Hüquq müdafiəçilərinin İlham Əliyevə müraciəti yayıldı
Tarix: 18-03-2019 11:44 | Bölmə: Xəbərlər
Hüquq müdafiəçilərinin İlham Əliyevə müraciəti yayıldı

Hüquq müdafiə Təşkilatlarının Monitorinq Qrupu Prezident İlham Əliyevə təşəkkür məktubu yazıblar.

Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının imzaladığı məktubun yazılmasına səbəb martın 16-da əfv sərəncamı ilə çoxsaylı məhbusun azad edilməsidir.

Reyting.az-ın məlumatına görə, təşəkkür məktubunda deyilir:

“Hörmətli cənab Prezident!

Novruz bayramı ərəfəsində imzaladığınız növbəti əfv sərəncamından duyduğumuz məmnunluğa görə Sizə dərin təşəkkürümüzü bildiririk. Siz bir daha sübut etdiniz ki, ölkəmizdə insan hüquqlarının bərqərar olması yönündə yaranan hər hansı bir məsələni heç bir xarici qüvvənin təsiri və müdaxiləsi olmadan özümüz həll etməyə qadirik.

Sizin imzaladığınız və humanistlik, insanpərvərlik hisslərinə söykənən əfv sərəncamı nəticəsində siyahımızda adları çəkilən onlarca məhbus azadlığa çıxaraq yollarını gözləyən ailələrinə qovuşdular. Siyahıda keçmiş səhiyyə naziri Əli İnsanovun, AXCP üzvləri Gözəl Bayramlının, Fuad Qəhrəmanlının, gənc fəallar İlkin Rüstəmzadənin, Qiyas İbrahimovun, Bayram Məmmədovun, inanclı insanların və digər onlarca şəxsin olması əfv sərəncamına böyük dəyər qatmış oldu.

Hörmətli cənab Prezident!

Əfv sərəncamının verilməsində Sizə ünvanladığımız müraciəti nəzərə almağınız bizim insan haqları müdafiəsi üzrə 30 illik fəaliyyətimizə verdiyiniz ən yüksək qiymətdir. Biz bundan sonra da Sizə arxalanaraq ölkəmizdə insan amilinin yüksək tutulması, cəmiyyətimizin azad, bütöv, bəşəri dəyərlər əsasında formalaşması uğrunda işimizi davam etdirəcəyik.

Bir daha Sizə təşəkkürümüzü bildirərək qarşıdan gələn milli bayramımız - Novruz bayramı münasibətilə təbrik edir, Sizə cansağlığı, xalqımızın rifahı, Vətənimizin tərəqqisi yolunda apardığınız yorulmaz fəaliyyətinizdə uğurlar diləyirik”.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}