İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
Tarix: 15-10-2018 01:12 | Bölmə: Layihə
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib

Ramin Quluzadə deyir ki, İKT sahəsinə marağı artırmaq üçün 6 müsabiqə üzrə 117 layihəyə qrant ayrılıb

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti ciddi nəticələr verməkdədir. Prezident İlham Əliyevin də bu sahəyə xüsusi diqqət ayırması İKT sektorunda irəliləyişlərə nail olmaq üçün imkanları daha da genişləndirir.

Məlum olduğu kimi, oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda İKT sahəsindəki uğurlardan və görüləcək işlərdən danışılıb. Prezident çıxışı zamanı bu il ərzində əldə olunan nailiyyətlədən söz açıb: “Xüsusilə bu yaxınlarda orbitə çıxarılmış "Azerspace-2" peykini qeyd etmək istərdim. Bu, böyük nailiyyətdir. Bu, kosmik dövlət kimi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Bizim indi 3 peykimiz var. "Azerspace-2" peykinin orbitə çıxarılması bizim böyük qələbəmizdir. Eyni zamanda, bu sahədə görüləcək işlər bizə əlavə vəsait gətirəcək”.

İlham Əliyev qeyd edib ki, peykin imkanlarının demək olar yarısı, bəlkə də yarıdan çoxu artıq satılıb: “Bundan sonra qalan təqribən 40 faiz hələ ki, bölüşdürülməyib. Peykin xidmət potensialı - o da bölüşdürüləcək. Bu, kommersiya baxımından çox əlverişli layihədir, özünü tam doğruldacaq və bizə böyük həcmdə valyuta gətirəcək. Bu, bir ixrac növüdür. Eyni zamanda, kadr hazırlığı, texnologiyaların inkişafı baxımından çox önəmli layihədir. Biz haqlı olaraq fəxr edə bilərik ki, bizim indi 3 peykimiz vardır”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə isə çıxışı zamanı bu il ərzində həyata keçirilən tədbirlərdən, dövlət proqramlarından danışıb. Nazir ölkə başçısına məruzə edərkən bildirib ki, dövlət başçısının bütün tapşırıqlarının yerinə yetirilməsi üçün səylər göstərilib:

“Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda da prioritet olmaqla, daim diqqət və qayğınızla əhatə edilib. Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə sahənin inkişafı ilə bağlı konkret hədəflər müəyyən edilib. Bu istiqamətdə nazirlik tərəfindən bir çox işlər görülüb və layihələr həyata keçirilib.

Nazirliyin əsas fəaliyyət istiqamətlərindən olan telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərin göstərilməsi üzrə müvafiq işlər aparılır. Bu istiqamətdə regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək.

Bakı şəhərində bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. Bu layihələr nəticəsində ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq.

Görülən işlər nəticəsində ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai WiFi” istifadəyə verilib”.

Nazir bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Onun sözlərinə görə, sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib:

“Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir. Qeyd etmək lazımdır ki, hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb”.

Nazir diqqətə çatdırıb ki, beynəlxalq səs trafikinin etibarlığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib.

Azərbaycanın təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən yeni fiber-optik magistralın yaradılmasını nəzərdə tutan Trans-Avrasiya Super İnformasiya Magistralı - TASİM layihəsi üzrə müvafiq danışıqlar davam etdirilir. TASİM Konsorsiumuna daxil olan dövlətlərin operatorları arasında layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı artıq protokol imzalanıb.

İKT-nin geniş tətbiqi, informasiya mübadiləsinin həcminin artması, məlumatların vahid mərkəzdə və təhlükəsiz saxlanması ölkədə Data Mərkəzin yaradılmasını da zəruri edib. R.Quluzadənin sözlərinə görə, sevindirici haldır ki, regionun ən təhlükəsiz və müasir standartlara cavab verən Data Mərkəzi Azərbaycanda qurulub: “Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TIER III yüksək təhlükəsizlik standartlarına cavab verir. Mövcud Data Mərkəzdəki məlumatların qorunma təhlükəsizliyini artırmaq məqsədilə Yevlax şəhərində Ehtiyat Data Mərkəzin tikintisinə başlanılıb”.

R.Quluzadə onu da nəzərə çatdırıb ki, ölkəmizdə “Açıq Hökumət Məlumatları”nın geniş tətbiqinə start verilib və Açıq Hökumət Məlumatları Portalı yaradılıb. Hesabat dövründə portalda olan açıq məlumatların sayı 655-ə çatdırılıb: “Elektron mühitin inkişafında önəmli rolu olan elektron imzadan istifadənin genişlənməsi ilə yanaşı, imzaların dövlətlərarası qarşılıqlı tanınması istiqamətində işlər aparılır. Cari ildə Türkiyə Respublikası ilə elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə “Şəbəkə” xidmət mərkəzləri yaradılır. Hesabat dövründə 7 yeni Şəbəkə xidmət mərkəzi istifadəyə verilərək Bakıda və regionlarda onların sayı 10-a çatdırılıb. Gələcəkdə bu layihə davamlı olaraq həyata keçiriləcək. Telekommunikasiya və poçt sahəsində vətəndaşların müraciətlərini operativ və keyfiyyətli cavablandırmaq üçün yeni vahid Çağrı Mərkəzi yaradılıb.

Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və Azərpoçt tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçt daşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir.

Keyfiyyətin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə ölkəmizin bütün ərazisində televiziya yayımı tam olaraq rəqəmli rejimə keçirilib. Bununla da Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə müəyyən etdiyi öhdəlik yerinə yetirilib. Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün hesabat dövründə yeni alternativ “Gənclik” teleqülləsi istifadəyə verilib.

Fəaliyyətimizin əsas istiqamətlərindən biri də İKT sahəsinə marağı artırmaq və gənclərin innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdir. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu məqsədlə keçirdiyi 6 müsabiqə üzrə ümumilikdə 117 layihəyə qrant ayırıb. Eyni zamanda, Fondun vəsaiti hesabına sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilir”.

Nazir onu da vurğulayıb ki, Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında müasir standartlara cavab verən yeni İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı işlərə start verilib. “Mingəçevir Yüksək Texnologiyalar Parkında isə kompüter avadanlıqlarının istehsalı üzrə layihə icra olunmaqdadır. Azərbaycan 2001-ci ildən etibarən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvüdür. Ölkəmizdə regionun ilk nüvə sterilizasiya qurğusu yaradılıb. Bu qurğu tibbi ləvazimatların, ərzaq məhsullarının, kənd təsərrüfatı məhsullarının dünya praktikasında mövcud olan ən təhlükəsiz şəkildə sterilizasiya edilməsinə imkan verir. Cənab Prezidentin təşəbbüsü və dəstəyilə həyata keçirilən nəhəng regional layihələr ölkəmizin nəqliyyat qovşağına çevrilməsinə, tranzit potensialının güclənməsinə xidmət edir. Bu il mayın 14-də açılışı olmuş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi olmaqla, bölgənin əhəmiyyətli tranzit nöqtəsinə çevrilib. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması, habelə gəmilərin standartlara uyğunluğunun yoxlanması, dəniz üzgüçülüyünün təhlükəsizliyi və liman nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılmaqdadır”.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər