23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
Tarix: 19-11-2018 09:46 | Bölmə: Layihə
 Vətəndaşlara “şəxsi kabinet” hazırlanır

“Qabaqlayıcı hökumət” vətəndaş dövlətə müraciət etmədən, müvafiq məlumatları ona göndərəcək

Dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə, innovativ həllərin tətbiqi Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb.

Ölkə üzrə internet şəbəkəsinin qurulması, Açıq hökumətin təşviqi internetdən istifadə edənlərin sayının artmasına səbəb olub, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilib. Bununla yanaşı, son illər vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq əsas hədəfə çevrilib. Bütün bunlara görə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi, “Rəqəmsal hökumət”ə keçid prosesinin sürətləndirilməsi zərurəti yaranmışdı. Bu işlərin sürətlə həyata keçirilməsi üçün Prezident İlham Əliyev 2018-ci il martın 14-də “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Bu Fərmanla “Elektron hökumət” sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs fəaliyyətə başlayıb.

Noyabrın 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev binada yaradılan şərait barədə məlumat veriblər.

Qeyd edək ki, Nərimanov rayonu, Atatürk prospekti 89 ünvanında yerləşən beşmərtəbəli inzibati binada “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Burada startaplara və innovasiyalara dəstək ekosisteminin elementləri olan “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin İT savadlılığının artırılması məqsədilə İT Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək. “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, “İNNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişafı, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. “İNNOLAND” Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Buradakı “Kovörkinq” mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “İNNOLAND”də fəaliyyət göstərəcək “Kovörkinq” mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.

İT Təlim-Tədris Mərkəzi isə gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərin öyrədildiyi, kodlaşdırma bacarıqlarının verildiyi məkandır. Mərkəzdə süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dillərinə üstünlük verilir. Dərslər “bootcamp” formatında üç ay ərzində hər gün keçirilir. İnkubasiya dövründə startaplara ideyalarının formalaşdırılmasına kömək göstərilir. Bu müddətdə əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlər üzrə ildə 4 dəfə ideya müsabiqəsi elan olunur. Müvafiq meyarlara əsasən müsabiqəyə əvvəlcədən müəyyənləşdirilmiş say üzrə ideya qəbul edilir. İnkubasiya dövründə uğurla formalaşmış ideyaların ilkin versiyaları test edilməsi, prototiplərin hazırlanması üçün akselerasiya mərhələsinə keçirilir. Bu mərhələdə komandaya mütəmadi şəkildə mentor dəstəyi göstərilir. Mərkəzdə fəaliyyət göstərən startaplar İnkubasiya və Akselerasiya dövründə “İNNOLAND”ın innovasiyalar və İKT sahəsində ümumi fəaliyyətindən də yararlanacaqlar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada innovativ layihələrlə də tanış oldular.

Bildirilib ki, “Wattbooster” qurğusu elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsinin hesabına daha çox enerji istehsal edir. Nəticədə elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət olunur. Hələlik bu qurğu mobil operatorların antennalarının elektrik enerjisinin sərfiyyatının azaldılması üçün nəzərdə tutulub.

“Lia” adlı spinal qurğu onurğa sütununun vəziyyətinə nəzarət edir və insanda düzgün qamət yaradır. Mikrokontroller və iki sensordan ibarət olan, çiyindən asılan “Lia” minimum 3 həftədən sonra heç bir narahatlıq hissi doğurmadan onurğa sütununu düzəltməyə kömək edir. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək duruşun düzgünlüyünü yoxlayır. İstifadəçinin duruşu səhv vəziyyətdə olduğu halda telefonuna bildiriş gəlir və qaməti düzəltmək yada salınır.

“Safee” adlı ixtira yolda təhlükəsiz şəkildə, əsasən axşam vaxtı velosiped sürmək üçün dizayn edilib. Cihaz təhlükəsizlik işarələrini velosiped sürücüsünün bel nahiyəsinə əks etdirir. Nadir cihaz istehsal olunduğu ilk gündən dünya mediasında böyük maraq doğurub. Belə ki, BBC, Mirror, Yahoo və digər media qurumlarında layihə haqqında məqalələr dərc edilib və o, bir neçə qlobal mükafata layiq görülüb. Yaxın gələcəkdə kütləvi istehsalına başlanılacaq bu cihaz üçün bir sıra ölkələrdən yüzlərlə sifariş daxil olub.


“Wetravel” isə turizm şirkətləri üçün ödəmə şəbəkəsidir. Şəbəkə istifadəçisi olan şirkətlər bir-birləri ilə pul mübadiləsini ən aşağı komissiya ilə həyata keçirə bilərlər. Otellər, hostellər, aviaşirkətlər, səyahət agentlikləri və bu qəbildən digər şirkətlər platformanın imkanlarından yararlana bilərlər. “Wetravel” istifadəçilərə səyyah məlumatının, ödənişlərin asanlıqla toplanması, ən aşağı məzənnə ilə beynəlxalq ödənişlər kimi imkan yaradır. Platforma vasitəsilə 80-dən çox ölkəyə minlərlə səfər təşkil edilib. “Namo Media” onlayn reklam idarəetmə sistemidir. Fox, ESPN kimi böyük xəbər saytlarının reklam idarəetməsi bu sistemlə həyata keçirilir. “Namo Media” 2014-cü ildə Twitter şirkəti tərəfindən 50 milyon dollar dəyərində qiymətləndirilərək alınıb. Bu startaplar azərbaycanlı təsisçilər tərəfindən hazırlanıb və qlobal bazarı hədəfləyir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Elektron hökumət”in yeni inkişaf konsepsiyası barədə də ətraflı məlumat verilib.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov Mərkəzin yaranma məqsədi barədə detalları açıqlayıb . O bildirib ki, Mərkəz ölkədə “Elektron hökumət” sahəsində siyasətin icrasını həyata keçirir: “Mərkəzin binasında vətəndaşa birbaşa xidmət olmayacaq, vətəndaşlar xidməti e-gov.az portalı vasitəsilə alacaqlar. Mərkəz fasiləsiz fəaliyyət göstərəcək, vətəndaşlar elektron portaldan həftənin 7 günü, 24 saat xidmətlər alacaqlar. Bina zirzəmi qatı ilə birlikdə beş mərtəbədən ibarətdir. Orda ekosistem yaradılıb, yəni binada həm ideya sahibləri, həm o ideyanı inkişaf etdirənlər, investorlar, dövlət təşkilatları, biznes mühit və elmi camiyə olacaq. Bütün bu konsepsiyada irəli gələrək bina dörd ana hissədən ibarətdir. Binanın ümumi adı Elektron Hökumətin İnkişafı Mərkəzidir. Birinci mərtəbə “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzi adlanır. “İnnoland” (innovasiyalar məkanı) startapların inkubasiya, akselerasiya və araşdırma mərkəzidir, eyni zamanda “Kovörkinq”dir. İnkubasiya odur ki, insanlar mərkəzə gələrək ideyalarını orada münsiflər heyətinə təqdim edəcək. Münsiflər isə ideyanı izləyərək qərar verəcək ki, uğurlu ideyaların sahibləri bu binada oturub ofis kimi infrastrukturdan istifadə etməklə işləsin. İki-üç ay ərzində seçilən ideyanın rəhbəri üçün plan cızılır, sonda nəticə münsiflər heyətinə təqdim edilir. Həmin müddətdə o öz ideyasını inkubasiya edir, yəni yetişdirir. Əgər verilən müddətin sonunda müsbət qərar verilirsə, keçir akselerasiya prosesinə, bu proses ideyanın sürətlənməsidir, yəni ideyanın artıq işlək modelə keçirilməsi hesab olunur. Bu proses də müəyyən zaman alır. Zirzəmi qatında isə onların hazırladığı ideyanın ilkin istehsalı, prototipləri hazırlanacaq. Əgər ideya yaşasa, onun qlobal mühitə çıxışı təmin olunacaq. Sertifikatının alınması, patentə müraciət olunması və s... Zəncirin bütün halqaları bu binada öz əksini tapır”.

Mərkəz rəhbəri deyib ki, binada İT Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək. Onun sözlərinə görə, bu üçüncü ana hissədir və bura isə gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərin öyrədildiyi, kodlaşdırma bacarıqlarının verildiyi məkandır: “Mərkəzdə startapda oturan adamlara biznes, mühasibatlıq bilikləri, süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dilləri ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu həm fərdi şəxslər üçün, eyni zamanda dövlət qurumunun əməkdaşları üçün nəzərdə tutulur. Dördüncü ana hissə isə “Elektron hökumət”dir. İkinci mərtəbənin yarıdan çoxu, üç və dördüncü mərtəbə e-hökumətin əməkdaşlarına aid olacaq. “Elektron hökumət”də Azərbaycanda mövcud olan bütün dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası həyata keçiriləcək, “Eelektron hökumət” sahəsində elektron layihələr icra olunacaq. Məsələn, “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN wifi”, “Elektron lisenziya”, “Elektron kənd təsərrüfatı” və digər gələcəkdə yaranacaq elektron xidmətlərin inteqrasiyasını həmin təşkilat həyata keçirəcək.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs mart ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin inzibati binasında fəaliyyət göstərir. Hazırda 200-dən çox işçimiz var. Gələcəkdə vakansiyalarımız olsa Elektron Hökumətin İnkişafı Mərkəzinin öz saytında (dijital.gov.az) elan edəcəyik. Sayt yaxınlarda xidmətinizdə olacaq. Qeyd etdiyim mərkəzin saytıdır, “Elektron hökumət” portalının saytı isə “e-gov.az”dır, portalın Facebook səhifəsi də var. Facebook saatlarında hər gün müxtəlif vaxtlarda məlumatlar, e-hökumətdən istifadə ilə bağlı maarifləndirici çarxlar paylaşılır”.

Maraqlıdır, mərkəzin fəaliyyətə başlaması vətəndaşların həyatında nə dəyişəcək? Fariz Cəfərov deyib ki, hansı dövlət qurumunda ki, informasiya elektronlaşmayıb, onlar elektronlaşacaq. “Dövlət qurumları arasında inteqrasiya tam təmin olunacaq, bu da imkan verəcək ki, vətəndaşlar qurumlara sənədlər təqdim etməyəcək, sadəcə FİN nömrəsini təqdim etməklə onlara aid olunan məlumatlar tapılacaq. Bir dövlət qurumuna verilən məlumatı digər dövlət qurumu tələb etməyəcək. Sonra hər vətəndaşın e-hökumətdə “şəxsi kabineti” olacaq. Vətəndaş e-imzası ilə daxil olub özünə aid məlumatları orda görəcək. Buna “qabaqlayıcı hökumət” deyilir, yəni vətəndaş dövlətə müraciət etmədən, dövlət vətəndaşa aid məlumatları ona göndərir. Məsələn, nəqliyyat vasitəsi cərimə olunubsa, avtomatik “Şəxsi kabinet”dəki cərimələr bölməsində ona baxmaq olacaq. “Təhsil” bölməsində diplomları, “Arayış” hissəsində əmək haqqısını, əmək kitabçasının elektron versiyasını görə biləcək. Vətəndaşlar buradan öz məlumatlarını dəyişdirə biləcəklər. “Şəxsi kabinet” “ASAN xidmət”in elektron versiyası olacaq”, – deyə məkəz rəhbəri fikrini tamamlayıb.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}