23:03 / 15-12-2018
Şərqi necə xilas etməli?
Orta məktəblərdə imtahanlara start verilir - 38 rayonda
Tarix: 12-12-2017 12:18 | Bölmə: Xəbər lenti
Orta məktəblərdə imtahanlara start verilir

Dövlət İmtahan Mərkəzi (DİM) 14 və 15 dekabr 2017-ci il tarixlərində respublikanın 38 şəhər və rayonunda (Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu,İmişli, Beyləqan, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən) ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.

Reyting.az-a DİM-ə istinadla xəbər verir ki, rayonlarda keçiriləcək monitorinq imtahanlarında 230 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 8554, rus dili fənni üzrə 339, riyaziyyat fənni üzrə isə 8546 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

Azərbaycan (rus) dili fənni üzrə imtahan 14 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00 da başlanacaq və 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.

Riyaziyyat fənni üzrə imtahan 15 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.

Xatırladaq ki, 6-cı siniflər üçün monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində 20 və 21 dekabr 2017-ci il tarixlərində keçiriləcək.

Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər