Fazil Mustafa rektora yönəlmiş ittihamları qərəzli sayır
Tarix: 09-01-2019 20:56 | Bölmə: Xəbər lenti
Fazil Mustafa rektora yönəlmiş ittihamları qərəzli sayır

Son günlər Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya qarşı mediada və sosial şəbəkələrdə sifarişlə idarə olunduğu nəzərə çarpan böhtan kampaniyasına başlanılıb. Bu gün universitetdə təşkil olunmuş mediatur zamanı jurnalistlərin suallarını cavablandıran rektor bu məsələyə də münasibət bildirib və hələlik baş verənlərə təmkinli davranış sərgiləndiyini, amma lazım gələrsə, qanunamüvafiq addımların atılması üçün məsələ qaldırıla biləcəyini də deyib.

Reyting.az-ın məlumatına görə, millət vəkili Fazil Mustafa Moderator.az-a deyib ki, son vaxtlar mediada Dillər Universiteti ilə bağlı açıqlamalar onun da diqqətini çəkir: “Burada heç şübhəsiz ki, universitetin rektoru, akademik Kamal Abdullanın hədəf olaraq seçildiyi hiss olunur. Universitet daxilində proseslərin səbəbləri barədə bilgim yoxdur, ancaq bir neçə dəfə universitetdə təhsil mühiti ilə tanış olmaq fürsəti əldə etdiyimdən, müşahidələrim bir qədər fərqlidir. Kamal Abdullanın rektor təyin olunandan sonra bir sıra müsbət yeniliklərə imza atdığını bilirəm. Məsələn, ilk dəfə olaraq ADU-da tələbələr pedaqoji təcrübəyə Azərbaycanın rayonlarında yerləşən məcburi köçkün məktəblərinə göndərildi. Digər tərəfdən, ADU-da maraqlı tələbə özünüidarə sistemi yaradılıb. Tələbələr özləri seçki yolu ilə seçilməklə bir gün ərzində universiteti idarə edirlər. Seçkidən sonra “kölgə kabineti” kimi fəaliyyət göstərmələri onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir edir. İmtahanlarda şəffalıq gözlənilir, ictimaiyyət nümayəndələri ilə birlikdə bu prosesin bilavasitə şahidi də olmuşuq”.

Millət vəkili qeyd edib ki, ADU-da ən maraqlı yeniliklərdən biri də tələbələrin mağazalardan aldıqları ədəbi-bədii kitabların ödənişinin məhz universitet tərəfindən həyata keçirilməsidir:

“Üstəlik, ehtiyacı olan tələbə və müəllimlərə yardım göstərmək məqsədilə Sosial Fond da yaradılıb.

ADU-da həm də “Səfir saatı” klubu fəaliyyət göstərir. Bu klubda xarici ölkələrin səfirləri tələbələrlə görüşə gəlir, tələbələrin dili ilə Azərbaycanın mövqeyi açıq formada onların diqqətinə çatdırılır”.

F. Mustafa tədris prosesində hansısa nöqsanların olmasını da istisna etməyib: “Ancaq Azərbaycanın görkəmli yazarı və elm xadimi Kamal Abdullanın bu formada hədəf seçilməsinin qərəzli olduğunu düşünürəm”.




Bölməyə aid digər xəbərlər