15:28 / 25-03-2017
Futbolçunun ayağı sınıb
16:43 / 24-03-2017
Bizim Venesiya
Cinayət məlumatları elektron qaydada toplanacaq - Ekspert
Tarix: 18-03-2017 14:52 | Bölmə: Layihə


Mərkəz rəhbəri İlqar Altay deyir ki, bu sahədə vahid sistemin təşkili vətəndaşların şikayətlərinə baxılmasını da sürətləndirəcək

Artıq hüquq-mühafizə sistemində də yeni texnologiyalardan istifadə genişlənib. Bundan sonra Azərbaycanda cinayət işlərinin qeydiyyatına dair məlumatların toplanması elektron qaydada aparılacaq.

Bu günlərdə Daxili İşlər Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasında cinayətlərin vahid uçotunun aparılması qaydaları haqqında Təlimat"ı təsdiq edib.

Təlimatda qeyd edilir ki, ayrı-ayrı regionlar, eləcə də bütövlükdə respublika üzrə cinayətkarlığın vəziyyətini xarakterizə edən statistik hesabatların tamlığı və dürüstlüyü bu uçotun düzgün aparılmasından asılıdır.

Cinayətlərin və onları törətmiş şəxslərin vahid uçot sistemi cinayət işləri başlandıqdan, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarının nəticələrinə dair yekun protokol təsdiq olunduqdan, bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsinə dair materiallar və ya icraatına xitam verilən sadələşdirilmiş icraat materialları üzrə müvafiq qərar qəbul edildikdən sonra respublikada törədilmiş və ya hazırlanan cinayətlərin mərkəzləşdirilmiş qaydada uçota alınmasını, cinayət işlərinin hərəkəti və ibtidai araşdırmanın nəticələri barədə məlumatların, eləcə də həmin cinayətləri törətmiş şəxslərin qeydə alınmasını, habelə işin məhkəmə baxışının nəticələrinə görə bu göstəricilərin sonrakı dəyişikliklərini nəzərdə tutur.

Bu Təlimat prokurorluq, polis, ədliyyə, vergilər, fövqəladə hallar, dövlət gömrük orqanları, dövlət sərhəd və dövlət təhlükəsizliyi xidmətləri üçün nəzərdə tutulur. Bu orqanların icraatında olan törədilmiş vəya hazırlanan cinayətlər barədə toplanmış materiallar və cinayət işləri üzrə cinayətlərin vahid uçotu Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi (DİN BƏSİİ) tərəfindən aparılır.

Hərbi prokurorluq orqanlarında istintaq edilən cinayətlərin uçotunu bilavasitə onların özləri aparır. Uçot işi aşkar edilmiş cinayətlərə, onları törətmiş şəxslərə və cinayət təqibi üzrə qəbul edilmiş qərarlara dair tərtib edilən statistik kartoçkaların, habelə işə məhkəmə baxışının nəticələri haqqında olan arayışların və ya hökmlərin (qərarların) surətlərinin müvafiq statistika aparatlarına təqdim edilməsi əsasında həyata keçirilir.

Cinayət işlərinin, törədilmiş cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatını, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsini aidiyyəti üzrə Daxili İşlər Nazirliyi və Hərbi Prokurorluq həyata keçirir.

Xüsusi ittiham qaydasında şikayət üzrə işlərin qeydiyyatı məhkəmələr tərəfindən həyata keçirilir. Belə şikayətlər üzrə cinayət işinin başlanması və ibtidai araşdırmanın aparılması zərurəti müəyyən edildikdə, materiallar məhkəmə tərəfindən müvafiq ərazi və ya hərbi prokurorluq orqanlarına göndərilir. Daxil olmuş materiallar əsasında başlanmış cinayət işi qeydiyyata alınır. Cinayət işləri, bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsinə dair materiallar, yaxud cinayət təqibinə xitam verilməsinə dair işlər, eləcə də məhkəməyədək sadələşdirilmiş icraat materialları, cinayətlər və onları törətmiş şəxslər barədə olan statistik kartoçkalar iş üzrə müvafiq qərar qəbul edildikdən dərhal sonra doldurulur. Müstəntiq (təhqiqatçı) tərəfindən doldurulmuş və imzalanmış kartoçkalar müvafiq rayon prokuroru və ya onun müavini, hərbi prokuror və ya onun müavini, yuxarı prokurorluq orqanlarında isə müvafiq istintaq idarə və şöbələrinin rəhbərləri tərəfindən imzalanır. Bu məqsədlə müstəntiqlər (təhqiqatçılar) kartoçkaları doldurduqdan və imzaladıqdan sonra onları cinayət işi (material) ilə birlikdə müvafiq prokurora təqdim edirlər. Prokurorlar uçot sənədlərini imzalayarkən oradakı məlumatların cinayət işinə (materiallara) uyğunluğunu diqqətlə yoxlayır, cinayət əlaməti olmayan əməllərin uçota alınmasına yol vermir, habelə cinayətlərin tövsifi, onların açılması üzrə məlumatların təhrif edilməsinin qarşısını alır, cinayət işi üzrə müəyyən edilmiş hər bir fakta dair statistik kartoçkaların tərtib edilməsini təmin edirlər. Statistik kartoçkalar prokuror tərəfindən imzalandıqdan sonra müstəntiq və təhqiqatçı tərəfindən dərhal müvafiq polis orqanının və hərbi prokurorluğun uçot-qeydiyyat və statistika işləri üzrə əməkdaşına (bundan sonra - uçot əməkdaşı) təhvil verilir. Hərbi prokurorluq orqanlarının, eləcə də Ədliyyə, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin müstəntiqlərinin (təhqiqatçılarının) icraatlarında olan işlər üzrə tərtib edilmiş uçot sənədləri yalnız müvafiq prokurorlar tərəfindən imzalanır. İstintaq aidiyyətindən asılı olaraq "Cinayətlərin və onları törətmiş şəxslərin vahid qeydiyyat jurnalı” (bundan sonra - qeydiyyat jurnalı; Təlimata 8 nömrəli əlavə) prokurorluq və polis orqanları üzrə şəhər, rayon və nəqliyyatda polis orqanlarında, habelə Hərbi Prokurorluqda, Ədliyyə, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin müvafiq aparatlarında aparılır.

Statistik kartoçkalar qeydiyyat jurnalında əks etdirildikdən sonra, mərkəzləşdirilmiş qeydiyyata alınması üçün 24 saatdan gec olmayaraq məktubla aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası DİN, Bakı Şəhər Baş Polis İdarəsinin ƏSİİ və Nəqliyyatda Baş Polis İdarəsinin ƏSİB-in statistika aparatlarına və ya bilavasitə DİN BƏSİİ-yə göndərilir. Hərbi prokurorluq orqanlarının qeydiyyat jurnalında əks etdirilmiş uçot sənədləri Hərbi Prokurorluğa göndərilir. Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin əməkdaşları tərəfindən başlanmış cinayət işlərinə dair uçot sənədləri qeydiyyata alınması üçün məktubla bilavasitə DİN BƏSİİ-yə göndərilir. DİN BƏSİİ və Baş polis idarələrinin müvafiq statistika aparatlarında istintaq və təhqiqat orqanları tərəfindən təqdim edilən statistik kartoçkalara, cinayət işlərinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının, bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərarlar üzrə icraatın və cinayət törətmiş şəxslərin qeydiyyatına dair məlumatların toplanması elektron qaydada aparılır. Cinayət təqibinə xitam verilməsi, yaxud cinayətin tövsifinin dəyişməsi barədə daxil olmuş məlumatlar həmin hesabat dövründə qeydiyyata alınmış cinayətlərin, cinayəti törətmiş şəxslərin və cinayət işlərinin uçotunda müvafiq dəyişikliklərin aparılması üçün əsas verir. Yeni Təlimatın qəbulu ilə əlaqədar Daxili İşlər Nazirliyinin 2005-ci il 16 dekabr tarixli 575 nömrəliəmri ləğv olunub.

Məsələylə bağlı fikirlərini "Reytinq” lə bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay deyib ki, Daxili İşlər Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasında cinayətlərin vahid uçotunun aparılması qaydaları haqqında Təlimat"ı təsdiq etməsi bu istiqamətdə bir sıra yenilikləri əhatə edir.

Onun sözlərinə görə, yenilik bu orqanın üzərində başqa hüquq-mühafizə orqanlarının bu sahədəki işinin uçotunun aparılıb vahid məlumat mənbəyi kimi çıxış etməsi məsuliyyətini qoyur: "Ümumiyyətlə, ölkədəki bütün hüquq-mühafizə oqranlarının (bir hərbi prokurorluqdan başqsa) icraatındakı cinayətlərin vahid uçotunun Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (DİN BƏSİİ) həvalə edilməsi DİN-nə olan böyük etimaddır. Çünki prokurorluq, Ədliyyə, Vergilər, Fövqəladə Hallar, dövlət gömrük orqanları, dövlət sərhəd və dövlət təhlükəsizliyi xidməti kimi orqanların icraatındakı cinayət işlərinin əslində DİN-ə hüquqi-inzibati aidiyyəti və birbaşa əlaqəsi yoxdur. Məsələn, vergilərə aid cinayət bu nazirliyin təhqiqat və ibtidai istintaqında başlayır, prokurorluq nəzarəti və ittihamı üzərindən məhkəmədə hökmlə ya bəraətlə bitir. Bununla belə, bu işlərin vahid uçotu kimi bütün ölkə hüquq-mühafizə sistemini əhatə edən mühüm məsələ, yəqin ki, bunu həyata keçirmək imkanları böyük olmaqla DİN-ə həvalə edilib”.

İlqar Altay qeyd edib ki, bir sıra ölkələrdə belə bir uçot xüsusi dövlət statistika qurumlarında, birbaşa Prezident idarəsi yanındakı müvafiq strukturda, Ədliyyə Nazirliyi və başqa inzibati strukturlarda aparılır.

Maraqlıdır, belə bir uçotun aparılması niyə mühümdür və hansı əhəmiyyəti var?

Ekspertin qənaətincə, təlimatda düzgün qeyd edilir ki, bu uçotun düzgün aparılması cinayətkarlığın vəziyyətini xarakterizə edən statistik hesabatların tamlığı və dürüstlüyü üçün vacibdir. "Mən bir hüquqşünas-kriminalist kimi onu əlavə edərdim ki, belə bir dəqiq sistemli uçot xüsusilə, ölkədəki cinayərkarlığın qarşısının alınması üçün vacibdir.

Cinayətləri yaradan səbəblər və onlarla mübarizə yolları barədə bir elm var: Kriminologiya (kriminalistika başqadır). Bütün inkişaf etmiş ölkələrdə Kriminologiya ilə məşgul olan alimlər, müvafiq strukturlar var. Onlar həmin ölkədə hansı növ cinayətin artımı, kəskinləşməsi halında dərhal bu artımın səbəblərini araşdırıb, onlarla mübarizənin istiqamət və metodlarını müəyyən edib, dövlət rəhbərliyindəki əlaqədar strukturlar və hüquq-mühafizə orqanlarına hesabat və təlimat verirlər. Bu ciddi elmi əsaslarda ölkənin hüquq-mühafizə sistemi cinayətkarlıqla mübarizə işini kortəbii yox, savadlı və sistemli şəkildə qura bilir. Bu mübarizə tək hüquq-mühafizə sistemi yox, cəmiyyət, QHT-lər, ictimai təşkilatlar, yerli hökumət və icra strukturları, özünüidarəetmə orqanları və s. arasında da aidiyyəti və müvafiqliyi üzrə bölüşdürülür”,- deyə İ.Altay bildirib.

Müsahibimizin sözlərinə görə, kriminoloqların gördüyü bu iş ölkədəki bütün cinayətlərin düzgün və dürüst uçotunun aparılmasından doğan statistik hesabatlar əsasında mümkün ola bilər. Bundan başqa, müasir elektron imkanlardan istifadə edilməklə aparılan vahid, sistemli və kompakt uçotun olması, asan informasiya sisteminin mövcudluğu cinayətkarlıqla mübarizə aparan orqanların işinin operativliyinin, keyfiyyətinin və sürətinin artması üşün əhəmiyyətlidir. Bu vahid uçot və informasiya mənbəyi həm də ölkə hüquq-mühafizə orqanlarının vahid bir sistem kimi əlaqəli və lazım olduqda mütəşəkkil işləməsi üçün xeyirlidir:

"Belə bir vahid sistemin təşkili həm vətəndaşların şikayətlərinə, həm də müraciətlərinə baxılmasının asanlaşması və sürətlənməsinə təminat yaradır. Yəni müasir keyfiyyətdə ucotun təşkili həm hüquq-mühafizə orqanları, həm onların öz aralarındakı əlaqəni, həm də onların cəmiyyət və vətəndaşlarla münasibətindəki ASAN xidmət rolunu oynaya bilir. Məsələn, bəzi xarici ölkələrdə təhsil üçün bütün digər sənədlərlə birlikdə tələbənin həbsdə olub olmaması barədə arayış tələb edilir. Hətta 17 yaşında oğlan və qızlardan da. Mən şəxsən rastlaşmışam ki, bu arayışın əvvəl rayon polis idarəsindən, onun da əsasında DİN-dən alınma proseduru bəlkə də bir ay çəkib. Tələbə üçün heç bir sənəd bu qədər müddət aparmır. Sənədlərə apostil vurulması kimi ciddi iş, XİN və Ədliyyə Nazirliyində maksimum 5 gün çəkir. Halbuki, bütün hüquq-mühafizə orqanlarını əhatə edən müasir elektron informasiya sistemi olsaydı, rayon polisindəki əməkdaş kompüterin düyməsini basıb 5-10 dəqiqəyə bu arayışı verə bilərdi.

Başqa misal, 1999-cu ildə İngiltərəyə 1 illik doktorantura hazırlığına getmişdim. Orada məni qeydiyyata alan yerli polis heç 10 dəqiqə çəkmədən bütün Avropa ölkələrinə gəliş-gedişimi, davranışımı aydınlaşdırıb müvafiq qeydiyyat sənədi verdi.

2013-cü ildə Almaniya ərazisində maşın sürərkən çölün düzündə, trasda polis maşını saxladı. Sənədlərimi əlindəki elektron aparatla yoxladı. Dedi, sizdəhər şey qanunidir, amma bir məlumat var ki, filan şəhərdə sizin adınıza olan firmanın vergiyə 400 avro borcu var. Gedin, onu ödəyin. Təəccübləndim. Döğrudan da orada yaşayan qardaşımın oğlu beləbir qüsur etmişdi.

Belə müqayisə misalları çoxdur. Belə yüksək səviyyəli müasir uçot və məlumat sistemini Azərbaycanda da tətbiq etməyin vaxtı çoxdan çatıb. Ölkədə günü-gündən beynəlxalq tədbirlər daha çox keçirilir, turist axını artır. Bu axına qoşulub ölkəyə girə biləcək beynəlxalq cinayətkarların aşkarlanıb zərərsizləşdirilməsi məsələsi ortaya çıxır. Bu da həmin məlumat sisteminin öhdəsindədir. Belə bir informasiya uçot sistemi Azərbaycan üçün heç də görünməmiş olmayacaq. Bölgələri bilmirəm, paytaxtdakı vergi orqanlarının işini müşahidə etsək, görərik ki, uçot və informasiya kifayət qədər güclü və sistemli təşkil edilib. Bir dəqiqənin içində əməkdaş hər hansı fiziki və ya hüquqi şəxsin bütün fəaliyyətini, qüsurlarını, müsbət və mənfiliklərini üzə çıxarır. Cinayətkarlığa qarşı mübarizə kimi dövlətçilik və ictimai asayişin qorunması üçün ciddi və mühüm sahədə də bu keyfiyyət tətbiq edilməlidir”.

Z.MƏMMƏDLİ

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




342 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər