Elektron dövlət və E-elm... - Yeniliklər
Tarix: 25-11-2018 08:57 | Bölmə: Layihə
Elektron dövlət və E-elm...

İKT yenilikləri və E-dövlət mühitində cəmiyyətdəki münasibətlər müzakirə olunub


AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elektron dövlət, İKT yenilikləri və digər sahələr üzrə eli araşdırmalar davam etdirilir. Bu səbəbdən də mütəmadi olaraq elmi mzakirələr, seminarlar, konfranslar təşkil olunur. Bir neçə gün öncə İnstitutda “E-dövlət mühitində cəmiyyətdəki münasibətlərin avtomatik aşkarlanması sisteminin konseptual modeli” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.

İnstitutdan “Reytinq”ə verilən məlumata görə, 17 saylı şöbənin əməkdaşı, baş mütəxəssis İradə Ələkbərova məruzəni təqdim edərək öncə problemin aktuallığını diqqətə çatdırıb. Bildirib ki, elektron dövlətin formalaşdığı müasir cəmiyyətdə müxtəlif infrastrukturlarda çox böyük həcmdə fərdi məlumatlar toplanılaraq strukturlaşdırılmış, əksər hallarda isə strukturlaşdırılmadan saxlanılır. Bu fərdi məlumatların bir hissəsi müxtəlif məqsədlər üçün istifadə olunsa da, böyük qismi istifadə olunmur. Banklar, sığorta şirkətləri, işə qəbul komissiyaları və s. sektorlarda vətəndaşların şəxsi həyatı, cəmiyyətdə və virtual məkanda davranışı haqqında fərdi məlumatlara maraq çoxalmaqdadır.

“Fərdi məlumat dedikdə şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat nəzərdə tutulur”, – deyən baş mütəxəssis fərdi məlumatların toplanılması, emalı və ötürülməsinin yalnız “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirildiyini bildirib.

Fərdi məlumatların açıq və ya gizli olduqlarını bildirən məruzəçi açıq fərdi məlumatların mənbələrinə sorğu sistemləri, ünvan kitabçaları, təşkilatlarının açıq veb-saytlarının, gizli fərdi məlumatların mənbələrinə isə sosial media, rəqəmsal iz, səhiyyə üzrə hesabatlar, təhlükəsizlik sistemlərinin aid olduğunu qeyd edib.

Sosial münasibətlərin analizi

O, fərdi məlumatların informasiya sistemlərinin kateqoriyaları haqqında da məlumat verib. Biometrik, açıq, gizli, xüsusi kateqoriyalı, maliyyə xarakterli və digər fərdi məlumatları emal edən informasiya sistemlərinin mövcud olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, sosial media üzərindən açıq fərdi məlumatları emal etməklə də gizli məlumatları aşkarlamaq, qiymətləndirmə aparmaq və proqnozlaşdırmaq mümkündür. Rəqəmsal izin (digital footprint) rəqəmsal fəzada istifadəçi haqqında verilənlər bazasını təşkil etdiyini vurğulayan İ. Ələkbərova ondan monitorinqlərin aparılması, təhlükəsizlik məsələləri, sosial və iqtisadi tədqiqatlarda istifadə olunduğunu qeyd edib. Əlavə edib ki, rəqəmsal izlərin analizində maşın təlimi, verilənlərin intellektual analizi, “text mining”, nitqin emalı kimi müxtəlif analitik yanaşmalardan istifadə olunur.

Məruzəçi sosial kredit sistemi və fərdi məlumatlardan söz açaraq bu sistemin vətəndaşlar arasında münasibətlərin və vətəndaşla e-dövlət arasında etimadın müəyyən olunması üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, Çin Xalq Respublikasında 2020-ci ildə istismara buraxılacaq sosial kredit sistemi (Social Credit Score) vasitəsilə fərdi məlumatları analiz etməklə vətəndaşların davranışlarının qiymətləndirilməsinə yönəlmiş yeni mühitin yaradılması nəzərdə tutulur.

Sonra o, cəmiyyətdəki münasibətlərin avtomatik aşkarlanmasının konseptual modelini seminar iştirakçılarına təqdim edərək, sistemin üstünlükləri və analiz metodlarından söz açıb. Qeyd edib ki, sistemdə hər bir vətəndaş üçün fərdi verilənlər gölünün (data lake) yaradılması “Big data” probleminin qismən həllinə səbəb ola bilər.

İ. Ələkbərova araşdırmaların nəticəsi haqqında məlumat verərək bildirib ki, e-dövlət mühitində sosial münasibətlərin analizi üçün nəzərdə tutulan fərdi məlumatlar və onların mənbələri müəyyənləşdirilmiş, fərdi məlumatların informasiya sistemləri analiz olunmuş və təsnifatlandırılmışdır. Həmçinin cəmiyyətdəki münasibətlərin avtomatik aşkarlanması sisteminin konseptual modeli hazırlanmışdır.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev məsələnin aktuallığını önə çəkərək bildirib ki, cəmiyyətdəki münasibətləri aşkarlamaq üçün öncə cəmiyyətin analiz edilməsi, münasibətlərin təsnifatlandırılması, vətəndaşlar arasında sosial əlaqələrin xüsusiyyətinin öyrənilməsi tələb olunur.

R. Əliquliyev bu istiqamətdə elmi fəaliyyətin sürətləndirilməsini, eləcə də tədqiqat zamanı qraflar nəzəriyyəsindən istifadə olunmasını, cəmiyyətin idarə olunması məsələlərinin dərindən öyrənilməsini tövsiyə edib.

Seminarda, həmçinin 14 dekabr 2018-ci il tarixdə keçiriləcək “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransına təqdim olunacaq tezislərlə bağlı müzakirələr aparılıb. Akademik R. Əliquliyev şöbə əməkdaşlarının məşğul olduqları elmi tədqiqatlarla bağlı tövsiyələr verib, hər bir istiqamət üzrə mövcud problemlər və perspektivlərin müəyyənləşdirilməsinin vacib olduğunu bildirib.

Şöbədə aparılan araşdırmaların hər birinin aktuallıq kəsb etdiyini deyən alim bu mövzulara dair mütəmadi olaraq şöbədaxili seminarların keçirilməsinin zəruriliyini vurğulayıb.

E-elm, Big data problemləri…

Bundan əlavə, AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “E-elm, Big data, Data science: təşəbbüslər, problemlər və həllər” mövzusuna həsr olunmuş elmi seminar da keçirilib. Şöbə müdiri Təhmasib Fətəliyev və şöbənin əməkdaşı Şahanə Mansurovanın həmmüəllif olduqları məruzəni təqdim edən Ş. Mansurova qeyd edib ki, mövzu çərçivəsində aparılmış araşdırmaların əsas məqsədi böyük həcmli elmi verilənlər problemləri və onların həlli ilə bağlıdır.

O, bildirib ki, e-elm mürəkkəb bir sistem olub infrastruktur, verilənlərin generasiyası, toplanması, saxlanması, emalı, axtarışı, analizi, ötürülməsi, təqdim olunması və s. kimi tərkib hissələrə malikdir. E-elmə vahid bir sistem kimi baxıldığı halda isə, onun həll etdiyi məsələlərə uyğun müxtəlif alt sistemlərdən təşkil olunduğunu görmək olar. Elmin informasiya təminatı; elmmetrik (elmmetriya, bibliometriya, vebometriya) təhlillər; intellektual analiz və Big data alt sistemləri böyük həcmli elmi verilənlərin yaranmasına gətirməklə yanaşı, eyni zamanda onun aktual problemlərinin həllini həyata keçirir. E-elmin müxtəlif elm sahələrində tətbiqi böyük həcmli elmi verilənlərin sürətlə artmasında generator rolunu oynayır. Elmi verilənlərin müşahidə, eksperimental, hesablama və məlumat verilənləri kimi təsnifatını misallarla təqdim edib.

Məruzəçi BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO - United Nations Educational, Scientific and Cultural Organization), Elm üzrə Beynəlxalq Şura (ICSU - International Council for Science), Elm və Texnologiya üçün Məlumat Komitəsinin (CODATA - Committee on Data for Science and Technology) e-elmə və ümumilikdə elmin inkişafına, həmçinin elmi verilənlər problemlərinin həllinə dəstək verən beynəlxalq təşkilatların fəaliyyətlərini diqqətə çatdırıb.

Ş. Mansurova “Verilənlər haqqında elm - Data Science-in böyük həcmli elmi verilənlər” problemlərinin həlli imkanları haqqında məlumat verərək, bu terminin ilk dəfə 1974-cü ildə kompüter elmləri sahəsinin tanınmış alimlərindən olan Peter Naur tərəfindən işlədildiyini bildirib. Qeyd edib ki, Data Science bilik və bacarıqlara əsaslanan elmdir və ümumiləşdirilmiş formada biliklərin alınması, qanunauyğunluğunun aşkar edilməsi məqsədini daşıyır.

Big Data termininin ilk dəfə 1998-ci ildə “Silicon Graphics” şirkətinin kompüter elmləri üzrə mütəxəssisi Con Meşi tərəfindən elmə gətirildiyini deyən məruzəçi tətbiq sahələrindən asılı olmayaraq Big data-nı təsvir etmək üçün ümumi xarakteristikaların mövcud olduğunu diqqətə çatdırıb və onlar haqqında məlumat verib. Eləcə də Big data yanaşması, onun tətbiq sahələri, arxitekturası və “Big Data Europe” layihəsindən danışıb.

Məruzəçinin sözlərinə görə, ICSU öz fəaliyyəti ilə Big Data problemlərinin həllində böyük rol oynayır. Onun elmi verilənlər problemlərinin həlli və idarə edilməsinə dair təşəbbüsləri Dünya Verilənlər Sisteminin (World Data System - WDS) inkişafına mühüm töhfələr verib. WDS elmi verilənlərə universal və bərabərhüquqlu çıxışı təmin etmək, verilənlərin standartları və konvensiyalarına əməl olunmasına həvəsləndirmək, eləcə də verilənlər və informasiyanın təminatlı keyfiyyətini təmin etməyi nəzərdə tutur.

O, həmçinin sistemə üzvlük növləri, onun strukturu və tərkibi haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb. Sonda məruzə ilə əlaqədar fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.

Veb-spamlarla bağlı problemlər araşdırılır

Bu günlərdə İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin veb-spamlar və bu sahədə mövcud olan problemlərin müzakirəsinə həsr olunmuş növbəti elmi seminar da keçirilib. İnstitutun doktorantı Xəyyam Nurəliyev məruzə ilə çıxış edərək veb-spamların axtarış nəticəsində yüksək mövqe qazanmaq məqsədilə informasiya-axtarış sistemlərini aldatmağa və onun nəticələrini manipulyasiya etməyə cəhd edən veb-saytlar və ya veb-səhifələr olduğunu bildirib. “Bu gün İnternet mühitində saytların daha çox tanıdılması məqsədilə axtarış spamlarının tətbiqinə qadağa qoyulsa da, praktiki olaraq, bu texnologiyadan geniş istifadə olunur”, – deyən məruzəçi mövzunun aktuallığından danışıb. Bildirib ki, veb-spamların tətbiqi axtarış sistemlərinin səmərəliliyinə, axtarışın nəticəsinə, yekunda isə axtarış aparan şəxsə mənfi təsir göstərir. Veb-spamların yaratdığı əsas problem lazımsız kontentin yaradılması ilə bağlıdır ki, bu da axtarış sistemlərinin işində problemlərin meydana gəlməsinə səbəb olur.

O, veb-spamların növlərindən danışaraq kontekst spamları haqqında məlumat verib. Qeyd edib ki, bu spamlar saytın və ya veb-səhifənin əsas mətninə açar sözlərin və ifadələrin əlavə edilməsi, məzmunun qarışdırılması kimi başa düşülür. Kontekst spamların yaradılması üçün bir neçə üsuldan istifadə olunur ki, buraya açar sözlərin təkrarlanması, onların səhifənin məzmununa daxil edilməsi və s. aiddir.

X. Nurəliyevin sözlərinə görə, müxtəlif İnternet ehtiyatlarına istinadların istifadəsində süni manipulyasiyanı nəzərdə tutan istinad spamları veb-spamlarının geniş yayılmış növlərindəndir: “Burada spam rolunda həm daxili, həm də xarici istinadlar çıxış edə bilər”.

O, veb-spamlarla mübarizə metodları olan PageRank, TrustRank, Google Penguen, Google Sandboxuen, Google Panda barədə məlumat verib, həmçinin dünyada veb-spamların domen adları və dillərə görə paylanmasına dair statistik göstəriciləri, bu sahədə keçirilən konfransları təqdim edib.

Məruzə ətrafında müzakirələr zamanı bir çox suallar cavablandırılıb. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsini, tədqiqatların nəticələrinin nüfuzlu konfrans və jurnallara təqdim olunmasını tövsiyə edib.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}