14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Aqrar sektora dair yeni vəsait işıq üzü görüb
Tarix: 28-07-2018 08:58 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Aqrar sektora dair yeni vəsait işıq üzü görüb

İqtisad elmlər doktoru Ramil Hüseynin monoqrafiyasında «Aqrar sahədə rəqabətqabiliyyətli məhsul istehsalı: qloballaşmanın çağırışları və inkişaf imkanları»ndan bəhs olunur


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri, iqtisad elmlər doktoru Ramil Hüseynin «Aqrar sahədə rəqabətqabiliyyətli məhsul istehsalı: qloballaşmanın çağırışları və inkişaf imkanları» adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyada Azərbaycanda istehsal olunan kənd təsərrüfatı, xüsusən də bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyi məsələləri elmi cəhətdən araşdırılıb. Monoqrafiyada göstərilir ki, müasir dövrdə qloballaşmanın çağırışları nəzərə alınmaqla, kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması iqtisadi inkişafın aktual problemləri sırasında özünə yer alır. İnkişaf edən iqtisadiyyatlarda kənd təsərrüfatı milli ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, əhalinin məşğulluğu və kənd regionlarında həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərinin həllində də əhəmiyyətli rol oynayır.

R. Hüseyn yeni dərc olunan monoqrafiya haqqında danışarkən bildirib ki, Azərbaycan iqtisadiyyatında şaxələndirmənin gücləndirilməsi əsas prioritet kimi qəbul olunduğu hazırki şəraitdə aqrar sektorun inkişafı, həm də, qeyri-neft ixracının artırılmasının mühüm mənbəyi kimi ön plana keçir. Bu istiqamətdə, ilk növbədə, əhəmiyyətli ixrac potensialına malik olan bitkiçilik sektorunda rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsi ilə bağlı məsələlərin həllinə ehtiyac yaranır:

“Ölkədə uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatında əsaslı irəliləyişlər baş verib. Bir çox ərzaq məhsulları üzrə respublikanın özünütəminetmə səviyyəsi yüksəlib. Eyni zamanda ölkədə istehsal olunan bitkiçilik məhsullarının daxili və xarici bazarda rəqabət qabiliyyətinin təmin olunması istiqamətində müsbət nəticələr qazanılıb. Bununla yanaşı, respublikamıza bitkiçilikdə rəqabətqabiliyyətli məhsul istehsal etmək potensialı daha böyükdür və bu potensialdan tam istifadə etmək üçün qloballaşmanın çağırışları da diqqətə alınmaqla elmi cəhətdən əsaslandırılmış müvafiq təkliflərin hazırlanması, inkişaf imkanlarının öyrənilməsi mühüm əhəmiyyətə malikdir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də rəqabətqabiliyyətli məhsul istehsalının artırılması məsələsi öz əksini tapıb. Strateji Yol Xəritəsinin prioritetlərindən biri isə həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsidir. Bu prioritetlərin uğurlu şəkildə reallaşdırılması ölkəmizin kənd təsərrüfatı istehsalı üzrə mövcud potensialının müasir yanaşmalar əsasında qiymətləndirilməsini və səmərəli istifadə edilməsi yollarının müəyyənləşdirilməsini zəruri edir”.

Monoqrafiyanın “Bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin nəzəri və metodoloji əsasları” adlanan birinci fəslində rəqabətqabiliyyətliliyin iqtisadi mahiyyəti və strukturu, bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin meyarları və formalaşması xüsusiyyətləri, bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsinə metodiki yanaşmalar əks olunub.

“Qloballaşma dövründə bitkiçilikdə rəqabət üstünlüklərinin formalaşması şəraiti və amilləri” adlanan ikinci fəslində iqtisadi qloballaşma mexanizmlərinin bitkiçilik məhsullarının rəqabət mühitinə təsiri qiymətləndirilib, bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyi və ərzaq təhlükəsizliyi paradiqmaları uzlaşdırılmaşı imkanları öyrənilib. Qloballaşma şəraitində bitkiçilik vəərzaq məhsullarının rəqabətqabiliyyətliliyinin formalaşmasına təsir edən əsas amillər göstərilib.

Elmi kitabın “Bitkiçilik məhsulları istehsalının sistem-struktur təhlili və rəqabətqabiliyyətliliyin qiymətləndirilməsi” adlanan üçüncü fəslində isə bitkiçilik məhsullarının daxili bazarda rəqabətqabiliyyətliliyinin dəyişilməsində əsas meyillər müəyyənləşdirilib, bitkiçilik məhsullarının xarici bazarda rəqabətqabiliyyətliliyinin mövcud vəziyyəti qiymətləndirilib. Bitkiçilik məhsullarının xarici bazarda rəqabətqabiliyyətliliyini yüksəltmək üçün həyata keçirilməli olan gələcək islahat tədbirləri ilə bağlı təkliflər verilib.

Monoqrafiyanın “Bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin əsas istiqamətləri” adlanan dördüncü fəslində modernləşdirmə əsasında bitkiçilik məhsulları istehsalının iqtisadi səmərəlilik parametrlərinin yaxşılaşdırılması ilə yanaşı, keyfiyyət və məhsuldarlıq göstəricilərinin yüksəlilməsi məsələsi araşdırılıb, aqrar sektordakı təsərrüfatlarda ölçülərin optimallaşdırılması, rəqabətqabiliyyətliliyin yüksəldilməsi alətlərindən strateji menecmentin tətbiqi, marketinq xidmətlərinin qurulması ilə bağlı mövcud vəziyyət tədqiq edilib.

“Bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi mexanizmlərinin təkmilləşdirilməsi” adlanan beşinci fəsildə bitkiçilik məhsulları istehsalçılarına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi məsələləri tədqiq edilib. Tarif və qeyri-tarif vasitələrinin səmərəli istifadəsi əlaqələndirilməsi, ixracının təşviq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri ilə bağlı araşdırma aparılıb.

Monoqrafiyanın nəticə bölməsində aparılan tədqiqat zamanı əldə edilən nəticələr ümumiləşdirilmiş və elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr verilib.

Monoqrafiyanın elmi redaktoru iqtisad üzrə elmlər doktoru, professor Sadıq Salahov, rəyçilər iqtisad üzrə elmlər doktoru, professor Həmzə Xəlilov, iqtisad üzrə elmlər doktoru, professor Rəsul Balayev, iqtisad üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Bəyalı Ataşovdur.

Monoqrafiya Azərbaycanda aqrar sahənin inkişafına dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanmasında istifadə edilə bilər. Həmçinin monoqrafiyadan tədqiqatçılar, mütəxəssislər, sahibkarlar, doktorantlar və tələbələr faydalana bilərlər.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}