07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
Tarix: 07-10-2018 06:54 | Bölmə: Layihə
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”

İlqar Orucov deyir ki, ölkəmiz dünyanın kosmik klubunun üzvü olmağa qadirdir

Xəbər verildiyi kimi, bir həftə öncə Azərbaycanın "Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. "Azerspace-2” peyki orbitə "Arianespace” şirkətinə məxsus "Ariane-5″ ağır daşıyıcı raketi ilə göndərilib.

Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək. Bu, "Ariane-5" raket daşıyıcısı üçün yubiley - sayca 100-cü buraxılış olub. Onun göyərtəsində iki əcnəbi telekommunikasiya peyki – "Azerspace-2" və "Horizons 3e" var. Birinci aparat Azərbaycana, ikinci isə Yaponiyaya məxsusdur.

"Azerspace-2” Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir. Peyk "Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300” peyk platforması əsasında istehsal olunub.

"Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – "Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin IV kurs tələbəsi Fərdin Vətəni Azərbaycanın “Azerspace-2” peykinin Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılmasında iştirak edib. Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olan tələbə ali məktəbin “Nefq-qaz mühəndisliyi” ixtisasında təhsil alır. Ali məktəbin tələbəsi BANM ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirak edib. BANM-ə 690 balla daxil olan Fərdin Vətəni ali məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir, eyni zamanda Prezident təqaüdçüsüdür.

"Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov deyib ki, "Azerspace-2" peykinin orbital mövqeyinə çatması və testlərdən keçməsi üçün təxminən 5 ay vaxt lazımdır. R. Rüstəmov bildirib ki, əsas məqsəd "Azərkosmos”un təqdim etdiyi peyk xidmətlərinin çeşidinin və əhatə dairəsinin daha da genişləndirilməsi, ən əsası "Azerspace-1" peykinin orbitdəki ehtiyatının yaradılmasından ibarətdir: "Bilirsiniz ki, "Azerspace-1” peyki 2013-cü ildən fəaliyyət göstərir. Bu günədək ehtiyat peykin olmaması "Azərkosmos"un beynəlxalq tenderlərdə iştirakını məhdudlaşdırırdı. Hər iki telekommunikasiya peykimizin birgə gücü onun peyk texnologiyaları bazarındakı payını və mövqeyini daha da möhkəmləndirəcək”.

R. Rüstəmov diqqətə çatdırıb ki, "Azerspace-2" peykinin orbital mövqeyinə çatması və testlərdən keçməsi üçün təxmini tələb olunan 5 ay müddət keçdikdən sonra peykin idarəçiliyi Fransanın "Arianespace" şirkəti tərəfindən "Azərkosmos" ASC-yə təhvil veriləcək. Bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır olacaq.


Dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi gözlənilir.

“Azərkosmos” ASC tərəfindən (2018-ci ilin yanvar-avqust aylarında) dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edildiyi göstərilib. Cari ilin ilk 8 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 15,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2018-ci ilin avqust ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,3 milyon ABŞ dolları təşkil edib. “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 8 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”

Prezident İlham Əliyev Azərbaycanın "Azerspace-2” peykinin sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması münasibəti ilə xalqımızı təbrik ünvanlayıb.

Həmin təbrik məktubunda qeyd olunur ki, Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir: “Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: "Azərspace 1” telekommunikasiya peyki, "Azərsky” müşahidə peyki və "Azərspace 2”.

Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz "Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik.

Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”

Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.

Peyklərin, eyni zamanda, kommersiya tərəfi var. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artmışdır. Eyni zamanda, "Azərsky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk. İnfrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi – bütün bu işlərdə "Azərsky” müşahidə peykinin xüsusi rolu var.

Bir sözlə, əziz vətəndaşlar, əziz dostlar, bu gün ölkəmizin həyatında növbəti əlamətdar bir gündür. Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. "Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram”,- deyə dövlət başçısının təbrikində qeyd olunur.

“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Azərbaycanın "Azerspace-2” peykinin orbitə buraxılması müsbət hadisədir. Onun sözlərinə görə, bu təkcə kosmik sənayenin deyil, ölkəmizin bütün istiqamətlər üzrə inkişaf etdiyini göstərir:

“Bu gün elə bir dövrdə yaşayırıq ki, çağdaş dünyamızı informasiya texnologiyaları, kosmik rabitə olmadan təsəvvür etmək çətindir. İnformasiya texnologiyalarının, kosmik sənayenin inkişafı, peyk rabitəsi sahəsində artıq ölkəmizin də uğurları var.

Bu baxımdan Azərbaycanın ­ “Azerspace-2” peykinin orbitə buraxılması olduqca əlamətdar və sevindirici tarixi hadisədir. Ölkəmizin növbəti – üçüncü peykini orbitə çıxarması bir sıra aspektlərdən əhəmiyyətlidir.

Birincisi, Azərbaycan öz mövqeyini kosmik sənaye sahəsində daha da gücləndirir.

Ölkəmizin müstəqilliyinin ilk illərində informasiya blokadasında qaldığı dövrləri yada saldıqda, kosmik fəzaya növbəti peykimizin buraxılmasının əhəmiyyətini anlamaq elə də çətin deyil.

İkincisi, cənab Prezident İlham Əliyevin xalqa təbrikində “Azərspace 2” peykinin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edildiyini bildirməsi də çox təqdirəlayiq haldır”.


İ. Orucov nəzərə çatdırıb ki, bu, bir daha göstərir ki, Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, özünün düzgün siyasəti ilə bütün sahələrdə olduğu kimi, kosmik sənaye və rabitə sahəsində də mövqeyini ortaya qoymağa, dünyanın kosmik klubunun üzvü olmağa qadirdir: “Bu, bir reallıqdır ki, həmin peyklərimiz vasitəsilə Azərbaycanın televiziya kanalları dünyaya yayımlanır. Bu, Azərbaycan həqiqətlərinin, ölkəmizdə və regionda baş verən ictimai-siyasi, mədəni tədbirlərin və yeniliklərin müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdırılması deməkdir. Bu baxımdan “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki, “Azərspace 2” peykinin əhəmiyyəti olduqca böyükdür. Sevindirici haldır ki, bu peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onlar da əsasən gənclərdir. İnanıram ki, üçüncü peykimizin orbitə buraxılması Azərbaycanın nüfuzunu kosmik sənaye sahəsində, eləcə də digər sahələrdə daha da artıracaq və mövqeyimizin daha da möhkəmləndirilməsinə yeni təkan verəcək”.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}