Tanınmış hüquq müdafiəçisi vəfat edib – Nekroloq
Tarix: 10-12-2018 13:37 | Bölmə: Xəbərlər
Tanınmış hüquq müdafiəçisi vəfat edib

Dekabrın 8-də dünya miqyasında tanınmış hüquq müdafiəçisi Lyudmila Mixaylovna Alekseyeva 92 yaşında Moskva şəhərində vəfat edib.

Yaxından tanıyanlar onu böyük humanist və gözəl insan kimi dəyərləndirirlər.

Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovun yaydığı nekroloqda qeyd olunur ki, L. Alekseyeva möhkəm mənəviyyata malik olan insan idi və həyatının son dəqiqəsinə qədər də hüquq müdafiəçisi olaraq qaldı.

Tanınmış hüquq müdafiəçisi vəfat edib

Nekroloqda daha sonra bildirilir:

“Lyudmila Alekseyeva çox parlaq şəxsiyyət idi və yüksək məntiqli hüquq müdafiəçisi və ictimai xadim kimi dünya şöhrətinə malik idi. Onun çox şərəfli tərcümeyi-halı var. O SSRİ-də və postsovet Rusiyasında hüquq müdafiəçiliyi hərəkatının fəal iştirakçısı idi. 1976 cı ildə onun fəal iştirakı ilə Moskva Helsinki qrupu (MHQ) yaradıldı və 1996 cı ildən ölümünə qədər ona sədrlik etdi.

MHQ sovet rəhbərliyinin insan hüquqları sahəsində beynəlxalq standartlara əməl etməsini təmin edən 1975 ci il Helsinki razılaşmasının humanitar müddəalarının icrasını öz üzərinə götürdü. MHQ SSRİ vətəndaşlarından Helsinki razılaşmasının pozulması haqqında məlumatları qəbul edir və onların əsasında öz sənədlərini tərtib edərək geniş ictimaiyyətə çatdırırdı. Lakin, 1977 ci ilin fevralında hüquq müdafiəçilərinin həbslərinə başlandı, elə həmin ildə Lyudmila Alekseyeva ABŞa emiqrasiya etməyə məcbur oldu. Lakin, 1993 cü ildə o Rusiyaya qayıtdı, 3 il sonra isə MHQ na rəhbərlik etməyə başladı.

Lyudmila Alekseyeva Ümumrusiya vətəndaş konqresinin təşkilatçılarından və 3 həmsədrindən biri oldu. O bir neçə dəfə insan hüquqları üzrə Prezidentin Şurasının tərkibinə daxil oldu. 2002 - 2012 ci illərdə Rusiya Federasiyası Prezidenti yanında insan hüquqları üzrə Komissiyanın (hazırki RF prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları üzrə Şura) üzvü oldu. 2018 ci ilin 3 dekabrından yenidən RF Prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları üzrə Şuraya üzv seçildi.
Lyudmila Alekseyeva çox əlamətdar fiqur idi. Onu millətin vicdanı adlandırırdılar. Amma, mən Lyudmila Mixaylovnanı bütün bəşəriyyətin vicdanı adlandırardım. O öz həyatının son gününə qədər vətəndaş cəmiyyəti naminə çalışdı və öz qüvvəsini və biliklərini cəmiyyətimizin azad və humanist olması, hüquq-mühafizə və məhkəmə orqanlarının qanunlara əməl etməsi, insan hüquqlarının pozulmaması və sosial statusundan və maddi vəziyyətindən asılı olmayaraq vətəndaş şəxsiyyətinə hörmət edilməsi uğrunda sərf etdi. O ən çətin məqamlarda insanlara mənəvi və hüquqi yardım göstərir, onların hüquq və maraqlarının qorunmasına nail olurdu. O yorulmadan həqiqət və ədalət uğrunda mübarizə apardı, heç zaman rahat həyata can atmadı. Belə insanlar olmasaydı, həyatımız çox bədbin olardı.

Lyudmila Mixaylovna başladığı bütün ədalətli, hüquqi, dürüst və humanist işləri məntiqi sona çatdırardı. Buna görə də onu qiymətləndirir, sevir və hörmət edirdilər. Bütün həyatı boyunca ədalətin, həqiqətin, humanizmin, demokratiya və insansevər qanunların zəfər çalmasına çalışdı, söz azadlığını və insan hüquqlarını müdafiə etdi. Lyudmila Mixaylovna həmişə təmənnasız olaraq korrupsiyalaşmış hakimiyyət strukturlarının və kriminal ünsürlərin özbaşınalığından əziyyət çəkən insanlara kömək edərdi.

Xüsusilə qeyd etmək istəyirəm ki, Lyudmila Mixaylovna korrupsiyalaşmış hakimiyyət strukturlarının və Rusiya məhkəmə sisteminin bəzi mənfur nümayəndələrinin qeyri-qanuni əməllərindən əziyyət çəkən bir çox azərbaycanlılara da kömək edib. Xüsusilə 2002 - 2012 ci illərdə - Rusiya Federasiyası Prezidenti yanında insan hüquqları üzrə Komissiyanın üzvü olduğu dövrdə, bir sıra hakim dairələrin özbaşınalığının qurbanına çevrilmiş bir çox həmvətənlərimiz məhz Lyudmila Alekseyevanın şəxsində hüquqi və mənəvi dəstək aldılar və öz qanuni hüquq və maraqlarını bərpa etdilər.

Lyudmila Alekseyeva 2001 ci ildə mənə qarşı aparılan çirkin provokasiya zamanı mənə də kömək etdi. Mən Lyudmila Mixaylovnanın bu qiymətsiz köməyini hələ də xatırlayıram. O 23 yanvar 2002 ci ildə Helsinki qrupu adından mənə qarşı quraşdırılmış cinayət işinə baxan Moskva şəhəri Qolovinski rayon məhkəməsinə yazaraq, məni dəstəkləmişdi. Bu məktubda Lyudmila Alekseyeva aydın göstərirdi ki, mənə qarşı edilən ittiham ‘’quramadır və siyasi çalar daşıyır’’ və ‘’iş üzrə toplanmış bütün sübutlara tam və qərəzsiz qiymət verilməsini, ədalətli hökm verilməsini’’ tələb edirdi. Məhz çoxsaylı hüquq müdafiəçilərinin və vəkillərin səyləri ilə mənə qarşı quraşdırılmış cinayət işi məhkəmədə süquta uğradı, təqsirsizliyim sübut olundu, məni həbs edən insanların özü isə daha sonra mühakimə olunanların kürsüsündə əyləşməli oldular və qanunsuz hərəkətlərinə görə layiq olduqları cəzaları aldılar. Mən həmin məktubun surətini indiyədək saxlayıram.

Bu səbəbdən də Lyudmila Alekseyevanın vəfatı mənim üçün ikiqat ağırdır və bu məni dərindən sarsıtdı. Onun vəfatı mənim üçün çox ağır itkidir. Lyudmila Mixaylovnanın həyatımın ən çətin illərində, xüsusilə də yuxarıda adını çəkdiyim və mənə qarşı 2001 ci ildə başlanan çirkin təxribat zamanı mənə etdiyi köməyi heç zaman unutmayacağam.

Şəxsən öz adımdan və Dünya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondu adından Lyudmila Mixaylovna Alekseyevanın doğmalarına və yaxınlarına, dostlarına, həmkarlarına və mübarizə yoldaşlarına dərin hüznlə səmimi başsağlığı verirəm!

Bizi tərk etməklə, Lyudmila Mixaylovna Alekseyeva zəngin hüquq müdafiəçiliyi irsi və özü haqqında ən xoş təəssüratlar qoydu. O daim qəlblərimizdə və yaddaşlarımızda yaşayacaq!

Məkanı cənnət olsun! Xatirəsi daim yaşasın! Nur içində uyusun!"

P.S. Füzuli Məmmədov tanınmış hüquq müdafiəçisi Lyudmila Mixaylovna Alekseyevanın vəfat etməsi ilə əlaqədar mərhumun yaxınlarına və davamçılarına dərin hüznlə başsağlığı verir!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}