Yaxınları bloqqerin oğurlandığını iddia edir - Yenilənib+
Tarix: 10-01-2017 11:17 | Bölmə: Xəbərlər


Bloqqer Mehman Hüseynovun yaxınları onun oğurlandığını düşünür.

Reyting.az azadliq.org-a istinadən xəbər verir ki, NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli Facebook sosial şəbəkəsində yazıb ki, artıq bloqqerin itməsiylə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini deyiblər.

"Əldə etdiyimiz son məlumatlara və bir neçə şahidin dediyinə görə, Mehmanı şəhərin mərkəzində, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, Hiss Klubun yaxınlığında 5 nəfər mülki geyimli şəxs ağzını tutub, maşına basıb naməlum istiqamətə aparıblar. Bu o deməkdir ki, Mehman ya oğurlanıb, ya da həbs olunub. Başqa variantların hamısı artıq qüvvədən düşür», – Ü.Həsənli yazıb.

M.Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov bloqqerin «Sancaq» səhifəsindən canlı yayım edərək onun həbs olunma ehtimalından danışıb.

Vəkil Elçin Sadıqov da 102 xidmətinə zəng etdiyini yazıb.

Hələlik, hüquq-mühafizə orqanlarından məsələyə münasibət almaq mümkün olmayıb.

**

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun saxlanılıb-saxlanılmadığını araşdırır.

Reyting.az xəbər verir ki, DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov Modern.az-a deyib ki, məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, M.Hüseynovun yoxa çıxması ilə bağlı yaxınları sosial şəbəkədə məlumat verib.

**

Bloqqer Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Report”un xəbərinə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, M.Hüseynov daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb: "Mehman hazırda məhkəmədədir”.


 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}