Hökumət Azərbaycanın xarici borcunu ictimaiyyətdən gizli saxlayır - Məbləğ fantastikdir
Tarix: 29-04-2018 10:33 | Bölmə: İqtisadiyyat / Slayd
Hökumət Azərbaycanın xarici borcunu ictimaiyyətdən gizli saxlayır

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, Azərbaycanın xarici borcu 22 milyard 566 milyon dollar təşkil edir ki, bu da adambaşına 2302 dollar borc deməkdir.

Reyting.az-ın məlumatına görə, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib.

Q. İbadoğlu qeyd edib ki, BVF və Dünya İqtisadiyyatının İnkişaf perspektivlərinin birgə icmalında dövlət borcu xəritəsində Azərbaycanın bu ilin əvvəlinə müvafiq göstəricisi ÜDM-də 54,7 faizdir. Bu göstərici ölkəmizlə müqayisəyə gələn Rusiya, Qazaxıstan, Moldova, Belarus və Gürcüstana nisbətən pisdir. Xəritədən görünür ki, post-sovet məkanında borc göstəricisi üzrə yalnız Ukrayna və Ermənistanla müqayisədə yaxşı durumdayıq.

İqtisadçı alim bildirib ki, ötən ilki ÜDM-in 70 milyard 135.1 milyon manat olduğunu nəzərə alanda, BVF-nin hesablamalarına görə, Azərbaycanın xarici borcu 38 milyard 363,9 milyon manat və ya 22 milyard 566 milyon dollar təşkil edir. Bu isə adambaşına 2302 dollar borc deməkdir:

“Təəssüflər olsun ki, Azərbaycanda rəsmi statistika bu sahədə gerçək vəziyyəti təhrif edir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin açıqlamasına görə, 01 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz göstərilib. Mili statistikanın işsizlik, inflyasiya və yoxsulluq da daxil olmaqla, bu tip göstəriciləri dəfələrlə saxtalaşdırdığını nəzərə alaraq daha mötəbər mənbə hesab etdiyim BVF və Dünya İqtisadiyyatının İnkişaf perspektivləri icmalının birgə tərtib etdiyi dövlət borcu xəritəsini sizin diqqətinizə təqdim edirəm:

Hökumət Azərbaycanın xarici borcunu ictimaiyyətdən gizli saxlayır

Baxın və müqayisə edin. Nəticə çıxarın görək ildən ilə artan xarici dövlət borclarını kim, nə vaxt və necə ödəyəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}