14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bir məhbusun harayı... - Müraciət
Tarix: 07-10-2018 08:23 | Bölmə: Xəbərlər
Bir məhbusun harayı...

O, özünə qarşı haqsızlığa son qoyulmasını gözləyir

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 8 oktyabr tarixli hökmü ilə 9 il azadlıqdan məhrum edilən və hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Əhmədov Fariz Fazil oğlu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovla Məhkəmə-Hüquq Şurasına müraciət edib.

Müraciətində Fariz Əhmədov 2009-cu ildən "Gold Travel" MMC-nin direktoru kimi kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, bir müddət sonra "Delta Group" şirkəti ilə subagent müqaviləsi ilə əməkdaşlıq etməyə başladığını yazır: "Kiçik sahibkar kimi vergilərimi ödəyərək, Azərbaycana turist cəlb etməyə və yerli əhaliyə hər cür turizm xidmətləri göstərməyə çalışmışam. Lakin 2012-2013-cü illərdə şirkət hesabları arasında uyğunsuzluq yarandı. İki şirkət arasında imzalanan və ciddi hüquqi sənəd sayılan müqavilləyə əsaslanaraq, borc hesablanmış və mənə cinayət işi açılmışdır. Baxmayaraq ki, sözügedən müqavilənin problemli məsələlərin həllini nəzərdə tutan 7-ci bəndində tərəflər arasında problem yarandığı halda öncə öz aralarında anlaşmalı, əks təqdirdə Mülki İnzibati-İqtisadi Məhkəməyə müraciət edilməli olduğu göstərilir".

Müraciət müəllifi qeyd edir ki, məhkəmə bu faktı bilərəkdən gözardı etmiş, qanunvericiliyin normalarını kobud şəkildə pozub: "Mənə hökm oxunmamışdan bir neçə ay əvvəl, yəni 11 iyun 2015-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 saylı qərarının məğzi ilə tanış olmaq üçün bütün əlaqədar orqanlara təbliğ edilmişdi, o cümlədən də, Bakı Ağır Cinayətlər Məhkəməsinə... Yəni ola bilməzdi ki, bu məhkəmmənin işə baxan hakiminin həmin qərardan xəbəri olmasın. Haqqında bəhs etdiyim Plenum qərarının 27-ci bəndində deyilir: "Məhkəmələrin nəzərinə çatdırılsın ki, "Mülki və siyasi hüquqlar haqqında" Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Paktın 11-ci maddəsinə və "İnsan haqlarının və azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz"".

Şikayətçi diqqətə çatdırır ki, bu baxımdan müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti, yaxud bənzər hallar nəticəsində kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənir: "Cinayət Prossesual Məcəllənin 2.3-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu məcəllədən fərqli digər qaydalar müəyyən olunduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir. Bizim halımızda isə heç bir fərqlilik yoxdur. Bunu Ali Məhkəmə Plenumunun qərarı da təsdiq edir. Bundan başqa, istintaq, şahid ifadələri, keçirilmiş sərbəst audit və məhkəmə ekspertiza rəylərindən də görünür ki, göstərilən borc miqdarı bütöv bir miqdar olmayıb, aylar üzrə çatışmayan əskik ödənişlərin, çatışmamazlıqların yekun dəyəridir. Bu halda işə düzgün hüquqi dəyər verərkən Cinayət Prossesual Qanunvericilik normalarına düzgün əməl edərək işə ayrı-ayrı epizodlar üzrə qiymət verilməlidir".

Bu və qanunun digər tələblərinin onunla bağlı cinayət işinə baxılarkən nəzərə alınmadığını, beləliklə, hüquqi normaların pozulduğunu və nəticədə haqsız şəkildə uzun müddətli həbs qərarı ilə cəzalandırıldığını təfislatı ilə əsaslandıran, Apellyasiya və Ali Məhkəməyə müraciətlərinin də ədalətin bərqərar olmasına kömək etməməsindən narazı qalan F. Əhmədov ona qarşı ədalətsizliyin nəhayət ki, aradan qaldırılmasını istəyir. Bundan başqa, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən yararlanmasına "yaşıl işıq" yandırılmasını gözləyir, baxmayaraq ki, özü haqqında Apellyasiya və Ali Məhkəmə qərarları bu dəyişikliklərin təsdiq olunmasından əvvəl verilib. Həmin dəyişikliklərdən sonra cinayət qanunvericiliyində "külli miqdarda" və "xeyli miqdarda" anlayışlarının, dolayısı ilə, həmin anlayışlara aid sanksiyaların da dəyişdiyinə diqqət çəkən müraciət müəllifi xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 8-ci bəndinə və və Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələbinə görə, cəzanı yüngülləşdirən qanunun geriyə qüvvəsi mümkündür: "Bu isə o deməkdir ki, yüngülləşmədən mənim də istifadə hüququm var".

Sonda F. Əhmədov Cinayət Məcəlləsinə edilən dəyişiklikləri ölkə başçısının insanlara və insanlığa verdiyi yüksək dəyərin, daha ədalətli bir Azərbaycan üçün göstərdiyi səylərin təcəssümü kimi dəyərləndirərək onun bu humanist yanaşmasını görməzlikdən gələnlərin olmasını təəssüflə qeyd edir. "Möhtərəm cənab Prezident! Xahiş edirəm, mənim işimə qanun normaları və tələbləri çərçivəsində daha düzgün baxılması üçün kömək edəsiniz", - deyə yazan müraciət müəllifi başqa güvən yerinin qalmadığını vurğulayır: "Qanun və hüquq hamı üçün eyni olmalıdır. Məhkəmə iclaslarında sanki tamaşa oynanılır. Ərizələrin məzmununa fikir verən yoxdur.

Möhtərəm cənab Prezident! Son ümidim Göydə Allaha, yerdə Sizədir!"

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}