaxın üstələyib”.

Neft puluna söykənən nəticəsiz siyasət

Ölkə əhalisi yeni iqtisadi sınaqlarla üzləşə bilər

İqtisadçı ekspert R. Ağayev bildirib ki, valyutaya tələbatın artmasında ev təsərrüfatlarının payı elə də çox deyil. Məsələn, Mərkəzi Bankın 2 aylıq statiskasına görə, 2018-ci ilin yanvar-fevral aylarında banklar vasitəsilə nağd valyuta satışı təxminən 170 mln. dollar artaraq 550 mln. dollara yaxın olub.

Müsahibimiz vurğulayıb ki, yuxarıda qeyd elədiyi kimi, təkcə Neft Fondunun valyuta satışı 500 mln. dollardan çox artıb və tələbatın artımını formalaşdıran aparıcı üç mənbə var:

“Birincisi bank sektoru - bu ilin 2 ayının yekunlarına görə, kommersiya banklarının xarici aktivlərinin həcmi ötən ilin eyni dövrünə nisbətən 2 dəfəyə yaxın (1.8 mlrd. dollar) artaraq 1.8 mlrd. dollardan 3.5 mlrd. dollara çatıb. Şübhəsiz ki, xarici aktivlərin alınması üçün bankların tələbatının müəyyən hissəsi bilavasitə daxili valyuta bazarı vasitəsilə ödənilir. Hansısa hissəsinin xarici borclar hesabına da maliyyələşdirilməsi mümkündür.

İkincisi biznesin tələbatıdır. 2018-ci ilin 3 ayında özəl sektorun idxalının dəyəri 30 fiazdən çox (400 mln. dollar) artaraq 1.7 mlrd. dollara yaxınlaşıb. İlkin qiymətləndirmələrə görə, istehsal təyinatlı (istehsal məqsədli müxtəlif istehsal vasitləri) əmtəələrin idxalı ötən ilə nisbətən 300 mln. dollardan çox artıb.

Üçüncüsü dövlət sektorunun ehtiyaclarıdır. 2018-ci ilin 3 ayında dövlət sektorunun idxalı 2.5 dəfədən çox artaraq 144 mln. dollardan 390 mln. dollara çatıb”.

R. Ağeyevin fikrincə, reallıq ortadadır ki, hökumət 2018-ci ildə genişmiqayaslı tikinti layihələri hesabına son 3 ildə davam edən iqtisadi tənəzzülü dayandırmağı hədəfləyib. Onun qənaətincə, təkcə dövlət büdcəsi vasitəsilə investisiya xərclərinin 2 dəfə artırılması da bunu təsdiqləyir: “Həmin investisiya xərclərinin əhəmiyyətli hissəsi podratçı və subpodartçı qismində özəl sektor vasitəsilə icra edildiyi üçün biznesin idxal ehtiyaclarının artımı reallıqdır. 2015-2017-ci illərdə Azərbaycanda milli valyutanın məzənnəsinin sabitliyi iqtisadi inkişafın deyil, tam iqtisadi durğunluğun nəticəsi idi. Hərəkət yoxdursa, inkişaf da yoxdur. Biznes və dövlət sektoru tələbatları dondurub saxlamışdı. İndisə isə artan neft gəlirləri hesabına iqtisadi aktivlik hansı tempdə bərpa olunursa, valyuta bazarının dinamikliyi də həmin templə bərpa olunacaq. Təbii ki, investisiya xərclərinin müəyyən hissəsi əhalinin qazancları kimi, həm də ev təsərrüfatları vasitəsilə valyuta bazarına gedəcək”.

Hökumət nümayəndələri neftdən gələn vəsaitlərin artmasını əsas tutaraq bəyan edirlər ki, ölkədə çalışan əhalinin gəlirləri artıb və bundan sonra da artacaq. Rövşən Ağayevin də qeyd etdiyi kimi, hazırda hökumət 2018-ci ildə genişmiqayaslı tikinti layihələri hesabına son 3 ildə davam edən iqtisadi tənəzzülü dayandırmağı hədəfləyib. Görəsən, bu siyasət müsbət nəticə verə bilərmi?

Aparılan araşdırmalar deməyə əsas verir ki, bu siyasət böhranı ertələsə də, bir müddət sonra böhran daha dərinləşə bilər. Əslində real rəqəmlər bu dərinləşmənin başladığını görstərir.

Əməkhaqqı səviyyəsi 3,3 faiz azalıb

Ölkə əhalisi yeni iqtisadi sınaqlarla üzləşə bilər

İqtisadçı ekspert Nemət Əliyev isə bu ilin ötən dövrü ilə bağlı başqa məqamlara toxunub. O, “Reytinq”də hökumətin əməkhaqları ilə bağlı iddialarına faktlarla cavab verib. N. Əliyevin sözlərinə görə, əməkhaqqı alanların pul kisəsi iki aya 29 milyon manat boşalıb. Onun qənaətincə, bu tendensiya davam edərsə, ilin sonunadək işləyənlərin əməkhaqqı gəlirləri 174 milyon manat, pensiya fonduna daxilolmalar isə 44 milyon manata qədər azalacaq:

“Orta aylıq əməkhaqqı göstəricisi bu ilin yanvar-fevral aylarında 17 manat 40 qəpik azalıb. Yanvar ayında 8 manat 40 qəpik, fevral ayında isə daha 9 manat. İki ay ərzində ölkə üzrə orta əməkhaqqı səviyyəsi 3,3 faiz azalaraq 528,2 manatdan 510,8 manata düşüb”.

Rəsmi rəqəmlərin müqayisəsi

Statistika Komitəsinin rəsmi rəqəmləri belədir:

2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1521,3 min nəfər olub, onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 641,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2017-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Ölkə əhalisi yeni iqtisadi sınaqlarla üzləşə bilər

2018-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər olub, onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,0 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2018-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 510,8 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Əhali bu il 174 milyon manat itirəcək

N. Əliyev deyir ki, Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, muzdla çalışanların orta siyahı sayı bu ilin yanvar-fevral dövründə 1512,45 min nəfər, 2017-ci ilin yanvar-dekabr dövründə isə 1517,65 min nəfər olub. Yəni, muzdlu işçilərin orta siyahı sayı bu il 5 min 200 nəfər azalıb. “Əgər muzdla çalışanların ölkə üzrə ümumi əməkhaqqı fondunun bir aylıq həcmini hesablasaq, məlum olar ki, bu göstərici ötən il 801,6 milyon manat (1517,65 min nəfər x 528,2 manat), bu il isə 772,6 milyon manat (1512,45 min nəfər x 510,8 manat) təşkil edib. Aradakı fərqi hesablasaq, məlum olar ki, ölkə üzrə bir aylıq əməkhaqqı fondunun həcmi iki ayda 29 milyon manat azalıb. Məlumatların təhlili göstərir ki, bu azalmanın 9 faizi və ya 2,7 milyon manatı iş yerlərinin bağlanması hesabına, 91 faizi və ya 26,4 milyon manatı isə əməkhaqqı səviyyəsinin düşməsi hesabınadır. Beləliklə, aydın olur ki, ilin əvvəlindən ötən müddətdə işləyənlərin sosial vəziyyəti ağırlaşıb. Əgər iki ayda əmələ gəlmiş bu mənfi tendensiya davamlı olarsa, o zaman ümumi əməkhaqqı gəlirləri ilin sonunadək 174 milyon manat məbləğində azalacaq”, – deyə ekspert əlavə edib.

Ölkə əhalisi yeni iqtisadi sınaqlarla üzləşə bilər

Müsahibimiz bildirib ki, belə arzuolunmaz hal, heç şübhəsiz ki, pensiya alanların da həyat səviyyəsinə mənfi təsir göstərəcək. Onun sözlərinə görə, hesablamalar göstərir ki, Sosial Sığorta Fonduna daxilolmalar əməkhaqlarının azalması səbəbindən cari ilin yanvar-fevral aylarında 7,3 milyon manat - 29 milyon manat x 25 faiz azalıb: “Odur ki, əməkhaqqından tutulmalar hesabına Fonda daxilolmalar ilin sonunadək 44 milyon manata qədər azala bilər. İnflyasiya göstəricisinin alıcılıq qabiliyyətinə mənfi təsirini də buraya əlavə etsək, o zaman ilin əvvəlindən ötən müddətdə ölkədə həyat səviyyəsinin daha çox pisləşməsi qənaətinə gəlmək olar”.

Göründüyü kimi, ilk baxışdan fərqli istiqamətlər kimi görünsə də, ümumilikdə ölkə iqtisadiyyatı üçün yumşaq desək, xoş olmayan bir mənzərə yaranıb. Bir tərəfdən bütün iqtisadi artımlar neft amili üzərinə yüklənir, digər tərəfdən isə əhalinin onsuz da böyük olmayan gəliləri azalır. Bu isə o anlama gəlir ki, hökumət yenə də neftə arxayın olaraq, iqtisadi artım tempini saxlayacağını düşünür. Digər tərəfdən də əhalinin işləyən təbəqəsinin gəlirləri ciddi şəkildə azalır. Bu da qarşıdakı dövrdə əhalinin daha ciddi sınaqlarla üzləşə biləcəyindən xəbər verir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}