Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
Tarix: 20-10-2018 20:14 | Bölmə: Layihə
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır

İnformasiya Texnologiyaları İnstitutunda elektron dövlətin çatışmazlıqları və problemdən çıxış yolları müzakirəyə çıxarılıb

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində inkişaf, eləcə də informasiyalı cəmiyyətin formalaşması yönündə elmi araşdırmalar davam etdirilir. Bu sahədə həyata keçirilən elmi araşdırmalar və layihənin icrası AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yüksək səviyyədə icra olunur.

“Reytinq” qəzeti xəbər verir ki, bir neçə gün öncə İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev tədbirin “Elektron dövlətin çatışmazlıqları və onların aradan qaldırılması üçün bəzi mövcud yanaşmalar” mövzusuna və şöbə əməkdaşlarının apardıqları elmi tədqiqatlar ilə əlaqədar məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra məruzə ilə çıxış edən institutun dissertantı Aynur Qurbanlı dövlət orqanlarında elektron xidmətlərin təşkili və vəziyyəti haqqında məlumat verib. O, e-cəmiyyətin əsasını təşkil edən e-təhsil, e-biznes, e-iş, e-ticarət və s. sahələrin səmərəli təşkili üçün dünya təcrübəsindən danışıb. E-dövlətin şəffaflıq, demokratikləşmə, rahatlıq, sürətlilik və effektivlik kimi üstünlüklərə malik olduğunu söyləyən məruzəçi e-dövlətin dövlət orqanlarının e-xidmətlərindən istifadəni artırdığını, xidmət rüsumlarını azaltdığını bildirib. Qeyd edib ki, e-dövlət vətəndaşları daha çox cəlb etmək və xidmətdən yararlanmalarını təmin olunması üçün gələcək qərarların, eləcə də dövlət qurumlarının büdcəsinin artırılması, həmçinin xidmətləri təkmilləşdirməklə bağlı qərarların verilməsini təmin edir.

Elektron xidmətlərin təşkilində rast gəlinən çatışmazlıqlar haqqında məlumat verən A. Qurbanlı bu çatışmazlıqların aradan qaldırılması üçün veb səhifələrdə olan məlumatlılığın etibarlılıq dərəcəsi, İnternetdə ictimai girişdə bərabərsizlik, kibercinayətkarlığın mövcud olması, şəffaflıq və məsuliyyətin düzgün anlaşılmaması və s. məsələlərin həllinə ehtiyac olduğunu diqqətə çatdırıb.

Dissertantın elmi rəhbəri akademik Rasim Əliquliyev mövzunun aktuallığını önə çəkərək qeyd edib ki, informasiya texnologiyalarının cəmiyyətdə, insanların həyatında rolunun sürətlə artması e-dövlətdə xidmətlərin sayının da çoxalmasına səbəb olub. R. Əliquliyev bildirib ki, vətəndaşa xidmət göstərən hər bir qurumun xidmət kriteriyaları, meyarlar sistemi vardır ki, bu meyarlar dəqiq müəyyənləşdirilməli, onların əsasında qərarların qəbulunu yerinə yetirən intellektual sistem qurulmalıdır.

R. Əliquliyev e-dövlətin inkişafına mane olan e-vətəndaş problemindən söz açaraq bu problemlə bağlı kompleks tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:

“Vətəndaşlara e-dövlətin təqdim etdiyi – e-imza, e-ticarət, e-biznes və digər xidmətlərdən, eləcə də e-qurğulardan istifadə bacarıqları aşılanmalı, hüquq və vəzifələr öyrədilməlidir. Vətəndaşlar dövlət qurumuna sərbəst şəkildə müraciət edə bilmək üçün müəyyən biliklərə malik olmalıdır”.

Şöbə rəhbəri tədqiqatçıya cəmiyyətin idarə olunması məsələlərinin, sosiologiya və politologiya elmlərinin dərindən öyrənilməsini, elmi fəaliyyətin sürətləndirilməsini və əldə olunan nəticələrlə bağlı məqalənin hazırlanmasını tövsiyə edib.

Daha sonra seminar iştirakçıları apardıqları elmi araşdırmalar ilə əlaqədar gördükləri işlər haqqında məlumat veriblər.

Akademik R. Əliquliyev əməkdaşlara elmi işlərini uğurla davam etdirmələri istiqamətində müəyyən tövsiyələr verib. Qeyd edib ki, Azərbaycanda elmin inkişafı üçün bütün imkanlar mövcuddur və bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Akademik, gənc alimlərin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Bilik Fondu, SOCAR-ın Elm Fondu, Azərbaycan Respublikasının Gənclər Fondu və müxtəlif beynəlxalq qurumların təşkil etdikləri qrant müsabiqəsində fəal iştiraklarını tövsiyə edib.

Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır

“Reytinq” xəbər verir ki, institutun araşdırmaları bununla bitmir. Belə ki, bu günlərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan iclasın sədri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova gündəlikdə duran məsələ haqqında məlumat verib. Seminarın institutun dissertantı İsmayıl Sadıqovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğu bildirilib.

Sonra dissertant İ. Sadıqov “Statistik təhlil əsasında mətnlərin qiymətləndirilməsi metodları və alqoritmlərinin işlənməsi” adlı dissertasiya işini təqdim edərək onun giriş, 4 fəsil, nəticə və 116 adda ədəbiyyat siyahısından ibarət olduğunu bildirib. Qeyd edib ki, mövzu üzrə 6 elmi məqalə, 1 ekspress-informasiya çap edilib, 1 tətbiqi proqram və 1 veb-sayt hazırlanıb.

Məruzəçi işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdıraraq bildirib ki, dissertasiya işində mətnlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün riyazi modellərin qurulmasının zəruriliyinin əsaslandırılması və mövcud qiymətləndirmə düsturlarının Azərbaycan dilinin özəllikləri nəzərə alınmaqla uyğunlaşdırılması, Azərbaycan dilindəki mətnlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün avtomatlaşdırılmış texnologiyaların işlənib hazırlanması, bəzi dünya ədəbiyyatı nümunələrinin orijinalının və onların Azərbaycan dilinə tərcümələrinin oxunabilirliyinin müqayisəsi, eləcə də hazırlanmış metodika əsasında məktəb dərsliklərinin mürəkkəbliyinin və şagirdlərin yaş səviyyəsinə uyğunluğunun qiymətləndirilməsi kimi məsələlər qoyulub.

İ. Sadıqov dissertasiya işinin məqsədinin Azərbaycan dilindəki mətnlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün riyazi modellərin (oxunabilirlik düsturları) qurulması və avtomatlaşdırma vasitələrinin (müvafiq proqram təminatı) hazırlanması olduğunu nəzərə çatdırıb.

O, dissertasiya işində əldə olunmuş nəticələri təqdim edib. İ. Sadıqovun sözlərinə görə, tədqiqat işində ingilis dilindəki mətnlər üçün olan ən məşhur oxunabilirlik düsturlarından ikisi Azərbaycan dili mətnləri üçün modifikasiya edilib, bu düsturlar müxtəlif mətnlər üçün sınaqdan keçirilib və onların düzgünlüyü təcrübədə öz təsdiqini tapıb. Həmçinin Azərbaycan dili mətnlərinin statistik göstəricilərinin hesablama prosesinin avtomatlaşdırılması üçün müvafiq proqram təminatı hazırlanıb və Azərbaycan dili mətnlərinin statistik göstəricilərinin və oxunabilirliyinin hesablanması üçün hər kəsin istifadəsinə açıq olan veb-sayt (www.oxunabilir.az) yaradılıb.

Məruzəçi həmçinin qeyd edib ki, işdə Azərbaycanın ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərin ilk dəfə olaraq statistik təhlili aparılıb. Eyni zamanda Azərbaycan dili mətnləri üçün modifikasiya edilmiş Fleşin oxuma asanlığı və Fleş-Kinkeydin təhsil səviyyəsi düsturları əsasında Azərbaycanın ümumtəhsil məktəblərində hazırda istifadə olunan dərsliklərin oxunabilirlik səviyyələri hesablanıb.

İddiaçı dissertasiya işinə dair sualları cavablandırıb. Müzakirələrdə professor M. Məmmədova, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev iştirak edərək sual və təkliflərini səsləndiriblər.

Daha sonra elmi rəhbər, AMEA-nın akademik-katibi Rasim Əliquliyev çıxış edərək mövzunun aktual məsələlərə həsr olunduğunu bildirib. Alim dissertasiya işinin Azərbaycan dilindəki mətnlərin mürəkkəblik səviyyəsinin qiymətləndirilməsinə dair ilk elmi iş olduğunu qeyd edib.

“Bu tədqiqat yeni bir elmi istiqamətin başlanğıcıdır”, – deyən alim, son illər ölkədə linqvistik informatika və kompüter dilçiliyi ilə bağlı çoxsaylı araşdırmaların aparıldığını, dissertasiya işlərinin hazırlandığını diqqətə çatdırıb.

R. Əliquliyev dissertasiya işi çərçivəsində hazırlanmış www.oxunabilir.az veb-saytının ölkəmizdə dərslik və dərs vəsaitlərinin hazırlanmasında müəlliflər, nəşriyyat rəhbərləri və redaktorlar, tədris vəsaitlərinin qiymətləndirilməsində iştirak edən ekspert qruplarının üzvləri, veb-sayt yaradıcıları, kütləvi-informasiya vasitələrinin rəhbərləri və ümumiyyətlə, mətnlərlə işləyən hər kəs üçün zəruri mənbə olduğunu qeyd edib.

Akademik, tədqiqat işində tədris materiallarının, müxtəlif mətnlərin oxunabilirliyinin avtomatik qiymətləndirilməsi ilə bağlı əldə olunan elmi nəticələrin praktikada uğurla tətbiq olunduğunu vurğulayıb.

Elmi rəhbər, həmçinin bir sıra tövsiyələr səsləndirib. Oxunabilirliyə mane olan amillər arasında morfoloji, sintaktik, semantik, terminoloji və semiotik amillərin dissertasiya işində təqdim olunmasının vacibliyini diqqətə çatdırıb.

R. Əliquliyev elmi işin ölkəyə yeni bir texnologiyanın gətirilməsi baxımından əhəmiyyətini önə çəkərək seminar iştirakçılarını iddiaçıya dəstək olmağa çağırıb.

Dissertasiya işinə dair təyin olunan resenzentlər – AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildiriblər. Alimlər tədqiqatın AAK tərəfindən texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd edib, irad və təkliflərini səsləndiriblər.

Daha sonra səsvermə keçirilib və dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olunub.

Müsbət məqamlardan biri də odur ki, bu sahədəki uğurlar ölkə hüdudlarını da keçir. Belə ki, İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Şəbəkələr, Kommunikasiyalar, Naqilsiz və Mobil Hesablamalar” üzrə III beynəlxalq konfransın (3rd International Conference on Networks, Communications, Wireless and Mobile Computing) proqram komitəsinin üzvü seçilib.

24-25 noyabr 2018-ci il tarixlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək tədbirin əsas istiqamətlərinə kommunikasiya şəbəkələrinin arxitekturaları və dizayn, şəbəkə tətbiqləri, şəbəkə əməliyyatı və idarəetmə, şəbəkə təhlükəsizliyi və gizlilik, mobil Ad-hoc və sensor şəbəkələri, peyk kommunikasiyaları, naqilsiz multimedia sistemləri, kriptoqrafiya, təhlükəsizlik və mobil şəbəkələrin gizliliyi kimi mövzular daxildir.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər