Elekrton vizalarla bağlı yeniliklər edilir
Tarix: 25-02-2017 16:15 | Bölmə: Layihə

Vizaların verilmə proseduru və "ASAN Viza" sistemi təkmilləşdirilir

Son illər ölkədə İKT-nin inkişafı üçün bütün sahələrdə yeniliklər həyata keçirilib. Ölkəyə gələnlər və ölkədən gedənlər üçün prosedurların elektronlaşdırılması da bu sahədə işləri yüngülləşdirib.

Xüsusən də visa alınması və verilməsi prosesinin müasirləşdirilməsi, internet üzərindən viza almaq prosedurunun tətbiqi müsbət qarşılanmalıdır. Artıq "ASAN Viza" portalı yaradılıb və daha geniş təbəqəyə xidmət göstərir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib ki, 16 dekabr 2016-cı il tarixində təqdimatı keçirilən "ASAN Viza" portalı bu il yanvarın 10-dan tam istifadəyə verilib. Ötən ilin dekabrın 16-dan bu günədək viza almaq üçün portala 8500-ə yaxın müraciət daxil olub. Onlardan 200-ə yaxınına elektron viza verilib.

Elektron viza almaq üçün daha çox müraciət edənlərin ilk beşliyinə İran, Almaniya, ABŞ, Böyük Britaniya, Hindistan və İsrail vətəndaşları daxildir.

A.Hüseynov bildirib ki, əcnəbilərə verilən elektron vizalar ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli vizalardır.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il iyunun 1-də "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" Fərman imzalayıb. Fərmanla, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində "ASAN Viza" sisteminin yaradılması təmin edilib. Portalın yaradılmasında məqsəd Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir.

"ASAN viza" sistemi fəaliyyətə başlayan müddətə qədər turistlər üçün elektron vizaların rəsmiləşdirilməsini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən akkreditasiyadan keçmiş, Xarici İşlər Nazirliyi tərəfindən elektron turist vizasının rəsmiləşdirilmə hüququ qazanan 70 turizm şirkəti həyata keçirirdi. Bu sistem yaradılana qədər Azərbaycanda elektron vizalar 5 iş günü müddətində verilirdi.

İKT üzrə ekspert, iqtisadçı-kibernetik Həsən Babayev bu barədə fikirlərini "Reytinq”lə bölüşərkən deyib ki, "ASAN Viza" sisteminin fəaliyyətinin təşkili, elektron vizanın alınması üçün elektron müraciət formasına daxil edilməli olan məlumatlar, elektron viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən edilir.

Onun sözlərinə görə, "ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır: "Elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdiriləcəkdir. Elektron viza veriləcək olkələrin siyahısı XİN-in saytında yerləşdirilib. "ASAN Viza" sisteminin fəaliyyətinin təşkili, elektron vizanın alınması üçün elektron müraciət formasına daxil edilməli olan məlumatlar, elektron viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən edilir. Elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir. Elektron viza almaq üçün əcnəbilər və уa vətəndaşlığı olmayan şəxslər "ASAN Viza" sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər”.

Müsahibimiz deyib ki, "ASAN Viza" sistemi elektron viza alınması üçün daxil olmuş elektron müraciəti real vaxt rejimində "Giriş-çıxış vəqeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə göndərir:

"Müvafıq icra hakimiyyəti orqanı müraciətin "ASAN Viza" sisteminə daxil olduğu vaxtdan ən geci 3 iş günü keçənədək məlumatları yoxlayır, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparır, razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyini alır. Elektron vizanın verilməsi barədə müraciətə bu Məcəllənin 38.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada baxılır və viza rəsmiləşdirilərək "ASAN Viza" sistemi vasitəsilə müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir və уa viza verilməsindən imtina edildikdə, bu barədə məlumat verilir. Elektron viza pasporta yapışdırılmır, əcnəbi və уa vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasımn dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla və geri qayıdış bileti ilə birgə təqdim olunur. Dovlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır. Bu barədə məlumat "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə real vaxt rejimində "ASAN Viza" sisteminə ötürülür. Əcnəbilər və уa vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər”.

H.Babayev qeyd edib ki, "ASAN Viza” sistemi vasitəsilə elektron vizaların verilməsi və onlardan istifadə müəyyən şərtlər çərçivəsində həyata keçirilir.

Onun sözlərinə görə, ikili və ya daha çox vətəndaşlığı olan əcnəbilərə gəldikdə, onlar elektron vizanın alınması ilə bağlı müraciət etdikdə səyahət zamanı istifadə edəcəkləri sərhədkeçmə sənədinə uyğun olan ölkəni seçməlidir: "Elektron vizanın alınması ilə bağlı müraciət edilərkən istifadə edilən sərhədkeçmə sənədi səyahət zamanı təqdim edilən sərhədkeçmə sənədindən fərqli olarsa, elektron viza etibarsız hesab edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron viza almaq üçün Azərbaycan Respublikasına gəlmə tarixindən ən azı 3 iş günü əvvəl müraciət etməlidirlər. Sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan elektron vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır”.

Mütəxəssis digər şərtlər barədə də fikirlərini bölüşüb. Deyib ki, elektron vizanın alınması ilə bağlı müraciət edən şəxslər daxil etdikləri ərizə-anket məlumatlarının və sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surətinin doğruluğuna, o cümlədən həyata keçirdikləri ödənişlərin düzgünlüyünə görə şəxsən məsuliyyət daşıyırlar: "Elektron ünvanlar barədə məlumatlar düzgün daxil edilməlidir. Elektron viza almaq üçün edilmiş müraciətlərin və ödənişlərin qəbulu barədə bildirişlər, habelə elektron viza verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatlar müraciət edən şəxsin elektron ünvanına göndərilir. Səhv və tam olmayan məlumatlar daxil edildikdə və ya ödənişlər düzgün həyata keçirilmədikdə elektron vizanın alınması ilə bağlı müraciət qəbul edilmir. Sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin "ASAN Viza” sistemi tərəfindən oxunması mümkün olmadıqda elektron vizanın verilməsindən imtina edilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsində müəyyən edilmiş hallarda elektron vizanın verilməsindən imtina edilir, verilmiş viza ləğv edilir və ya şəxs ölkəyə buraxılmır. Elektron viza verilməsindən imtinaya və ya ölkəyə girişə icazə verilməməsinə görə "ASAN Viza” sistemi heç bir məsuliyyət daşımır. Elektron vizanın verilməsindən imtina edildikdə, "ASAN Viza” sistemi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən edilmiş imtinanın səbəbi barədə müraciət etmiş şəxsin elektron ünvanına məlumat göndərir. Elektron vizanın verilməsindən imtina edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanın alınması üçün Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə yenidən müraciət edə bilərlər. Elektron vizanın verilməsindən imtina edildikdə həyata keçirilən ödənişlər geri qaytarılmır. Elektron viza sərhədkeçmə sənədinə yapışdırılmır və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən sərhədkeçmə sənədi ilə birgə təqdim olunur. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər”.

Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan, o cümlədən ölkə daxilində olduğu yeri dəyişdikdə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə gəlincə, H.Babayev diqqətə çatdırıb ki, həmin şəxslər hər hansı dövlət rüsumu ödəmədən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmaq üçün qaldığı yerin müdiriyyətinə və ya mənzilin, digər yaşayış sahəsinin sahibinə müraciət etməlidir.

Onun sözlərinə görə, elektron viza Azərbaycan Respublikasına səyahət etmək və daxil olmaq üçün ilkin giriş icazəsidir: "Miqrasiya Məcəlləsində müəyyən edilmiş hallarda girişə icazə verilməyə bilər. Elektron viza əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada əmək vizası (ölkədə qalma müddəti 90 günədək müəyyən edilir) almalıdırlar. Azərbaycanın ərazisində həm müvəqqəti yaşamaq, həm də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi də almalıdırlar. Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələrinin müxbir və operatorları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq akkreditasiyadan keçdikdən sonra "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq üçün müraciət edə bilərlər. Müvafiq akkreditasiyadan keçmədən elektron viza alaraq Azərbaycan Respublikasının ərazisində jurnalist fəaliyyəti ilə məşğul olan və bu məqsədlə çəkiliş aparan şəxslərə verilmiş viza ləğv edilir və onlar ölkə hüdudlarından kənara çıxarılırlar. Elektron viza etibarlılıq müddəti ərzində istifadə olunmazsa, qüvvədən düşür. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər. Sərhədkeçmə sənədi olmadan, vizasız və ya etibarlı olmayan sərhədkeçmə sənədi ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmadan, gəldikləri ölkəyə qaytarılacaqlar. Saxta və ya başqasına məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanın alınması üçün müraciət edərkən texniki-texnoloji, o cümlədən ödənişlərin həyata keçirilməsi ilə bağlı problemlərlə üzləşdikdə və ya verilmiş elektron vizanın etibarlılığını və həqiqiliyini yoxlamaq istədikdə bu barədə müraciəti "ASAN Viza” sisteminin elektron ünvanına (support@evisa.gov.az) göndərə bilərlər”.

Ekspert sonda qeyd edib ki, elektron vizaların verilmə prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması yüksəliş dövrünü yaşayır. Sistem təkmilləşdirildikdən və yeni xidmətlər əlavə edildikdən sonra prosedur daha rahat olacaq.

Z.MƏMMƏDLİ

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.








Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}