İKT ilə bağlı yeni tədbir…
Tarix: 30-11-2018 07:12 | Bölmə: Layihə
İKT ilə bağlı yeni tədbir…

“Bakutel-2018”-də sosial cəhətdən həssas qruplar da diqqət mərkəzində saxlanılacaq

Son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı, eləcə də elm və təhsil müəssisələrində müasir texnologiyaların öyrənilməsi və tətbiqi üçün kifayət qədər iş görülür. Əgər illər öncə orta və ali məktəblərin kompüterlə, internetlə təminatından, tədris prosesinin elektronlaşdırılmasından söhbət gedirdisə, artıq yüksək texnologiyaların öyrənilməsi və tətbiqi reallaşdırılır. Bu səbəbdən də aidiyyatı dövlət qurumları şagird və gənc nəslin İKT biliklərinin artırılması, texnoloji yeniliklərin mənimsənilməsi üçün müxtəlif layihələr reallaşdırırlar.

“Reytinq”in məlumatına görə, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu (İİETİ) ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) müasir texnologiyalarla bağlı birgə layihələr həyata keçirəcək.

İİETİ-dən “Reytinq”ə verilən məlumatda bildirilir ki, İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun nümayəndələri ilə görüş keçirilib. Görüş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" çərçivəsində baş tutaraq, kiçik və orta sahibkarlığın inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi tədbirlərinin icrası istiqamətində reallaşıb.

Görüşdə yerli innovasiya mərkəzlərində potensial sahibkarlıq və ya startap fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin İKT avadanlıqları ilə təmin edilməsi və onların hazır laboratoriya alətlərindən istifadəsinə şərait yaradılması, habelə birgə layihələrin həyata keçirilməsinə dair razılığa gəlinib. Eyni zamanda, potensial sahibkarların İKT LAB-dan istifadə etməsinə daha geniş şəraitin yaradılması yolları müzakirə edilib. Bundan başqa, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun təklifi ilə mərkəz gələcəkdə sahibkarlar üçün informasiya texnologiyaları avadanlığı vasitəsilə müxtəlif xidmətlərin, eləcə də birgə təlim və seminarların təşkilini təmin edə bilər.

Mərkəz ölkə üzrə 17 regionda 19 regional mərkəzə, müasir texnologiyalarla təmin edilmiş tədris infrastrukturuna malikdir. Mərkəzdə HD multimedia studiyası, "Cisco" şəbəkə laboratoriyası, sistem inzibatçılığı, qrafika və dizayn üzrə kompüter laboratoriyaları və beynəlxalq kompüter imtahan mərkəzi fəaliyyət göstərir. Burada yalnız ənənəvi treninqlər deyil, Onlayn Təhsil Portalı (www.e-training.az) vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant və onlayn treninqlər keçirilir.

Diqqətinizə çatdıraq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə 23 nömrəli orta məktəbdə "Robopark" robotexnika laboratoriyası fəaliyyətə başlayıb. Laboratoriyanın yaradılması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində reallaşdırılıb.

Məqsəd məktəblilərin müasir elmi-texniki biliklərə, yüksək texnologiyalar sahəsinə marağını artırmaq, robot texnika üzrə prototiplərin hazırlanması və eyni zamanda, sınaqların keçirilməsinə imkan yaratmaqdır. Sözügedən laboratoriyada 7-9-cu sinif şagirdləri üçün informatika, proqramlaşdırma və robot texnikası üzrə dərnək şəkilində məşğələlər təşkil olunacaq. Burada robotların yaradılması, onların idarə olunması üçün proqramlaşdırma sirləri öyrədiləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildiriblər ki, laboratoriyanın açılış mərasimində nazir müavini Elmir Vəlizadə şərti olaraq "Robopark" adlandırılan laboratoriyada məktəblilərin robotların yaradılması üzrə ilkin vərdişlərə yiyələnməklə yanaşı, robot texnikanın iş prinsipi və proqramlaşdırmanın sirlərini də öyrənəcəklərini diqqətə çatdırıb. E. Vəlizadə qeyd edib ki, bu laboratoriya məktəblilərə öz texnoloji ideyalarını sınaqdan keçirmək imkanı da yaradacaq.

Nazir müavini deyib ki, orta təhsil müəssisələrində əldə edilən texniki biliklər şagirdlərin gələcəkdə ali təhsil müəssisələrinə ixtisas seçimində texniki-texnoloji peşələrə üstünlük vermələrinə şərait yaradır: “Hesab edirəm ki, 23 nömrəli məktəbdə yaradılan laboratoriya da məktəbliləri texniki ixtisaslar seçməyə təşviq edəcək".

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, eləcə də, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına orta təhsil müəssisəsində belə bir laboratoriyanın yaradılmasına görə təşəkkür edib. O deyib ki, laboratoriya bir çox digər məktəblərə də nümunə olacaq və onlar da bu təcrübədən yararlana biləcəklər. O, texnoloji bilik yarışlarında uğurla iştirak etmək üçün sözügedən laboratoriyada əldə edilən təcrübənin faydalı olacağını diqqətə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ofisinin rezident nümayəndəsinin müavini Alessandro Frakassetti təmsil etdiyi qurumun belə bir laboratoriyanın yaradılmasına dəstək verməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycanda təhsil müəssisələrinin müasirləşdirilməsi, eləcə də, müasir texnologiya ilə təchizat ixtisaslı mütəxəssis hazırlığının gələcək inkişafına dəstək verir.

A. Frakassetti deyib ki, bu laboratoriya elektronika mühəndisliyində ən populyar platforma hesab olunan "Arduino" əsasında qurulub. Dünyada geniş istifadə olunan bu platforma vasitəsilə erkən yaşlardan uşaqların sahə üzrə bilikləri artırılır və gələcək mühəndislik fəaliyyəti üçün bünövrə yaradır.

23 nömrəli məktəbin direktoru Yuliya Kərimova laboratoriyanın yaradılmasına göstərilən dəstəyə və buradakı şəraitə görə təşkilatçılara minnətdarlıq edib.

Tədbirdə məktəblilər tərəfindən hazırlanan layihələrin ilkin nümunələri nümayiş etdirilib.

Qeyd edək ki, laboratoriyada təlimlərin keçirilməsi "Sumaks Technologies" şirkəti tərəfindən təşkil olunacaq. "Sumaks Technologies" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış startaplardan biridir və artıq şirkət kimi fəaliyyət göstərir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Seeds for the Future” proqramı çərçivəsində İKT biliyinə malik ən yaxşı 10 tələbə Çinə 2 həftəlik təlimə göndərilir. Nazirliyin məlumatına görə, Çinə səyahət imkanı qazanan tələbələrin adı ADA Universitetində keçirilən final seçimində açıqlanıb.

“Seeds for the Future” proqramına əsasən, dünyanın 200-dən çox ali məktəbində texniki ixtisaslarda təhsil alan və telekommunikasiyalarla maraqlanan ən yaxşı tələbələr Çində “Huawei” şirkətinin baş qərargahında təlim keçirlər. Təlimlərin proqramına Şençjendə informasiya və kommunikasiya texnologiyaları sahəsində nəzəri və praktiki məşğələlərin aparılması, Pekində Çin dilinin və mədəniyyətinin öyrənilməsi daxildir. Tədris kursu imtahanın verilməsi ilə başa çatacaq. İmtahandan sonra tələbələrə sertifikatlar təqdim olunacaq.

Xatırladaq ki, Azərbaycanda “Seeds for the Future” təşəbbüsü 2016-cı ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. 2016-cı ildə baş tutan ilk təlimlərdə Naxçıvandan 6 tələbə iştirak edib. 2017-ci ildə isə Çinə getmək imkanı əldə edən tələbələrin sayı 10-a çatıb.

15 ildir Azərbaycanda təmsil olunan “Huawei” şirkəti 2000-ə qədər insanı işə cəlb edib. Ölkənin sosial həyatında iştirak edən şirkət “Gözəl Azərbaycan” sosial layihəsini həyata keçirir. Bu layihə dörd komponentdən ibarətdir – “Gözəl ağıllar”, “Gözəl mədəniyyət”, “Gözəl insanlar” və “Gözəl təbiət”. Bu layihə Azərbaycanın dünyada daha çox tanıdılması məqsədini daşıyır.

Müsbət məqamlardan biri də odur ki, İKT sahəsində həyata keçirilən tədbirlər çərçivəsində sosial cəhətdən həssas qruplar da diqqət mərkəzində saxlanılır. Belə ki, dekabrın 4-dən 7-nə kimi keçiriləcək “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində respublikamızın 8 bölgəsində keçirilən startap turları zamanı çəkilmiş illüstrativ rəsmlərin xeyriyyə hərracı keçiriləcək. Hərracdan toplanmış vəsait “Birgə və Sağlam” İctimai Birliyində reabilitasiya keçən autizmli uşaqlara dəstək məqsədilə istifadə olunacaq. Hərrac dekabrın 5-də "JW Abşeron Marriott" otelində saat 20:00-da təşkil olunacaq.

Onu da qeyd edək ki, rəsmlər tanınmış illüstrator-rəssam Mahir Qafarov tərəfindən çəkilib. “Birgə və Sağlam” İctimai Birliyi reabilitasiya mərkəzlərində psixi, əqli əlilliyi olan, xüsusi qayğıya ehtiyac duyan uşaqlara reabilitasiya və bərpa xidmətləri göstərilir. Bildiyiniz kimi, bu cür xidmətlər müxtəlif dəstəklərlə həyata keçirilir. İnkişaf problemləri olan uşaqlar diaqnozlarına müvafiq olaraq bərpa proqramlarından istifadə etsə də, bu uşaqların müxtəlif digər ehtiyacları birlik tərəfindən qarşılana bilmir. Uşaqların digər ehtiyaclarının qarşılanması və ümumiyyətlə, cəmiyyətdə bu istiqamətdə sosial təşəbbüskarlığın artırılması məqsədilə bir sıra müəssisələr öz dəstəklərini təklif edirlər. Bu mənada təşkil edilən hərrac faydalı olacaq.

Məlumat üçün bildirək ki, “Bakutel-2018” sərgi-konfransı çərçivəsində dekabrın 6 və 7-də Bakı şəhərində yerləşən uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası da təşkil olunacaq. Onlar sərgidə fəaliyyət göstərən pavilyonlarla tanış olmaq və innovativ oyun zonasında əylənmək şansı əldə edəcəklər.

Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}