17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İnternet media sahəsində yeniliklər ediləcək - Qanun dəyişəcək
Tarix: 13-03-2017 12:23 | Bölmə: Layihə

Ekspert Zaur İbrahimli deyir ki, dəyişikliklər internet informasiya resurlarının tənzimlənməsi baxımından vacibdir

Son illər internet media inkişaf etsə də, bu inkişaf özü ilə müəyyən problemlər də gətirib. Bu səbəbdən də elektron medianın tənzimlənməsi üçün yeni mexanizmlər hazırlanıb. Artıq ölkədə ".az" ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi ilə bağlı qərar verilib. Bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna dəyişiklik təklif edilir.

Milli Məclisə daxil olmuş və plenar iclasa tövsiyə edilmiş layihədə qeyd olunur ki, internet informasiya ehtiyatı üçün domen adı ".az" ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. ".az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir. Domen adlarının qeydiyyatı və istifadə qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Ekspertlər bildirilər ki, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilmə qaydasının müəyyən edilməsində müstəqildir. Bu səbəbdən də internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə, adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir.

Təklif edilən layihəyə görə, internet informasiya ehtiyatının vəonun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməməlidir:

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terroçuluğa açıq çağırışlar;

Zorakılığın və dini ektremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və saxlanılmasına, kütləvi iğtişaşların təşkil edilməsinə açıq çağırış;

Dövlət sirri təşkil edən məlumatlar;

Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və üsulları barədə məlumatlar;

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar;

Pornoqrafiya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

Qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;

İntiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar;

Təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;

Əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;

Azərbaycan qanunları ilə yayılması qadağan olunan digər informasiyalar.


Təklif olunan dəyişikliklərlə bağlı fikirlərini "Reytinq”lə bölüşən ekspert Zaur İbrahimli deyib ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna dəyişiklikliklər internet informasiya resurlarının fəaliyyətinin tənzimlənməsi baxımından mühüm yenilikdir. Onun fikrincə, ilk növbədə internet informasiya resursunun indentifikasiyasi mümkün olacaq. Çünki bu dəyişikliklər qəbul olunarsa, adı, internet informasiya resursunun təşkilati-hüquqi forması, elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir: "Hazırda xəbər saytları və portalları da daxil olmaqla çoxlu belə resurslar var ki, demək olar, anonim fəaliyyət göstərirlər. Obrazlı desək partizanlıq edirlər. Digər tərəfdən, artıq yayılması qadağan olunan informasiya detallı göstərilib. Bu məsələdə beynəlxalq standartlar nəzərə alınıb. Şübhəsiz ki, burada əsas narahatlıq doğuran internet informasiya resurslarının, xüsusən xəbər sayt və portallarının müstəqilliyi ilə bağlı məsələlərdir”.

Z.İbrahimli qeyd edib ki, yayılması qadağan edilən informasiya siyahısında "Təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar” da yer alıb: "Təhqir və böhtan xarakteri daşıyan” ifadəsi çox geniş məzmunu əhatə edir. Bu baxımdan ümid edirik ki, bu dəyişiklikdən bir çox məmurlar və s. sui-istifadə etməyə çalışmayacaqlar və diffamasiya prinsipləri tətbiq ediləcək”.

Dəyişikliklərdə qeyd olunur ki, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Z.İbrahimli də bu məqamı vacib sayır. Onun fikrincə, ümumilikdə bu dəyişikliklər internet informasiya resurslarının fəaliyyətində müəyyən nizam yaradacaq:

"Hazırda anonim saytlarda onlarla böhtan, yalan yazılır və bununla bağlı hansı tədbilərin görülməli olduğu qeyri-müəyyəndir. Özlərini zərərçəkmiş hesab edənlər bilmirlər ki, hara müraciət etsinlər, hətta kimə təkzib yazsınlar. Dəyişikliklər qəbul olunduqdan sonra isə bu məsələlərə aydınlıq gətiriləcək. Digər tərəfdən, internet informasiya resurslarının sahibləri artıq məsuliyyətlərini dərk edəcəklər. Çünki kifayət qədər aydın tənzimləmə qaydaları olacaq və bunların pozulmasına görə konkret məsuliyyət tədbirləri nəzərdə tutulub. Eyni zamanda qeyd etmək lazımdır ki, bu dəyişikliklər müvafiq dövlət qurumlarının informasiya təhlükləsizliyinin təmin olunması, cəmiyyətin, dövlətin, vətəndaşların təhlükəsizliyi ilə bağlı çağrışlara adekvat cavab verməsi üçün hüquqi əsaslar yaradır. Bu, indiki dövrdə çox mühümdür və dövlət strukturları bu istiqamətdə tədbilər görmək imkanına malik olamlıdırlar”.

Ekspertimiz qeyd edib ki, bu dəyişikliklər qəbul olunduqdan sonra, qanunvericiliyin praktikada tətbiqində demokratik dəyərlər, söz və mətbuat azadlığı, ifadə azadlığı prinsipləri əsas götürülməli, subyektiv yanaşmalar istisna olunmalı, senzura cəhdlərinə yol verilməməlidir.

Layihədə həm də bildirilir ki, internet informasiya ehtiyatının vəonun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin etməlidir. Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan olunan informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür.

Müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etməlidir.

Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanı yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.

Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanının əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.

Müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulmuş qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.

Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə, müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi, host və internet provayderlərə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İnternet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı vəbu barədə internet informasiya ehtiyatının sahibinəməlumat verməlidir.

İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciətiə sasında "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edir.

Bu müddəaların pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Təklif edilən dəyişikliklərin məqsədi kibertəhlükəsizliyi təmin etməkdən, kiberhücumların qarşısını almaqdan, internet informasiya ehtiyatının yaradılması, uçotu və internet informasiya ehtiyatında informasiyanın yayılması qaydalarını müəyyən etməkdən, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısını almaqdan, bu qaydaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsindən, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir.

Maraqlısı odur ki, "Telekommunikasiya haqqında” qanuna da dəyişiklik təklif edilir. Layihəyə əsasən, internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalı, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər.

İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır. Operatorların və provayderlərin vəzifələri nəzərdə tutulmuş qaydada uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat vermək, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etməkdən ibarətdir. Bu müddəaların pozulmasına görə cəza nəzərdə tutulur.

Təklif olunan dəyişikliklərin məqsədi telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etməkdən, elektron təhlükələrin və kiberhücumların qarşısını almaqdan, bu hücumların mənbələrini müəyyən etməkdən, bu məqsədlərlə internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaqdan, onların vəzifələrini və məsuliyyətini müəyyən etməkdən, fəaliyyətlərini tənzimləməkdən və telekommunikasiya sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir.

Z.MƏMMƏDLİ

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.





Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}