Daxili İşlər Nazirliyi həkimləri işə qəbul edir - Müsabiqə
Tarix: 19-10-2017 16:20 | Bölmə: Xəbər lenti
Daxili İşlər Nazirliyi həkimləri işə qəbul edir

Daxili İşlər Nazirliyi (DİN) Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində 3 həkim-travmatoloq, 1 həkim-neyrocərrah, 1 həkim-uroloq, 3 həkim-narkoloq və 1 həkim-nefroloq, ümumilikdə vakant olan 9 vəzifə üzrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssilərində müvafiq ixtisasla təhsil alan, tibb və təhsil müəssisələrində rezidentura keçən, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vuran (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmayan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunan şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabrın 20-dən noyabr ayının 20-dək http://www.mia.gov.az/index.php?/az/content/29875 ünvanında yerləşdirilən elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin medical@mia.gov.az internet ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet (kişilər üçün) və əmək kitabçasının surətini təqdim etməlidirlər.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər