Kriminal hadisələrin işıqlandırılması müzakirəyə çıxarılıb
Tarix: 08-11-2017 14:23 | Bölmə: Xəbərlər
Kriminal hadisələrin işıqlandırılması müzakirəyə çıxarılıb

Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bəzi media vasitələri kriminal xəbərlər üzərində cəmləşir və bəzəb xəbəri şişirdirlər:

"Biz "google”da "Dağlıq Qarabağ”, "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu”, "Fədayə Laçın” və "Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Birinci yerdə "Fədayə Laçın”, ikinci yerdə "Dağlıq Qarabağ”, üçüncü yerdə "Qoca”, dördüncü yerdə "Bakı-Tbilis-Qars dəmir yolu” ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir”.

O bildirib ki, dustaqların qatardan qaçması faktı ilə bağlı Trend, AzərTAC və APA informasiya agentliklərində yalnız rəsmi məlumatlara əsasən xəbərlər yayılıb.

Ə.Amaşov qeyd edib ki, cəmiyyətdə kriminal xəbərlərə maraq var, lakin kriminal xəbərlər bəzən cəmiyyətə öz mənfi təsirini göstərir:

"Əgər hər hansı ölkədə kriminal xəbərlər geniş yer alırsa, həmin ölkədə cinayətkarlıq, cinayətlərin xarakteri artır, cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır, cəmiyyətdə qorxu atmosferi artır. Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ olunur ki, bu da öz növbəsində cəmiyyətdə mənfi ornək olur. Gənc bilmir ki, kim kimi ola bilər, qəhrəman kimi ola bilər və ya hansısa cinayətkar kimi ola bilər. Ən qorxulusu isə odur ki, kriminal xəbərlər fonunda hüquq-mühafizə orqanlarının düşmən obrazı yaradılır və bu da çox mənf haldır”.

Ə.Amaşov bildirib ki, baş verən hadisələr obyektiv işıqlandırılmalı, cəmiyyət obyektiv informasiya ilə təmin olunmalıdır:

"Bəzi hallarda informasiya şişirdilir ki, bu da cəmiyyətdə qorxu yaradır, guya hanısa paralel güclərin olmasından xəbər verir”.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev isə öz çıxışında deyib ki, öz reytinqini yüksəltmək hər bir media orqanının haqqıdır: "Ancaq cinayətkarın həyat tərzini populyarlaşdırmaqla bu reytinqi qazanmaq olarmı? Bu yanlış və zərərli mesajların cəmiyyət üçün hansı fəsadlar törədəcəyi medianı düşündürməməlidirmi?!

Bəzi vaxtlarda telekanallarda da xəbər buraxılışları bu və ya digər şəkildə cinayət hadisələri və bu tipli mənfi yüklü məlumatlarla zəngin olur, xəbərin təqdimatında balans pozulur və tamaşaçıya bədbin əhval-ruhiyyə aşılanır.

Düşünürəm ki, bu məsələdə də balans gözlənilməli, xəbər rəngarəngliyi təmin olunmalı, daha çox insanları pozitiv əhvala kökləyən material və məlumatlara üstünlük verilməlidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}