23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
Tarix: 27-01-2019 21:02 | Bölmə: Layihə
Elektron elm üçün fundamental layihələr icra olunur

Müasir texnologiyaların imkanlarının elm və təhsildə tətbiqi artıq ən yüksək səviyyədə həyata keçirilir. Bu sahədə aparılan elmi araşdırmaların nəticəsi də olduqca müsbətdir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun bu istiqamətdəki fəaliyyəti, qurumun ayrı-ayrı strukturlarında aparılan araşdırmalar, icra olunan layihələr də bunu sübut edir. Bunun üçün institutun ötənilki fəaliyyətinə nəzər salmaq kifayətdir.

Bu günlərdə İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın cari il üçün ilk iclası keçirilib. İnstitutdan “Reytinq”ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru Rasim Əliquliyev institutun struktur bölmələrinin 2019-cu il üçün fəaliyyət planlarını müzakirə edib. Alim bildirib ki, hər il olduğu kimi, cari ildə də aktual problemlərin aşkarlanması, dərin elmi araşdırmaların aparılması və əldə olunan nəticələrin “Scopus”, “WebofScience” kimi nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli jurnallarda çap olunması hər bir şöbənin qarşısına mühüm vəzifə kimi qoyulub.

R. Əliquliyev institutun daxili potensialının daha səmərəli idarə olunmasının vacibliyindən danışaraq, qeyd edib ki, yüksək peşəkarlığa malik kadrların yetişdirilməsi zəruridir.

İnstitut əməkdaşlarının qrant layihələrində iştirakından da söz açan R. Əliquliyev ölkəmizdə elm fondlarının respublikada fəaliyyət göstərən alimlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə geniş imkanlar açdığını və mütəmadi olaraq müsabiqələr elan etdiklərini bildirib. Alim, institut əməkdaşlarına ölkə daxilində və beynəlxalq müstəvidə təqdim olunan layihələrdə daha fəal iştirak etməyi, elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə edib.

Son illər institutda fundamental-nəzəri problemlərin tədqiqinə böyük əhəmiyyət verildiyini deyən akademik diqqətə çatdırıb ki, dərin elmi problemlərin araşdırılması və Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası dövlətin maraqlarına xidmət etməli və fundamental-nəzəri elmlərin inkişafına öz töhfəsini verməlidir.

Alimin sözlərinə görə, dünyada elmi tədqiqatların aparılması ilə bağlı mövcud təcrübə göstərir ki, elmi-tədqiqat müəssisələrinin qrantlarda iştirakının sayı hər bir qurumun elmmetrik göstəricisi hesab olunur. R. Əliquliyev əməkdaşların qrant layihələrdə fəal iştirakının mühüm elmi nəticələrin əldə edilməsində əhəmiyyətli rol oynayacağını bildirib.

İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova 2019-cu ildə institutun elmi seminarlarında müzakirə ediləcək mövzular barədə çıxış edib. Z. Cəbrayılova cari ildə institutun elmi seminarlarında dissertasiya işlərinin və müxtəlif elmi-tədqiqat mövzuları üzrə alınmış elmi-nəzəri nəticələrin müzakirəsinin nəzərdə tutulduğunu deyib.

Onun sözlərinə görə, “İnstitutun elmi tədqiqatlarında Data Mərkəzin resurslarından istifadə”, “İngilis-Azərbaycan və Azərbaycan-ingilis qrafikalarının transliterasiya metodlarının işlənilməsi”, “Elektron dövlət mühitində veb-resursların göstəricilərinin qiymətləndirilməsi və intellektual analizi”, “Milli terminoloji informasiya mühitinin OLAP texnologiyaları əsasında analizi və qərar qəbul etmədə tətbiqi imkanları”, “Bulud texnologiyalarında zərərli proqramların aşkarlanması üsulunun işlənməsi”, “Vətəndaşların sosial kredit sisteminin yaradılmasına dair yanaşmalar” cari ildə planlaşdırılan elmi seminar mövzularındandır. Məruzəçi cari ildə, həmçinin “Beynəlxalq informasiya təhlükəsizliyi günü”nə həsr edilmiş seminarın keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Elektron elm üçün fundamental layihələr icra olunur

Sonra çıxış edən akademik Rasim Əliquliyev institutda fəaliyyət göstərən tədqiqatçıların elmi mühitdə sosiallaşmasının daha da intellektuallaşdırılması və dərinləşdirilməsinin vacib məsələlərdən olduğunu qeyd edib. Onun fikrincə, öyrədici xarakter daşıyan elmi seminarlarda aparılan müzakirələr tədqiqatçıların fəaliyyətlərini daha səmərəli qurmalarına imkan verir. Alimin sözlərinə görə, yüksək istinad indeksli jurnallarda elmi məqalələri nəşr olunmuş əməkdaşların həmin məqalələrdə təklif etdikləri yeni metod və alqoritmlərin ictimailəşdirilməsini təmin etmək məqsədilə cari ildən etibarən elmi seminarlarda məruzələrinin təqdim olunması nəzərdə tutulur.

İnstitutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova 2018-ci il hesabatının yekunları haqqında məlumat verib, institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyətindən danışıb. O, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, şöbələr üzrə aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülmüş işləri təqdim edib. Məruzəçi 2018-ci ildə verilmiş tapşırıqların böyük hissəsinin icra olunduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin verilmiş tapşırıqların icra vəziyyətinə dair məlumatların avtomatlaşdırılmasını nəzərdə tutan sistemin işlənilməsi təklifi irəli sürülüb.

Onu da qeyd edək ki, bir neçə gün öncə akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirməsi Şurasının iclasında Azərbaycanda e-elmin formalaşdırılması vəziyyəti və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına dövlət dəstəyi, İKT-nin sürətli inkişafı və onun digər sahələrlə yanaşı, elmdə də tətbiqi elektron elmin formalaşdırılmasının sürətləndirilməsini zəruri edir. R. Əliquliyev E-Azərbaycanın, onun mühüm tərkib hissəsi olan e-elmin formalaşması və inkişafı ilə əlaqədar dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıb. Bu istiqamətdə reallaşdırılan tədbirlərin konseptual və normativ-hüquqi bazasını təşkil edən rəsmi dövlət sənədlərini diqqətə çatdırıb.

Akademik-katib, həmçinin Azərbaycanda və beynəlxalq miqyasda e-elmi dəstəkləyən təşkilatlar haqqında məlumat verib, e-elmin inkişafı sahəsində dünya ölkələrinin təcrübəsindən danışıb.

R. Əliquliyev e-elmin texnoloji platforması olan AzScienceNet Elm Kompüter Şəbəkəsinin imkanlarından bəhs edərək bildirib ki, bu şəbəkə AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli, çoxsaylı İnternet xidmətləri göstərməklə GEANT-ın (Avropa elm və təhsil şəbəkəsi) üzvü və EaPConnect (Şərq tərəfdaşlığı üzrə regional elm şəbəkəsi) layihəsinin tərəfdaşı kimi elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirir.

R. Əliquliyev AMEA üzrə e-elmin əsas indikatorlarından danışıb, Elmlər Akademiyası üzrə korporativ e-poçt sisteminin yaradıldığını, Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının və problemlər üzrə elmi şuraların veb-saytlarının hazırlandığını, distant tədris, Rəyasət Heyətinin iclaslarının, həmçinin ElmTV-nin on-line yayımının həyata keçirildiyini qeyd edib.

Məruzəçi rəhbərlik etdiyi institutun Tədris-İnnovasiya Mərkəzində son illər ərzində 20 minə yaxın elektron-tədqiqatçının hazırlandığını, AMEA üzrə Viki Mərkəz və Viki qrupların fəaliyyət gəstərdiyini diqqətə çatdırıb. R. Əliquliyev, həmçinin Milli GRİD Mərkəzinin Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzlərinə, AzScienceNet şəbəkəsinin isə, GEANT şəbəkə infrastrukturuna inteqrasiyası istiqamətlərində işlərin görüldüyünü, AzScienceNet şəbəkəsi və Azərbaycan Təhsil Şəbəkəsi olan AzEduNet arasında əməkdaşlıq əlaqələrinin genişləndirildiyini vurğulayıb. Həmçinin AMEA üzrə İnternet istifadəçilərin sayının və İnternet trafikin inkişaf dinamikasını da təqdim edib.

Sonda akademik e-elmin formalaşdırılması üçün qarşıda duran vəzifələr və problemlərdən danışıb. Onun sözlərinə görə, bu məqsədlə e-elm üçün informasiya resursları yaradılmalı, e-elmin şəbəkə infrastrukturu genişləndirilməli, milli elektron kitabxanalar şəbəkəsi yaradılmalı, milli antiplagiat sistemi hazırlanmalı, beynəlxalq elmi bazalara inteqrasiya təmin olunmalı, e-elmin elmi-nəzəri problemləri araşdırılmalıdır. Məruzəçi, bunlarla yanaşı, qeyd edib ki, GEANT-a inteqrasiyanın sürətləndirilməsi və virtual elmi cəmiyyətlərin yaradılması, İKT-nin müxtəlif elm sahələrində tətbiqi üçün multidissiplinar ixtisaslar üzrə kadr hazırlığı, elmmetrik qiymətləndirmələr üçün intellektual-analitik sistemin yaradılması, dissertasiya şuralarının iclaslarının on-line yayımı və elektron arxivləşdirilməsi, bu sahədə normativ-hüquqi bazanın yaradılması, eləcə də, e-elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramının hazırlanması zəruriyyəti qarşıda duran vacib məsələlərdəndir.

Mühüm məqamlardan biri də odur ki, İKT sahəsində elmi araşdırmaların daha da dərinləşməsi üçün beynəlxalq təcrübə mübadiləsidir. Bu haqda İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri Babək Nəbiyev rəhbərlik etdiyi şöbənin fəaliyyət planı ilə bağlı açıqlama verib. B. Nəbiyev öncə şöbədə 2018-ci il ərzində görülmüş işləri diqqətə çatdırıb. O, institutun müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq etdiyini, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etdiyini, ölkəmizdə və xaricdə beynəlxalq konfranslar, təlimlər təşkil edildiyini, institut əməkdaşlarının xarici alimlərlə birgə elmi tədqiqatlar apardığını bildirib. Bununla yanaşı, bir sıra beynəlxalq təşkilatlar və 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq edildiyini diqqətə çatdıran B. Nəbiyev 5 ölkədən 10 alim və mütəxəssis ilə institutda görüşün keçirildiyini, institutun 11 əməkdaşının 18 xarici ölkədə səfərdə olduğunu, 52 xarici doktorant və disssertantın İnformatika kursunda iştirak etdiyini bildirib.

Məruzəçi GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 2018-ci il ərzində müxtəlif beynəlxalq layihələrin həyata keçirildiyini, elmi jurnalların beynəlxalq bazalarda indeksləşməsi, eləcə də şöbələr üzrə beynəlxalq əlaqələr və əməkdaşlıq istiqamətində görülmüş işləri diqqətə çatdırıb.

B. Nəbiyev şöbənin fəaliyyət planını təqdim edərək bildirib ki, institutun beynəlxalq əlaqələrinin təşkili və aidiyyatı qurumlarla işlərin aparılması, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi ilə əlaqələrin yaradılması, konfransların və xarici qonaqlar ilə görüşlərin təşkilində iştirak, konfrans iştirakçıları ilə əks əlaqənin yaradılması cari ildə görüləcək işlər sırasındadır.

Şöbə müdirinin sözlərinə görə, cari ildə GEANT Assosasiyası ilə əməkdaşlıq əlaqələri davam etdiriləcək, GEANT xidmətlərinin (eduGAİN, eduVPN, perfSonar, fileSENDER və s.) təşkili işləri aparılacaq, EaPConnect layihəsi çərçivəsində layihə rəhbərləri ilə mütəmadi görüşlər keçiriləcək. Bununla yanaşı, EaPConnect2 layihəsi çərçivəsində layihə rəhbərlərinə aidiyyatı məlumatlar təqdim olunacaq, 2020-ci ildə Azərbaycanda təşkil olunacaq “EaPConnect” konfransına hazırlıq işləri aparılacaq.

Sonda fəaliyət planı ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}