16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tibb ixtisasına plan yerləri azaldılıb
Tarix: 12-07-2018 15:39 | Bölmə: Xəbərlər
Tibb ixtisasına plan yerləri azaldılıb

"2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlandı. Demək olar ki, bütün ixtisaslar üzrə plan yeri artıb. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisası üzrə, ciddi azalma isə tibb ixtisası üzrə oldu”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov 2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerlərinə münasibət bildirərkən deyib. Kamran Əsədovun sözlərinə görə, keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb:

"2017-ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. Bu il isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb”.

K. Əsədov əlavə edib ki, idman ixtisası üzrə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb:

"Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. Bu il, 2018-ci ildə isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq 1505 plan yeri olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan yerləri 350 yer artıb.

Əlbəttə ki, ölkəyə sağlam, idmançı gənclər lazımdır. Amma etiraf edək ki, bədən tərbiyəsi ixtisasına qəbul olanların böyük əksəriyyəti başqa ixtisas qruplarına daxil ola bilməyib, təki universitet olsun prinsipi ilə bura gedənlərdir və bədən tərbiyəsi ixtisasını bitirənlərin demək olar ki, böyük əksəriyyəti bu istiqamətdə çalışmır. Halbuki regionlarda həkimlərə ciddi ehtiyac var”.

Ekspert hesab edir ki, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalı və tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Çünki gələcəkdə bu azalmanın mənfi nəticələri olacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}