Xəstə ana uşağı ilə küçələrdə gecələyir - Müraciət
Tarix: 11-02-2019 12:28 | Bölmə: Xəbərlər
Xəstə ana uşağı ilə küçələrdə gecələyir

"İçində insan sevgisi olan dostlar, sizə səslənirəm. Təcili olaraq bu məlumatı maksimum şəkildə paylaşaq ki, bəlkə səsimiz daha yuxarılara çata və özünü karlığa, korluğa vurmuş cavabdeh məmurları tərpədən ola...".

Reyting.az
Mia.az-a istinadla xəbər verir ki, bunu sosial şəbəkə istifadəçisi Allahyar Eyyubov yazıb.

Onu belə bir çağırışa məcbur edən isə Bərdə rayonunda yaxın günlərəcən uzun müddət küçələrdə, parklarda gecələmək məcburiyyətində qalmış ana-balanın üzləşdiyi acınacaqlı durumdur:

"1979-cu il təvəllüdlü gözdən əlil, xərçəng xəstəsi Musayeva Nazilənin və səkkiz yazlı oğlu Ülvinin həyatları ciddi təhlükə qarşısındadır. Bərdə şəhərinin parklarında gecələyən bu iki məsumun durumu barədə xəbər tutandan sonra bir neçə dost ilə onlara baş çəkdik və onlar üçün kirayə mənzil tutduq. Ülvini internat məktəbinə qoyduq. Amma soyuq gecələrdə parkda gecələmək və pis qidalanmaq, vaxtında müayinə və müalicə olunmamaq səbəbindən Nazilənin sağlamlığı tam pozulmuşdur. İndi təcili ciddi müalicə edilməsə, onun həyatda qalması müşkül olacaq".

A. Eyyubov yazır ki, həkimlərin rəyinə görə, Nazilə təcili əməliyyat olunmalıdır: "Bunun üçün isə xeyli pula ehtiyac var. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kömək əlini uzatmasa, biz onun müalicə xərclərini qarşılaya bilməyəcəyik. Bununla da Nazilənin həyatda qalması mümkünsüz, anasız qalan məsum uşağı Ülvinin taleyi isə qaranlığa qərq olacaq".

Məsələ ilə bağlı nazirliyin də mövqeyini işıqlandırmağa hazırıq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}