DTX Akif Çovdarovdan agentlərin pulunu tələb edir – İddia
Tarix: 20-10-2016 12:16 | Bölmə: Xəbərlər

 Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generalı Akif Çovdarov və digər 3 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesinə Dövlət Təhlükəsizlik Xidməti də tərəf kimi qoşulub.

DTX öz nümayəndəsi vasitəsilə mülki iddia ərizəsi ilə Bakı Hərbi Məhkəməsinə müraciət edib. DTX ərizəsində A.Çovdarova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi üzrə qeyd edilən epizodda zərərçəkmiş kimi tanınmasını istəyib.

Belə ki, general həm də bu maddə ilə dövlət büdcəsini mənimsəməkdə təqsirli bilinir. İttihama görə, A.Çovdarov agentura şəbəkəsinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan 2 milyon 917 min manat pulu mənimsəyərək şəxsi məqsədləri üçün xərcləyib.

DTX-nin ərizəsində həmin pulun müvafiq dövlət qurumuna, yəni MTN-in varisi hesab olanan DTX-yə aid olduğu bildirilib. Həmin məbləğin A.Çovdarovdan alınaraq DTX-ya verilməli olduğunu deyib.

Qeyd edək ki, A.Çovdarov ibtidai istintaqa ifadəsində bu maddə üzrə özünü təqsirli bilmədiyini deyib və agentura şəbəkəsinin ifşa olunmaması üçün ifadə verməkdən imtina etdiyini bildirib. General həmin məbləğin agentlərə ödənildiyini qeyd edib. (Qafqazinfo)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}