17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Elektron ödəmədə güzəştlər tətbiq edilməlidir
Tarix: 05-03-2017 16:43 | Bölmə: Layihə

Azərbaycanda bütün sahələrdə elektronlaşma yüksələn xətt üzrə inkişaf edir. Xüsusən də elektron ticarət, internet üzərindən ödəmələrin həyata keçirilmə prosesi yeni mərhələyə qədəm qoyub.

Demək olar ki, elektron ödənişlər internet kommersiya və internet bankçılığının inkişafı ilə geniş vüsət alıb. Klassik olaraq elektron kommersiyada əsas ödəniş vasitələri plastik kartlar olub. Son dövrlərdə tətbiq olunan ödəniş vasitələri müştəri məmnuniyyətinin təmin olunması ilə yanaşı, internet dələduzları tərəfindən edilə biləcək mümkün müdaxilələrə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də rəvac verib.

Ölkədə elektron ödəmələr müxtəlif formalarda həyata keçirilir. Elektron ödəmə sisteminin əsas atributlarından biri ödəniş kartlarıdır. Hazırda dünya praktikasında əsas iki növ ödəniş kartı və onların müxtəlif növləri istifadə edilməkdədir.

Kredit kartı - kart sahibinə əvvəlcədən müəyyənləşdirilmiş kredit limiti əsasında ödəniş əməliyyatlarını həyata keçirmək imkanı verir. Bu növ kartlar "sonra ödə” modeli ("pay after” model) əsasında işləyir.

Debet kart - kart sahibinə alış-veriş etmək, birbaşa ödənişləri həyata keçirmək imkanı verir. Bu növ kartlar "indi ödə” prinsipi əsasında işləyir ("pay now” model).

Plastik kartlarla ödəniş sisteminin işləmə mexanizminə diqqət yetirək. "Elektron pul (E-cash)” - rəqəmsal pul məhsullarıdır. Müxtəlif şirkətlər tərəfindən təklif edilən rəqəmsal pul məhsulları, əsasən iki modeldə mövcuddur. Onlayn rejimdə olan "Elektron pul” "DigiCash” şirkəti tərəfindən təklif edilir və bütün növ internet əməliyyatlarını aparmağa imkan verir. Elektron pulu bank hesabından xüsusi proqram vasitəsi ilə öz elektron pul kisəsinə yükləyən istifadəçi onlayn qaydada internet mağazasından alış-veriş edə bilər. "Elektron pul” sxemi ilə məşğul olan şirkət çox cüzi miqdarda internet mağazasından xidmət haqqı tutur. Eyni zamanda, bankdan onun müştərisinin elektron pulları yükləməyə icazə verən xüsusi proqramlarına görə aylıq ödənişlər şəklində royaltilər əldə edir.

Digər forma olan oflayn (off-line) rejim rəqəmsal kodlaşdırılmış kartlardır (smart kartlar) və bu versiya "Mondex” şirkəti tərəfindən müxtəlif banklarla əməkdaşlığın nəticəsi olaraq tətbiq edilməkdədir. Belə ki, elektron pullar bu kartlara yüklənir və onlarla müxtəlif əməliyyatlar həyata keçirmək olur. Adıçəkilən ödəniş sistemləri dünyanın inkişaf etmiş regionlarında tətbiq edilməkdədir. Honk-Konqda tətbiq edilən "Octopus card system” - elektron pul sistemi bu sahədə yüksək inkişafa nail olub. London "Transport Oyster card” sistemi nəqliyyatda istifadə edilir. Sinqapur hökümətinin "Sony” şirkəti tərəfindən hazırlanan "FeliCa” sisteminə əsaslanan ictimai nəqliyyatlar üçün xüsusi "Elektron pul” proqramı irəli sürülüb. Bu sistem Tokiyoda da tətbiq edilir.

Niderlandda ən geniş yayılmış "Elektron pul sistemi” şəbəkəsi "Chipknip” adlanır və bu sistem çoxçeşidli məqsədlər üçün istifadə edilir.

Azərbaycanda "Smart kart”lar elektron pullarla müxtəlif əməliyyatlar aparmaq imkanı var. Sərinişindaşıma sahəsində, xüsusilə avtobus və metro sərnişin daşımaçılığında elektron pul sisteminə əsaslanan "Smart kart”lardan istifadə edirlər.

"Elektron pul kisəsi (E-wallet)” - ödəniş əməliyyatlarını həyata keçirmək üçün istifadə edilən internet əsaslı proqramdır. Bu sahədə ən böyük internet nəhəngləri "PayPal” , "Google Wallet” , "Checkout By Amazon” "Moneybooks” və digərləridirr. "Elektron pul kisəsi”ni əldəetmək üçün müştəri bu sahədə fəaliyyət göstərən şirkətlərin birinin səhifəsində qeydiyyatdan keçməlidir. Proqramı əldə edən müştəri adi ödəniş kartları və bank hesablarından pul kisəsinə istədiyi qədər məbləği transfer edə bilər. Bundan sonra müştəri sadəcə öz şifrə və parolu və ya elektron poçt ünvanını yazmaqla "Elektron pul kisəsi”nə daxil olaraq, onlayn alış-veriş edə bilər.

Son dövrlərdə provayderlər tərəfindən adıçəkilən proqramı POS-terminallarda istifadə etmək məqsədi ilə yeni versiya smartfonlar tətbiq edilir.

Belə ki, "Elektron pul kisəsi (Ewallet)”-nin geniş tətbiq edilməyə başlanılmış növlərindən biri də "PayPal” və "Google Wallet” şirkətləri tərəfindən təqdim edilən "Mobil pul kisələri”dir. Bu proqram mobil telefonlar vasitəsi iləonlayn və ənənəvi formada alış-veriş etmək məqsədi ilə tərtib edilir. POS-terminallar vasitəsi ilə ödəniş etməyə smartfonlara quraşdırılmış "Near Field Communication (NFC)” sistemi imkan yaradır. Bu sistem vasitəsi ilə parkamatlarda, metroda, alış-verişdə, kinoda, avtobuslarda və digər ictimai iaşə obyektlərində ödəniş etmək mümkündür.

"Mobil pul kisələri” vasitəsi ilə həyata keçirilən əməliyyat ardıcıllığına diqqət yetirək. İstifadəçi mobil telefonuna yüklədiyi "Mobil pul kisəsi”ni aktivləşdirir və "Near Field Communication (NFC)” sistemi quraşdırılmış telefonunu xüsusi adıçəkilən proqramı dəstəkləyən POS-terminala yaxınlaşdırır. Alış-veriş edəcəyi debet və ya kredit kartının detallarını sistemə daxil edir və ya hazır (əvvəlcədən mobil pul kisəsinə detallarını daxil etdiyi) kartı seçir və ödənişin məbləği seçilir. Ödəniş əməliyyatını həyata keçirmək üçün PİN nömrə daxil edilir. Ödəniş həyata keçirilir və invoys alıcıya ötürülür. Eyni zamanda, ödəniş barədə məlumat mobil telefon nömrəsinə də ötürülür. Bundan əlavə, bu sahədə fəaliyyət göstərən iri şirkətlər istifadəçilərə "Mobil pul kisələri” vasitəsi ilə iki telefon arasında pul transferini həyata keçirə bilmə imkanı yaradıblar. Beləki, istifadəçilər "Near Field 10 Communication (NFC)” sistemi quraşdırılmış telefonları bir-birlərinə yaxınlaşdıraraq istənilən məbləği digərinin "Elektron pul kisəsi”nə transfer edə bilərlər. İnternet mağazaları geniş alıcı kütləsini əldə etmək üçün son dövrlərdə bu hesablar geniş şəkildə tətbiq edilməkdədir.

Mövu ilə bağlı fikrirlərini «Reytinq»lə bölüşən iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, Azərbaycanda elektron ödənişlərin inkişaf səviyyəsi yüksək deyil. Onun sözlərinə görə, bu, bir tərəfdən hələ bu sahədə infrastrukturun tam olaraq formalaşmaması, digər tərəfdən isə son illər əhalinin plastik kartlarda vəsait saxlamaqda maraqlı olmaması ilə bağlıdır. Eyni zamanda, bu sahədə vərdişlərin inkişaf etməməsi də təsirsiz deyil: "Bu sistemin inkişafı üçün ilk növbədə ABŞ-da olduğu kimi, elektron ticarətdə vergi güzəştlərinin tətbiqinə ehtiyac var. Bundan əlavə, plastik kartlardan istifadə üçün bonus sisteminin də tətbiqi olduqca vacibdir. Bu, kartlardan istifadəyə marağı artırar. Bütövlükdə stimuallaşdırıcı, maarifləndirici və eləcə də elektron təhlükəsizlik infrastrukturunun inkişafına ünvanlanan tədbirlərin həyata keçirilməsi olduqa vacibdir».

Digər müsahibimiz, iqtisadçı Natiq Cəfərli də analoji fikirlər səsləndirib. O bildirib ki, təqaüd və maaşlar hesablara oturanda bankomatların qarşısında böyük növbələr yaranır. Onun sözlərinə görə, hamı kartda olan pulunu nəğdləşdirməyə çalışır, həmin nəğd pulla da dükandan ərzaq, aprekdən dərman alırlar.

Ekspert vurğulayıb ki, heç kim pulunu kartda saxlayıb nəğdsiz alış-veriş etmək istəmir. Onun dediyinə görə, ölkədə ticarət dövriyyəsinin 95 faizə yaxını nəğd aparılır. Bu da ticarət dövriyyəsinin şəffaflığına mənfi təsir göstərir: "Hökumət isə sovet prinsiplərinə sadiq qalaraq bu məsələ ilə də əmrlə, göstərişlə, hədə-qorxu ilə mübarizə aparmaq istəyir. Əslində stimullaşdırıcı və təşviqedici addımlar atmaq lazımdır. Məsələn, hər bir kartla ödəniş zamanı verilən kassa çeki avtomatik olaraq loteriya biletinə çevrilir, əhali özü kartla ödənişə maraqlı olur, çekləri yığır, ayda 2 dəfə çoxlu sayda qiymətli hədiyyələr və pul vəsaiti uduşa çıxarılır, hər dəfə, azı 10 min nəfər vətəndaş nəsə udur - vəssalam. Bundan sonra vətəndaşlar özləri kartla ödəniş etməkdə israrlı olacaqlar, çünki biz cəmiyyət olaraq ən çox bəxtə güvənirik, bu tipli oyunlara meyilliyik".

Onu da qeyd edək ki, hökumət üzvüləri fərqli mövqedədirlər. Vergilər Nazirliyi ölkədə elektron ödəmə sistemləri ilə bağlı ciddi işlərin gördüyünü iddia edir. Bildirilir ki, 10 ildən artıqdır elektron ticarətin vergiyəcəlb olunması məsələsi vergi orqanlarının diqqət mərkəzindədir. Əsasən hər bir vergi orqanının bu mövzuda problemi eynidir vəəsas sual verginin kim tərəfindən hansı büdcəyə mədaxil olunmasıdır.

Vergi orqanlarının elektron ticarətin vergiyə cəlb edilməsi mövzusunda qənaəti budur ki, yeni növ vergilərin tətbiq olunmasına gərək qalmadan vergi sisteminə mövcud hesablaşma sistemini adaptasiya etmək yetərlidir. Bununla belə, internet ticarəti ilə məşğul olan şirkətlərin vergiyə cəlb olunması bir qayda olaraq çox çətin olur. Çünki bu şirkətlər nisbətən yeni qeydiyyatdan keçmiş və ya qanunsuz fəaliyyət göstərməyə meyilli, tez-tez fəaliyyət yerini dəyişən, kiçik iş yerlərində az sayda işçilərdən ibarət və əsasən özünə məxsus saxlama anbarlarına malik olmayan şirkətlər olur. Buna görə də onların vergiyə cəlbi çətinlik yaradır. Fiziki şəxslərin elektron ticarətdə iştirakı vergiyə cəlb olunmanı bir az da çətinləşdirir.

Müasir dövrdə artan müxtəlif ödəniş sistemləri nağdsız hesablaşma proseslərində də vergidən yayınma hallarının artmasına səbəb olur. Bu da vergi orqanlarını vergi qanunvericiliyini yeni ödəniş sistemlərinə adaptasiya etməyə məcbur edir.

Vergi qanunvericiliyində təsbit edilən belə elektron ödəniş sistemləri vergi orqanına rahatlıqla belə ödənişlər vasitəsi ilə alış-veriş edən şəxslərin əməliyyatlarına nəzarət etmə imkanı yaradır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası çox sürətlə dünya iqtisadiyyatı ilə inteqrasiya olunur və alıcılıq qabiliyyəti artır. Elektron ticarətin həcminin ümumi ticarətdə payının artması da qaçılmazdır. Bu da öz növbəsində müxtəlif ödəniş sistemlərinin tətbiqini və vergi orqanlarının müvafiq adaptasiyasını şərtləndirir.

Z.MƏMMƏDLİ

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.





Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}