Hüquq müdafiəçiləri bəyanat yayıb
Tarix: 15-09-2017 19:25 | Bölmə: Xəbərlər
Hüquq müdafiəçiləri bəyanat yayıb

Bir qrup şəxsin həbsdən azad olunması ilə əlaqədar Azərbaycan hüquq müdafiəçiləri bəyanat yayıblar.

Reyting.az-ın məlumatına görə, bəyanatı hüquq müdafiəçilərindən Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Zəlihə Tahirova, Eldar Zeynalov, Əvəz Həsənov, Əliməmməd Nuriyev imzalayıblar.

Bəyanatda deyilir:

“Son günlər "Turan” İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, "Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun azadlığa çıxması, Nardaran hadisələrinə görə məhkum olunmuş 14 nəfərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəmələr tərəfindən qərarlar qəbul edilib, həmçinin bloqqer Aleksandr Lapşin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilib. Biz Azərbaycan hüquq müdafiəçiləri bu addımları humanist yanaşma və ədalətli mühakimə hüququnun təmin edilməsinə yönəlik əməli tədbirlər kimi yüksək qiymətləndiririk”.

Bəyanat müəllifləri qeyd edirlər ki, bu tədbirlərə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının praktik nəticələri kimi baxır və alqışlayırlar:

“Bəyan edirik ki, bu cür addımlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına, cəza siyasətinin hümanistlərşdirilməsinə və ədalət mühakiməsi sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Əminik ki, bu addımlar davamlı olacaq, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu məsələlərlə bağlı ictimaiyyətin müraciətlərinə həssas yanaşdığına və diqqət göstərdiyinə görə təşəkkür edirik.

Hesab edirik ki, hüquq-müdafiəçiləri, vətəndaş cəmiyyəti, KİV və cəmiyyətin bütün təbəqələri bu təşəbbüsləri, aparılan islahatları dəstəkləməklə, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə töhfəsini verməlidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}