Müharibə əlilləri üçün seminar keçirilib - Fotolar
Tarix: 15-08-2018 14:08 | Bölmə: Xəbərlər
Müharibə əlilləri üçün seminar keçirilib

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəbhəyanı rayonlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin kiçik biznesə cəlb edilməsi” adlı layihənin icrasını davam etdirir.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanovun Reyting.az-a verdiyi məlumata görə, layihənin İcra planına uyğun olaraq növbəti maarifləndirici seminar Füzuli rayonunda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün təşkil olunub. Burada məqsəd mina qurbanlarını və digər müharibə əlillərini kiçik biznes sahəsinə cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.

Füzuli rayonunda yaşayan mina qurbanları və digər müharibə əlillərinə Əfqanıstan və Qarabağ müharibələri zamanı mina qurbanı olmuş təlimçi tərəfindən kiçik biznesin praktiki əsaslarına dair, Qarabağ müharibəsində mina qurbanı olmuş hüquqşünas isə kiçik biznesin hüquqi əsaslarına aid maarifləndirici məlumatlar veriblər. Bundan başqa, tədbir iştirakşılarına Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünyadakı mina qurbanlarına tövsiyyə etdiyi “101 çox yaxşı ideya” məlumat vərəqi paylanıb.

Seminarda iştirak etmiş "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Füzuli rayon təşkilatının üzvləri bu tədbirin keçirilməsini yüksək qiymətləndirib, layihənin icrasına maliyyə yardımı ayırmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınına minnətdarlıq bildiriblər. Onlar kənd təsərrüfatı, heyvandarlıq, broyler sahələri ilə məşğul ola biləcəklərini, bu sahələrlə əlaqədar konkret layihələrinin olduğunu və bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu diqqətə çatdırıblar.

Müharibə əlilləri üçün seminar keçirilib
Müharibə əlilləri üçün seminar keçirilib
Müharibə əlilləri üçün seminar keçirilib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}