Şimal bölgəsində sahibkarlarla görüş keçirilib
Tarix: 21-10-2017 15:26 | Bölmə: Xəbərlər
Şimal bölgəsində sahibkarlarla görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələri davam etdirir.

Mərkəzdən Reyting.az-a verilən məlumata görə, bu dəfə Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabrandan olan sahibkarlar, bələdiyyə və ictimaiyyət nümayəndələri ilə görüş Quba Gənclər Mərkəzində keçirilib.

Şimal bölgəsinin 200 nəfərdən artıq sakini ilə baş tutan regional ictimai müzakirəni Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov açıb. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı tədbirin moderatoru qismində müzakirənin əsas məqsədi barədə danışıb və çıxış üçün sözü Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılova verib.

Sektor müdiri bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar davamlı xarakter daşıyır. Onun qənaətinə görə, Azərbaycanda ən dərin iqtisadi islahatların aparılması prosesi hələ ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayıb. Həmin illərdə torpaq islahatları, özəlləşdirmənin aparılması, bazar iqtisadiyyatına keçid, dövlət idarəetməsinin təkmilləşdirilməsi, bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi və digər istiqamətlər üzrə böyük tədbirlər həyata keçirilib.

Vüsal Qasımlı isə çıxışında bildirib ki, aparılan iqtisadi islahatların Quba-Xaçmaz bölgəsində turizm, meyvə-tərəvəz, nəqliyyat-logistika sahələrinin inkişafında rolu olacaqdır.

Bundan sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihə nəzarəti və qiymətləndirmə meneceri Namiq Şalbuzov öz çıxışını "Azərbaycan Respublikasında iqtisadi islahatlar: Quba – Xaçmaz iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri" mövzusunda prezentasiya ilə təqdim edib.

Müzakirələrdə İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov, Vergilər nazirliyinin 3 saylı ərazi vergilər idarəsinin direktoru Sərxan Məmmədov və Kənd Təsərrüfatı nazirliyinin regional nümayəndələri iştirak edib.

Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib.

Qeyd edək ki, iqtisadi islahat prosesi ilə bağlı müzakirələr Ağdam və Şəkidə də keçirilib. İsmayıllı, Gəncə, Şirvan, Lənkəran və Mingəçevirdə də bu mövzuda müzakirələr aparılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}