Səhiyyə Nazirliyinin aksiyası davam etdiriləcək
Tarix: 22-08-2017 16:14 | Bölmə: Xəbərlər
Səhiyyə Nazirliyinin aksiyası davam etdiriləcək
Azərbaycan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
Reyting.az saytı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə isinadla xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 18884,1 litr qan tədarük edilib. 177 qanvermə aksiyasında 39756 donorun iştirak etdiyi bildirilir.
Məlumata görə, donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində, MQB Gəncə Bölməsində və Kliniki Tibbi Mərkəzdə toplanıb.
Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaqdır. Talassemiya xəstəliyindən əziyyət çəkən insanlara müntəzəm olaraq qan köçürmə, hemofiliyadan əziyyət çəkən insanlar üçün qan laxtalanma faktorları məhsullarının hazırlanması məqsədilə də qan lazımdır. Kimyaterapiya zamanı onkoloji xəstələr üçün isə qan həyati əhəmiyyət kəsb edir.
Nazirlikdən bildirilib ki, müntəzəm qan təchizatına daimi ehtiyac vardır, çünki qanın saxlanma müddəti məhduddur və lazım olduqda həmişə və hər yerdə təhlükəsiz qan əldə etmək üçün kifayət qədər sağlam donorun müntəzəm olaraq qan verməsi lazımdır.
Nəzərə almaq lazımdır ki, qan verməyə hazırlaşdığınız ərazidə qeydiyyatınız olmalıdır. Aşağı yaş həddi – 18, yuxarı yaş həddi – 65 olmalıdır. Lakin bəzi hallarda donorun yol verilən yaşı barədə qərarı (50 yaşdan yuxarı) konkret halda həkim qəbul edir.
Qan verməmişdən 72 saat əvvəl aspirin, analgin, no-şpa və s. kimi qanı durulaşdıran dərmanları qəbul etmək olmaz. Siqaret çəkməkdən çəkinmək məsləhət görülür (siqaretçəkmə donorluq üçün əks-göstəriş deyil, lakin həkimlər qan verməzdən bir saat əvvəl və bir saat sonra siqaret çəkməyi məsləhət görmürlər. Çünki qana düşən nikotinin zəhərli təsiri pasiyentlər üçün, xüsusən yeni doğulan körpələr üçün təhlükəlidir. Həmçinin bu, donorun əhvalına pis təsir edə bilər).
Qan verməzdən əvvəl içilən 2 stəkan şirə və ya su qan verdikdən sonra yaxşı əhval-ruhiyyəni təmin etmiş olur. Qan verdikdən sonra dərhal ayağa qalxmaq məsləhət görülmür, 10-15 dəqiqə ərzində sakitcə əyləşin.
Çoxsaylı tədqiqatlarla sübut olunub ki, 400-450 ml qan və ya 500 ml plazma götürmək sağlam insanın səhhətinə və əmək qabiliyyətinə mənfi təsir etmir. Əksinə, təkrar qanvermə qanda şəkərin, zərərli lipoproteinin, qan təzyiqinin, ürək döyüntüsünün azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır. Donorun orqanizmi qan və qan komponentlərinin qalıqlarının çıxarılması hesabına daim öz-özünə yeniləşir. Bu isə ürək və damar, immun sistemi, həzm pozğunluqları, qaraciyər və mədəaltı vəzi xəstəliklərinin profilaktikası deməkdir.
Nazirlikdən bildirilib ki, qanvermə aksiyaları davam etdiriləcəkdir.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}