16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Prokurorluq vəzifəli şəxslərə cinayət işi açıb - Siyahı
Tarix: 29-11-2017 14:53 | Bölmə: Xəbərlər
Prokurorluq vəzifəli şəxslərə cinayət işi açıb

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 28 aprel 2017-ci il tarixli Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Reyting.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, adıçəkilən Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tikinti obyektlərində monitorinqlər aparıb. Bu növ obyektlərin sifarişçi, podratçı və ya subpodratçıları olan "İ.N.V.” və "Xəzər-SV” adlı MTK, "İnşaat konstruksiyaları”, "Fıleur global security groupP”, "Rahatlığın məkanı -Gold”, "Azko inşaat” və "Aves” adlı MMC-lər, eləcə də fiziki şəxs Azər Niftəliyevin sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış səyyar monitorinqlərin nəticələrinə dair həmin agentlikdən daxil olmuş sənədlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Məlumatda bildirilir ki, ilkin araşdırmalarla "İ.N.V.” MTK və "Aves” MMC-nin vəzifəli şəxslərinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə 2 cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilib.

Araşdırmalar zamanı həmçinin, "Rahatlığın məkanı- Gold” MMC və "Azko inşaat” MMC tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunduğundan, sözügedən hüquqi şəxslərin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün inzibati icraatın açılması barədə qərarlar qəbul edilib. Toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilib.

Məlumata görə, hazırda qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət və ya inzibati məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}