İKT intellektual potensialın güclənməsinə təkan verir
Tarix: 11-04-2017 12:38 | Bölmə: Layihə

Mütəllim Rəhimli: "Müasir dövrdə İKT-nin inkişafı həm də hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir"

Artıq Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində təməl layihələrin icrası başa çatdırılıb. Son illər bu sahədə görülən işlərin intensivləşməsi müasir texnologiyaların deyil, yüksək texnologiyaların ölkəmizdə tətbiqini zəruri edib.

Artıq internet əksər ailənin evində var və bu, o qədər də təəccüblə qarşılanmır. Əgər bir müddət öncəyə qədər evlərdə ADSL internet xidmətlərindən istifadə olunurdusa, indi insanlar fiberoptik intenetdən, bu xətt üzərindən gələn televiziya kanallarından istifadə edir. Kabel-kanal sistemi uzun illər normativə uyğun, düzgün istismar edilməyib.

Qeyd edək ki, aparılan audit zamanı qeyri-qanuni çəkilişlərin həyata keçirilməsi ilə bağlı çoxsaylı faktlar aşkarlanıb. Bu nöqsanlar ona gətirib çıxarıb ki, hazırda infrastrukturun normal texniki istismarı mümkünsüz olub. Artıq bu nöqsanların aradan qaldırılması üçün işlər görülür.

Provayderlər ümumi istifadədə olan kabel-kanal sistemindən yararlanaraq özlərinin kabel infrastrukturlarını qurublar. Kabel-kanallarının sayının artırılması və intensiv yerləşdirilməsi mövcud quyuların normadan artıq yüklənməsinə səbəb olur. Bu da öz növbəsində hər bir ünvana fiber-optik xəttin çəkilməsi kimi əhəmiyyətli layihənin həyata keçirilməsinə əngəl törədir. Ona görə də kabel-kanal sistemində başlanılan tədbirlər davam etdirilir. İlkin mərhələdə Bakı ərazisində kabel-kanal infrastrukturu lazımi standarta gətiriləcək. Daha sonra isə hər bir ünvanadək optik kabel şəbəkəsi qurulacaq və telefon qovşaqlarında hazırda mövcud olan avadanlıqlar ən son nəsil qurğularla əvəz olunacaq.

Özəl şəbəkənin inkişafına dəstək məqsədilə provayderlərə 100 Mbit/s və 1 Gbit/s-lik alternativ portlar təklif olunur. Həyata keçirilən işlər nəticəsində müasir standartlara cavab verən, keyfiyyətli və davamlı rabitə təmin ediləcək. Amma bu yetərli deyil, davamlı olaraq, yeni texnoloji vasitələr ortaya çıxır ki, onların da ölkəmizə gətirilməsi prosesi davam etdirilir.

Məlumat üçün bildirək ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. İKT sektorunun davamlı inkişafı da Azərbaycan prezidenti İlham Əliyevin apardığı iqtisadi-siyasi islahatların ayrılmaz tərkib hissəsidir.

Bildiyiniz kimi, ökəmizdə qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları həyata keçirilir. Qeyd olunan proqramlar İKT sahəsinin keyfiyyətcə növbəti mərhələyə keçidini zəruri edir. Yəni, bu, artıq günün tələbidir.

Ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyasını qəbul etmiş birinci və yeganə dövlətdir. Ümumiyyətlə, Azərbaycan bu cür strategiyanı qəbul edən azsaylı ölkələrdən biridir.

Son illər Azərbaycanın İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən danışarkən, ilk növbədə regionda yeganə kosmos sənayesinə sahib ölkə olmağımızı qeyd etmək lazımdır. Eyni zamanda "Elektron hökumət" sistemi inkişaf etdirilib, İKT sahəsində nailiyyətə təkan verən "Elektron imza"nın tətbiqi genişləndirilib, mobil telefon şəbəkə sistemində ən son texnologiya olan "4G" xidmətinin tətbiqinə başlanılıb və bu da ölkənin istənilən nöqtəsində yüksəksürətli internetə çıxış imkanı yaradır. Həmçinin, ölkə ərazisi rəqəmsal televiziya yayımı ilə əhatə olunub və s.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də çıxışları zamanı kommunikasiya və yüksək texnologiyaların ən dinamik inkişaf edən sektor hesab edildiyini vurğulayaraq, bu sahədə inkişafa nail olmaq üçün səylərin artırılacağını deyib. Nazir hesab edir ki, ən azı dünyada gedən tendensiyanı təqib etməliyik ki, texnoloji yeniliklərdən geri qalmayaq: "Bunun üçün hazırda ciddi layihələr üzərində işlər gedir. Əlbəttə, İKT ölkəmizdə davamlı inkişaf və intellektual potensialın gücləndirilməsi baxımından vacib sahədir. Eyni zamanda cəmiyyətdə şəffaflığın inkişafı üçün önəmlidir. Bu istiqamətdə bizim üzərimizdə konkret vəzifələr var. Bu gün sahə üzrə həyata keçirilən işlər əhalinin istifadəsinə verilən elektron xidmətlərin sayının və keyfiyyətinin artırılmasına yönəlib. Elektronlaşma və xidmətlərin vətəndaşlar üçün maksimum əlçatan olması qarşımızda duran əsas məsələlərdəndir".

Nazir qeyd edib ki, "Elektron hökumət" layihəsi birbaşa ölkə başçısının diqqət mərkəzində olan prioritet sahələrdən biridir: "Bu layihənin hədəfi vətəndaşların dövlət qurumlarından keyfiyyətli "online" xidmət almasını təmin etmək, vətəndaş-hökumət, vətəndaş-məmur münasibətlərini daha sağlam və müasir formata gətirməkdir. Sevindirici haldır ki, dövlət qurumları "Elektron hökumət" portalına daha çox xidmətlərini inteqrasiya etməkdə maraqlıdırlar. Deməli, vətəndaşlar get-gedə daha çox xidməti "online" əldə edə biləcək".

Bu sahədəki vəziyyətlə bağlı fikirlərini "Reytinq"lə bölüşən Ədalət Partiyasının sədr müavini, Bakı Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimli deyib ki, hazırda dünyada insanların böyük əksəriyyəti müxtəlif məqsədlər üçün İKT-dən geniş istifadə edirlər. Onun qənaətincə, xüsusən İKT-dən istifadə gənc nəslin gündəlik fəaliyyətinin və adi həyat tərzinin tərkib hissəsinə çevrilib:

"İndi informasiya cəmiyyətinə istiqamətlənmiş səyləri bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirmək olar. Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Müasir dövrdə İKT-nin inkişafı həm də hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaratdığından ona xüsusi diqqət ayırılır. Qloballaşma prosesinin nəticələrindən biri kimi Azərbaycan da İKT-nin bütün sahələrə tətbiqi və ondan səmərəli istifadə edilməsi kimi tendensiyalardan kənarda qala bilməz".

Müsahibimiz deyib ki, respublikamızda informasiya cəmiyyətin qurulması və kompüterləşmə sahəsində xeyli işlər görülüb. Onun sözlərinə görə, cəmiyyətin müxtəlif sahələrində, xüsusilə İKT-nin təhsil sektorunda geniş tətbiqi istiqamətində işlər aparılmaqdadır:

"Tədris prosesində interaktiv lövhə və virtual laborator proqramlarından istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və ondan istifadə edilməsinə, eyni zamanda İKT-nin özünün tədris olunmasına, təhsil alanlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılmasına yönələn fəaliyyət müasir dövrün tələbi kimi daha da inkişaf etdirilməlidir. Respublikamızda mövcud vəziyyətin analizi göstərir ki, biz İKT sahəsində idxalçı ölkəyik. Həm İKT ilə bağlı texnika və texnologiyalar, həm proqram təminatı məsələlərində asılı durumdayıq. Ölkəmizdən müxtəlif səbəblərdən miqrasiya etmiş çoxsaylı şəxslər xaricdə bu sahədə aparıcı fiqur kimi çalışmaqdadır. İKT sferasında Azərbaycan brendinin olmaması ölkəmizdən beyin axınının nəticəsidir".

Bu gün insanların ən çox istifadə etdiyi İKT resursu internetdir. Azərbaycanda internetin əhatə dairəsinin indiki səviyyəsi müsbət qiymətləndirilsə də, çatışmazlıqlar da var. Nazirliyin qarşıya qoyduğu əsas məqsədlərdən biri internetin əhatə dairəsi ilə yanaşı, keyfiyyətinin və sürətinin yüksəldilməsidir. Azərbaycan əhalisinin 75 faizindən çoxunun internetə çıxışı var və bu, hazırda yaxşı göstəricidir. 

Nazirliyin apardığı monitorinq, texniki audit və istifadəçilər arasında keçirdiyimiz sorğuların təhlili göstərir ki, hələ görüləsi işlər çoxdur. Əslində, bu, fasiləsiz bir prosesdir. Qeyd olunan sahədə inkişaf o qədər sürətlə gedir ki, dünənki texnoloji inkişaf bu gün üçün köhnə sayılır. Hazırda ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsinin qurulması layihəsi üzərində iş gedir. Bu da o deməkdir ki, genişzolaqlı şəbəkə üzərindən keyfiyyətli internet və telekommunikasiya xidmətləri göstəriləcək. Layihənin mahiyyəti hər bir mənzili 100 meqabit saniyə internetlə, İP TV və telefon xidməti ilə təmin etməkdən ibarətdir. Yəni, yeni infrastruktur 3 xidmətin eyni vaxtda yüksək keyfiyyətdə aparılmasına imkan verəcək. Bakı ərazisində artıq layihənin icrasına start verilib.

Nazirliyin qarşısındakı əsas vəzifələrdən biri də yaxşı infrastruktur yaratmaqla sağlam rəqabət mühiti formalaşdırmaqdır. Elektron xidmətlərin Azərbaycanın regionlarında istifadəsinin genişləndirilməsinə, sektorun sağlamlaşdırılmasına ehtiyac var. Provayderlərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması bu layihənin əsas məqsədlərindəndir. İnfrastruktur müasir standartlara cavab verməlidir ki, xidmətin də keyfiyyəti yaxşı olsun.

Azərbaycanda internetin əhatə dairəsinin indiki səviyyəsi barədə fikirlərini bildirən M.Rəhimli deyib ki, son illər Azərbaycan internetin inkişafında xeyli irəliləyiş əldə edib. "Bunun göstəricisi kimi sosial şəbəkə istifadəçilərinin sayının sürətlə artmasını, kütləvi informasiya vasitələrinin öz fəaliyyətlərini internetə köçürməsini qeyd etmək olar. Artıq internet resurslarında azərbaycan dilində informasiya bazasının da getdikcə artığını müşahidə etmək olur. Müşahidələr göstərir ki, istifadəçilər bir sıra hallarda provayderlər tərəfindən aldadılır. Bu həm internetin həcmində, həm də sürətində özünü göstərir. Xüsusilə mobil operatorlar sürətli internetin təmin edilməsi istiqamətində ləng iş aparırlar",- deyə müsahibimiz fikrini tamamlayıb.

Z.MƏMMƏDLİ

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




254 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
13-07-2017, 16:54 Xidmətlər asanlaşır