17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İKT sahəsində mühüm araşdırmalar aparılıb
Tarix: 29-12-2018 21:27 | Bölmə: Layihə
İKT sahəsində mühüm araşdırmalar aparılıb

Rasim Əliquliyev deyir ki, ötən dövrdə informasiya təhlükəsizliyi, proqram mühəndisliyi, e-elm, e-tibb, informasiya iqtisadiyyatı və digər istiqamətlərdə tədqiqatlar həyata keçirilib

Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı, elm və təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi sahəsində il ərzində kifayət qədər işlər görülüb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm nəticələri də ortadadır. Bu ilin ötən dövründə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu da mühüm layihələr hayata keçirib.

“Reytinq” xəbər verir ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2018-ci ili əhatə edən hesabat iclasında İnformasiya Texnologiyaları İnstitutunun hesabatı dinlənilib. Hesabatı İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdim edərək 2018-ci il ərzində qarşıya qoyulan vəzifələr barədə məlumat verib. R. Əliquliyev bildirib ki, hesabat ilində institut Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi, AMEA prezidentinin sərəncamları və tapşırıqları, eləcə də AMEA Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının qərarlarından irəli gələn məsələlərin həllində iştirak edib.

İnstitutun elmi-nəzəri, elmi-təşkilati, elmi-praktiki və innovasiya fəaliyyəti, veb və multimedia texnologiyaları, elektron elmin formalaşdırılması, Tədris-İnnovasiya Mərkəzi, Viki Mərkəz və AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq, elmi biliklərin təbliği və populyarlaşdırılması ilə bağlı fəaliyyət istiqamətlərinin mövcud olduğunu söyləyən akademik, öncə elmi-nəzəri fəaliyyət haqqında məlumat verib. Alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri problemləri istiqamətində aparılan araşdırmalardan danışaraq bildirib ki, qurumda cari ildə Big Data və Data mining, bulud texnologiyaları, informasiya təhlükəsizliyi, proqram mühəndisliyi, e-elm, e-tibb, informasiya iqtisadiyyatı, linqvistik informatika, kiber-fiziki sistemlər, e-təhsil, elmmetriya, e-demoqrafiya və digər istiqamətlərdə tədqiqatlar aparılıb.

R. Əliquliyev diqqətə çatdırıb ki, institut əməkdaşları tərəfindən 2018-ci ildə 99 məqalə, 4 kitab və 2 ekspress-informasiya nəşr olunub, beynəlxalq və respublika səviyyəli konfranslarda 114 məruzə ilə iştirak ediblər. Cari il üzrə nəşr olunmuş 213 elmi əsərdən 80-i nüfuzlu bazalara (WoS və Scopus və s.) daxil olunub, institut əməkdaşlarının məqaləsinə hesabat ilində 1177, ümumilikdə isə, 6554 istinad qeydə alınıb.

Alim institutda nəşr olunan “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” adlı jurnalların “Copernicus”, “INSPEC” və “Google Scholar” indeksləşmə bazalarına daxil edildiyini də diqqətə çatdırıb.

Akademik R. Əliquliyev aparılan araşdırmalar nəticəsində e-dövlət mühitində terrorizmlə əlaqəli fəaliyyətin aşkarlanması üçün istifadəçi şərhlərinin sentiment analizi əsasında yanaşmanın təklif olunduğunu, sənədlər çoxluğunun istifadəçi sorğusu əsasında referatının avtomatik yaradılması üçün mətnlərin sentiment və leksik analizi texnologiyalarına əsaslanan yeni modelin, jurnalların, məqalələrin və tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni metodların, real Big Data-da anomaliyaların aşkarlanması üçün çəkili klasterizasiya əsasında yanaşma təklif edildiyini bildirib. O, diqqətə çatdırıb ki, kiber-fiziki sistemlərdə kiber-hücümların və təhdidlərin sistemli analizi üçün xüsusi hücum ağacı modeli təklif olunur. Onun sözlərinə görə, institut alimləri tərəfindən Qauss-Bernulli tipli dərin məhdud Bolsman maşınlarının modifikasiyası əsasında korporativ şəbəkələrə DDoS hücumların aşkarlanması metodu, sosial şəbəkələrin təhlükəsizliyinə olan təhdidlərin çoxmeyarlı qiymətləndirilməsi üçün model təklif olunub, iyerarxik idarəetmə səviyyələrində qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərən İT-mütəxəssislər əmək bazarında tələb və təklifin kəmiyyət və keyfiyyət prizmasından uyğunlaşdırılması qərarlarının dəstəklənməsi üçün model və metodlar kompleksi, eləcə də mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlər işləyiblər.

İKT sahəsində mühüm araşdırmalar aparılıb

Alim elmi-praktiki və innovasiya fəaliyyəti çərçivəsində dövlət orqanları üçün elmi ekspertiza fəaliyyətinin həyata keçirildiyini də deyib. O, elektron elmin formalaşması üzrə görülən işlər, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, beynəlxalq qrantlarda iştirak və s. barədə də ətraflı məlumat verib.

R. Əliquliyev AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətindən də söz açıb. Bildirib ki, e-elmin şəbəkə platforması olan AzScienceNet-in infrastrukturunun genişləndirilməsi, onun resurslarından səmərəli istifadə, AMEA-nın bir sıra institut və təşkilatlarının kompüter şəbəkələrinin fiber optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet şəbəkəsinə qoşulması, AMEA-nın institut və təşkilatlarında yeni xidmətlərin istifadəsinin təşkili, AzEduNet təhsil şəbəkəsinin AzScienceNet-ə qoşulması, Milli GRİD Mərkəzinin fiber optik əlaqə kanalı vasitəsilə AzScienceNet şəbəkəsinə qoşulması, veb-səhifələrin təhlükəsizliyinin təmin olunması, elmi-tədqiqat institutlarının GEANT şəbəkəsinə inteqrasiyası işləri ilə bağlı tədbirlər həyata keçirilib.

Alim, həmçinin 22 iyun 2018-ci il tarixində institutda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantının keçirildiyini diqqətə çatdırıb.

İnstitutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verən alim bildirib ki, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları bu Mərkəzdə test texnologiyaları əsasında keçirilir. Burada, həmçinin AMEA-nın magistratura pilləsində təhsil alanlara ümumi və ixtisas fənlərinin, eləcə də seçmə (fəlsəfə) fənlərin tədrisi, respublika üzrə doktorant və dissertantlara “Elm informatikası” fənninin tədrisi təşkil olunur. Alimin sözlərinə görə, AMEA-nın elmi müəssisələrində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsinə dəstək məqsədilə “Elektron Test Sistemi” yaradılıb. Mərkəzdə distant tədris prosesinin də həyata keçirildiyini bildirən akademik, regionların doktorant və dissertantlarının “Elm informatikası” fənnindən doktorluq imtahanlarının İnternet üzərindən onlayn şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.

Məruzəçi bu il 1166 nəfər doktorant və dissertantın “Elm informatikası” fənni üzrə kurslarda iştirak edərək imtahan verdiyini, onlardan 496 nəfərinin doktorant, 670 nəfərin isə dissertant olduğunu vurğulayıb.

Alim, həmçinin il ərzində sıravi vətəndaşlar üçün müxtəlif kompüter proqramları üzrə kursların təşkil edildiyini bildirib. Qeyd edib ki, cari ildə institutun əməkdaşları üçün xarici dil kursları təşkil olunub və kursun sonunda onların bilikləri imtahan əsasında yoxlanılaraq qiymətləndirilib.

Rəhbərlik etdiyi qurumun beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər haqqında da məlumat verən R. Əliquliyev 2018-ci il ərzində institutun müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq etdiyini, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etdiyini, xarici alimlərlə birgə elmi tədqiqatların aparıldığını, xarici səfərlərin, görüşlərin keçirildiyini qeyd edib. Eyni zamanda, cari ildə 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

İnstitut direktoru elmi biliklərin təbliği və populyarlaşdırılması ilə bağlı görülmüş işlərdən də söz açaraq kütləvi informasiya vasitələri ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, institutun rəhbər şəxslərinin, qabaqcıl alim və mütəxəssislərinin KİV-də çıxışlarının təşkil edildiyini, institutun rəsmi ikt.az veb-saytının və İnfoTV İnternet televiziyasının istismarı və kontent təminatının həyata keçirildiyini diqqətə çatdırıb, 2018-ci il ərzində www.ikt.az saytına müraciətlərin dinamikasını təqdim edib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Onu da qeyd edək ki, institutun ayrı-ayrı şöbələri müxtəlif layihələr həyata keçirib, seminar və konfranslar təşkil olunub. Belə ki, bir neçə gün öncə İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirilib. “İnternetdə uşaqların təhlükəsizliyinin təmin olunmasında Verilənlərin Sanitarizasiyasının rolu” mövzusuna həsr olunmuş məruzəni təqdim edən institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva hazırda mütəxəssisləri ən çox narahat edən məsələlərdən birinin verilənlərin onlayn mühitdə təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib.

Məruzəçinin sözlərinə görə, Verilənlərin Sanitarizasiyasının (VS) mahiyyəti həssas, fərdi, məxfi, konfidensional, tövsiyə olunmayan və bu kimi digər məlumatların geniş ictimaiyyətə çatdırılmasının qarşısını almaqdan və ya müəyyən məhdudiyyətlərin tətbiq olunmasından ibarətdir.

S. Ocaqverdiyeva qeyd edib ki, sanitarizasiya sənəd daxilində olan həssas məlumatları aradan qaldırmaqla sənədlərin təsnifat səviyyəsini formalaşdırır, həssas məlumatları təmizləyir, zərərli kontentin qarşısını alır, məlumatların konfidensionallığını təmin edir, eləcə də yaddaş qurğularının təmizlənməsini həyata keçirir.

VS-in disklərin, qeydiyyatın, faylların, USB-nin, qovluqların sanitarizasiyası kateqoriyalarının mövcud olduğunu bildirən məruzəçi, bu terminin verilənlərin silinmə üsulu, silmə alqoritmi, verilənlərin təmizlənmə üsulu, verilənlərin silinməsi standartı kimi adlandırıldığını da söyləyib.

VS-nin icra alqoritmləri haqqında məlumat verən məruzəçi bu alqoritmlərin iş prinsipinin eyni olduğunu, keçidlərin təsvirində və sayında fərqlərin mövcudluğunu qeyd edib.

S. Ocaqverdiyeva əldə olunan nəticələri təqdim edərək VS metodlarının tətbiqi ilə uşaqları İnternetdəki qanunazidd və təhlükəli kontentdən qorumaq üçün müxtəlif mexanizmlərin işlənilməsinin vacibliyini diqqətə çatdırıb.

Göründüyü kimi, 2018 müasir texnologiyalar, informasiya cəmiyyəti və elmi arşdırmalar baxımından məhsuldar il olub. Bunun nəticəsində gələn il İKT sahəsində yeni uğurlara imza atılması şübhəsizdir.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}