16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
İnnovativ və texnoloji yeniliklər…
Tarix: 22-12-2018 21:39 | Bölmə: Layihə
İnnovativ və texnoloji yeniliklər…

Azərbaycanın İKT sahəsində gördüyü işlər beynəlxalq müstəviyə çıxır

Son illər informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə edilən uğurların beynəlxalq səviyyəyə çıxması Azərbaycanın müasir texnologiyalar ölkəsi kimi tanınmasına şərait yaradıb. Artıq Azərbaycan öz innovativ və texnoloji yenilikləri ilə bir sıra ölkələrdə, eləcə də beynəlxalq təqdbirlərdə təmsil olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu günlərdə Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısı keçirilib. Avropa İttifaqının üzv dövlətləri və Şərq Tərəfdaşlığı ölkələrinin təmsil olunduğu tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Tibb Universitetinin nümayəndələri də iştirak ediblər.

Toplantıda 2018-ci il üzrə fəaliyyətin müzakirəsi, Şərq Tərəfdaşlığı Proqramı üzrə həyata keçirilən işlər, Avropa İttifaqının innovasiya siyasəti, Şərq Tərəfdaşlığında Tədqiqat və innovasiyaların dəstəklənməsi, Avropa Tədqiqat Şurası, Avropa İnnovasiya Şurası, “Horizon 2020”-nin Kiçik və Orta Müəssisələrin (SME) inkişafına dəstək alətləri, Şərq Tərəfdaşlığının Tədqiqat və İnnovasiya üçün digər dəstək imkanları müzakirə olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov “Azərbaycanda innovasiya ekosisteminin qurulması” mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizdə innovasiya sahəsində görülən işlər barədə geniş məlumat verib.

Toplantı çərçivəsində keçirilən ikitərəfli görüşlərdə innovasiya sahəsində əməkdaşlıq imkanları, habelə, Tədqiqat və İnnovasiya üzrə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Panelinin növbəti tədbirlərindən birinin Azərbaycanda keçirilməsi də müzakirəyə çıxarılıb.

Mobil rezidentliyimiz Moskvada müzakirə olunub

Bu günlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycanın xarici vətəndaşlara elektron və mobil rezidentlik təqdim etməsi müzakirə predmetinə çevrilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən “Reytinq”ə bildiriblər ki, Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Moskvada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində görüş keçirib. Nicat Əsədli görüşdə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və ölkəmizdə ilk dəfə elektron və mobil rezidentliyin təqdim olunması ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan və Rusiya qarşılıqlı ticarət tərəfdaşlarıdır, eyni zamanda, ticarət və qarşılıqlı investisiya qoyuluşları Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindəndir. Məhz bu səbəbdən bu iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir.

Rəqəmsal Ticarət Qovşağının meneceri bu amilləri əsas gətirərək elektron rezidentlik xidmətinin təkmilləşdirilməsini, eləcə də Rusiyada mobil və elektron rezidentlik ala biləcək potensial qeyri-rezidentlərə dolğun və ətraflı məlumatların çatdırılmasını vacib amil kimi vurğulayıb. Qeyd edib ki, qeyri-rezidentlərin məlumatlandırılması üçün ümumi bir strategiya işlənib hazırlanacaq.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları diqqətə çatdırıblar ki, Rusiya idxala görə Azərbaycanın əsas tərəfdaşıdır, qeyri-neft məhsullarının ixracı üzrə isə birinci yerdədir. Məhz bu səbəbdən tərəflər Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı çərçivəsində əməkdaşlıqda maraqlıdırlar. Nicat Əsədli bu istiqamətdə görüşlərin davam etdiriləcəyini, diplomatik nümayəndəliklər vasitəsilə qeyri-rezidentlərə elektron imza ilə bağlı daim ətraflı məlumatların təqdim ediləcəyini bildirib.

TASİM Berlin müzakirəsində

Məlumat üçün bildirək ki, Frankfurtdan Honkonqa qədər əsas tranzit marşrutun yaradılmasını nəzərdə tutan TASİM (Transavrasiya İnformasiya Supermagistralı) layihəsinin reallaşdırılması Berlində müzakirə olunub. Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Almaniya ərazilərindən keçəcək tranzit xətt məsələsi Berlin Avrasiya Klubunun “Xəzərin hüquqi və iqtisadi statusu: Avropanın bu regionla əməkdaşlığının perspektivləri” mövzusuna həsr olunmuş iclasında müzakirəyə çıxarılıb.

Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko görüşdə deyib ki, TASİM layihəsinin məqsədi informasiya texnologiyaları sahəsində tranzit potensialının inkişafını stimullaşdırmaq və 2030-cu ilə qədər dünya informasiya axınları trafikinin azı 2-3 faizinin Qazaxıstandan keçməsini təmin etməkdir: “TASİM layihəsinin reallaşdırılması dünya standartlarına uyğun tranzit infrastrukturu yaradılmasını təmin edəcək və Qazaxıstan Respublikasının tranzit potensialını Avropa - Mərkəzi Asiya, Avropa və Çin istiqamətlərində inkişafına imkan yaradacaq”.

Klubun iclasında Xəzər dənizi istiqamətində nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsi üzrə əməkdaşlıq perspektivlərindən, Avropa İttifaqının Asiya regionu ilə iqtisadi baxımdan qovuşmasının yeni strategiyası çərçivəsində Avrasiya inteqrasiya proseslərinin yenidən dərk edilməsindən başlamış, konkret layihələrin səmərəliliyinin təmin edilməsinə yanaşmaların birgə axtarışına qədər müxtəlif məsələlər nəzərdən keçirilib. Almaniya iqtisadiyyatının Şərq Komitəsinin idarəçi direktoru Mixael Harms Xəzər istiqamətində regionlararası əməkdaşlığın inkişaf perspektivlərini müsbət qiymətləndirib. O, alternativ layihələrin tədricən əlaqələndirilməsini təklif edib və vurğulayıb ki, belə layihələrin uğurlu gerçəkləşməsi Xəzər regionunu qlobal iqtisadi əlaqələrin mühüm tərkib hissəsinə çevirməyə imkan verərdi. M. Hrams Xəzəryanı dövlətlər arasında çoxtərəfli razılaşmaların genişləndiyi şəraitdə Almaniya və Avropa iqtisadiyyatının Xəzər dənizi regionunda infrastruktur və enerji layihələrində iştirak etməkdə maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Almaniyanın və Avropanın bir sıra firmaları transmilli layihələrin həyata keçirilməsi sahəsində kifayət qədər təcrübəyə və müvafiq nou-hauya malikdir, bu firmalar mürəkkəb məsələlərin həllində səriştəli olduqlarını göstəriblər.

İsrail ilə əməkdaşlıq imkanları genişlənir

Bir neçə gün öncə Yüksək Texnologiyalar Parkında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasında Azərbaycan-İsrail İnnovasiya üzrə “dəyirmi masa” keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İsrail ilə innovasiya sahəsində əməkdaşlığın ölkəmiz üçün prioritet təşkil etdiyini vurğulayıb.

Tədbirdə İsrail İnnovasiya Nazirliyinin Asiya-Sakit okean bölməsinin baş direktoru Avi Luvton iki ölkə arasında innovasiya sahəsində əməkdaşlığın perspektivləri barədə danışıb. “Dəyirmi masa”da Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və qlobal bazara çıxış potensialı olan Azərbaycan startapları təqdimatla çıxış ediblər. Sonda iki ölkə arasında innovasiya sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə atılacaq birgə addımlar barədə fikir mübadiləsi aparılıb.

Xorvatiya–Azərbaycan əməkdaşlığı…

İKT sahəsində Xorvatiya–Azərbaycan əməkdaşlığının genişlənəcəyi gözlənilir. Bunu “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak edən Xorvatiya İqtisadiyyat Palatasının nümayəndəsi Aleksandr Fridman deyib.

“Biz artıq yeddinci dəfədir ki, “Bakutel” sərgisində iştirak edirik və bura bir neçə şirkət ilə gəlmişik. Bu şirkətlərdən bəziləri Azərbaycanda biznes layihələri reallaşdırır, digərləri isə tərəfdaşlar tapmağa ümid edir. İKT sahəsində Xorvatiya–Azərbaycan əməkdaşlığının genişlənəcəyini gözləyirik”, - deyə o bildirib.

Ötən illər ərzində Azərbaycanın infrastruktur və telekommunikasiya sektorunda müsbət dəyişikliklərin başvermə tempinin onlarda heyrət doğurduğunu deyən A. Fridman Xorvatiyanın İqtisadiyyat Palatasının tezliklə Bakıda öz ofisini açmasını istisna etməyib.

UNICEF-lə tərəfdaşlığımızın 25 illiyi...


BMT-nin Uşaq Fondu (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr etdirib. UNICEF-dən bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib. Mərasimdə E. Karvardin bildirib ki, Azərbaycan iqtisadi və sosial baxımdan sürətlə inkişaf etdiyi üçün UNICEF bütün uşaqların eyni imkanlara, eyni şanslara malik olması və onların hüquqlarına eyni hörmətlə yanaşılması ideologiyasına sadiq qalır.

Qeyd olunub ki, bu poçt markasında çətir altında dayanan bir uşaq silueti əks olunub. Onun əlindən tutan böyük insan əli isə dünyadakı hər bir uşaq üçün qayğı və müdafiənin vacibliyini xarakterizə edir. Məhdud sayda olan xüsusi buraxılış markalarını poçt şöbə və filiallarından, eləcə də, “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Onu da qeyd edək ki, Azərbaycan 1992-ci ildə dünyada Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən ilk ölkələrdəndir. UNICEF-in Azərbaycanda ilk ölkə proqramının əsası isə 1993-cü ildə qoyulub.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}