16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ölkənin İKT imkanları böyük sınaq qarşısındadır
Tarix: 02-05-2017 16:25 | Bölmə: Layihə


IU İslam Həmrəyliyi Oyunlarını telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin etmək üçün lazımi tədbirlər görülür

Azərbaycan IU İslam Həmrəyliyi Oyunlarına bütün sahələr üzrə ciddi hazırlaşıb. Mötəbər bir tədbirə ev sahibliyi etməyə hazırlaşan Azərbaycan rabitə və informasiya texnologiyaları sektorunda lazım olan bütün imkanları səfərbər edib.

Rəsmi məlumatlara görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən IU İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə ən yüksək səviyyədə təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi ilə NRYTN-nin şöbə və müəssisələrinin, habelə, yerli İT şirkətlərinin və mobil rabitə operatorları rəhbərlərinin təmsil olunduğu qərargah yaradılıb.

Qeyd edək ki, nüfuzlu tədbirlərdə, o cümlədən I Avropa Oyunları zamanı rabitə xidmətlərinin keyfiyyətli təşkili ilə bağlı nazirliyin mütəxəssisləri böyük təcrübə qazanıblar və üzərilərinə düşən işin öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Nazirlikdən verilən məlumata görə, Bakıda keçirilmiş I Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə təminatı üzrə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) texnologiya komandası ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında 2013-cü ilin iyun ayından başlanılmış əməkdaşlıq çərçivəsində ayda bir dəfə iclas keçirilməklə tədbirlər görülüb, oyun məkanları və təşkilati binalar BAOƏK-in tələbatına uyğun dayanıqlı və alternativ optik kabellərlə təchiz edilib, tələbata müvafiq olaraq, ümumilikdə 288 km optik kabel çəkilib, montaj və ölçü işləri aparılıb. Həmçinin, Mingəçevir şəhərində keçirilmiş kanoe-sprint idman yarışının yayımının və digər telekommunikasiya xidmətlərinin təşkili üçün əsas və alternativ yollarla "Kür" idman mərkəzindən BAOƏK-in data mərkəzlərinə nazirliyin şəbəkəsi ilə yanaşı Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və "Azərenerji" ASC-nin optik resurslarından da istifadə etməklə rabitə təşkil edilib. Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet rabitəsi ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb, həmçinin Radio Rabitə Xidmətlərinin təşkili təmin edilib.

NRYTN-nin sifarişinə əsasən, ABŞ-ın bu sahədə ixtisaslaşmış "Plobal Wireless Solutions" şirkəti tərəfindən respublikamızda fəaliyyət göstərən mobil rabitə operatorlarının xidmət keyfiyyətinin monitorinqi aparılıb və Bakı şəhəri ərazisində, o cümlədən yarışların keçiriləcəyi idman komplekslərində, insanların çox toplaşdığı müxtəlif məkanlar üzrə mövcud daxili şəbəkələrdə, Bakı və Mingəçevir şəhərləri arasında magistral avtomobil yollarında aparılan test işləri əsasən şəbəkələrin əhatə dairəsi, şəbəkəyə giriş imkanlığı və xidmətlərin dayanıqlığı, səs və paket tipli məlumat mübadiləsi təhlil olunub, birgə şəbəkə analizi aparılıb, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyaları üzrə istifadəçilərə göstərilən xidmət səviyyəsi ölçülüb.

Nəticələrə görə, respublikanın mobil rabitə şəbəkəsinin və göstərilən xidmətlərin keyfiyyəti ümumilikdə qənaətbəxş hesab edilib. Oyunlar zamanı məkanlara və eləcə də məkanlardan TV yayımının etibarlı şəkildə təşkili üçün optik kabellərlə təminat NRYTN-nin üzərinə düşən vacib məsələlərdən olmuş və bu məqsədlə oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkə qurulub. Eyni zamanda oyun məkanlarındakı yarışların yayımının Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və "Azərspace-1" peyki vasitəsilə yayımın təşkili də təmin edilib.

Eyni zamanda, "Azərkosmos" ASC I Avropa Oyunlarının rəsmi dəstəkçisi kimi də fəaliyyət göstərib. Oyunlar keçirilmiş məkanlar və təşkilati binalarda istifadəsi üçün tələb olunan radiotezliklər də müəyyən edilib, Radiotezliklər üzrə Dövlət Komissiyası və Dövlət Radiotezliklər İdarəsi tərəfindən inventarizasiya olunaraq, boş radiotezliklərin ayrılması və zərurət əsasında istifadədə olan radiotezliklər qısa müddətə müvəqqəti boşaldılaraq oyunların keçiriləcəyi vaxt ərzində aidiyyəti üzrə ayrılıb.

Oyunlardan öncə və oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi İdarəetmə Qrupu yaradılıb, məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmini, oyunların keçirildiyi dövrdə dövlət əhəmiyyətli saytların müdafiəsinin gücləndirilməsi, müvafiq saytların nəzarətdə saxlanılması, kibertəhlükəsizlik riskləri və hər hansı təhlükə üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Bir neçə gün sonra başlayacaq mötəbər tədbirlə bağlı da hazırlıqlar yüksək səviyyədədir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) "Bakı-2017" İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayım xidmətini təmin etmək məqsədi ilə Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb.

Mərkəzdən "Reytinq"ə verilən məlumata görə, İslam dünyasının idman azarkeşləri 2017-ci il 12-22 may tarixlərində Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarını televiziya və elektron vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı əldə edəcəklər.

İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən yaradılan və İslam xalqları arasında idman və mədəniyyət əlaqələrinin gücləndirilməsinə yönələn bu oyunlarda 20 idman növündə, 24 kateqoriya üzrə 50 iştirakçı ölkə idmançıları mübarizə aparacaqlar. Müqaviləyə əsasən, Bakı Media Mərkəzi oyunların 80 saatdan çox yayımını həyata keçirəcək. Oyunların yayımından öncə hər biri 5 dəqiqə olmaqla, 3 video-çarx təqdim olunacaq.

İdman yarışlarına gəldikdə, müqaviləyə əsasən, futbol yarışlarının hər qrup oyunları, yarım finalları və final mərhələsi canlı yayımlanacaq.

Bakı Media Mərkəzi həm də açılış və bağlanış mərasimlərinin işıqlandırılmasını da təmin edəcək. Eyni zamanda, Bakı Media Mərkəzi gün ərzində baş tutan yarışların ən parlaq və yaddaqalan məqamlarına dair 54 dəqiqəlik proqramı və 5 dəqiqəlik "Xəbər" proqramını təqdim edəcək.

"Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının yekununa dair Oyunların nəticələrini və əsas məqamları özündə əks etdirən iki saatlıq proqram da qurum tərəfindən yayımlanacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzi Bakıda yerləşən innovativ Azərbaycan şirkətidir. Audiovizual sahə üzrə bir çox xidmətlər təmin edərək iki əsas istiqamət - video və yayım prodakşn əməliyyatı üzrə ixtisaslaşıb.

Onu da nəzərə çatdıraq ki, "Bakı-2017" IU İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə Oyunların təbliğatını yayımlamaq hüququ əldə edən 34 ölkənin yayım şirkətləri arasında razılıq əldə olunub. Oyunların keçirilməsinə bir ay qaldığı müddətdə elan olunan razılığa əsasən, bütün yayım şirkətləri aşağıda qeyd olunan tədbirlər əsnasında İslamiada ilə əlaqədar eksklüziv yayımdan istifadə hüququna malik olacaqlar:

- Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq açılış və bağlanış mərasimlərinin canlı yayımlanması;

- Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrdən ibarət bir saatlıq gündəlik proqram;

- Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 matçın canlı yayımlanması;

- Oyunlar haqqında iki saatlıq proqram.

Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU)əldə edib.

22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətləri də "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər.

TV Media Sport (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri - Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDİA GROUP GBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavrikiy (MBC) və Burkina-Haso (RTB) - qarşısında Oyunlardan canlı yayımların və proqramların yayımlanması ilə bağlı öhdəlik götürüb.

TV Media Sport şirkətinin prezidenti bu razılıq haqqında danışıb:

"Beynəlxalq idman tədbirlərinin diversifikasiyası (şaxələnməsi) hər zaman TV Media Sport şirkətinin güclü fəaliyyət istiqaməti olub və olmaqdadır. "Bakı-2017" IU İslam Həmrəyliyi Oyunları bu strategiyamızın mükəmməl təcəssümü olacaq". Bundan əlavə, "Bakı-2017" Türkiyənin aparıcı yayım TV-si TRT ilə müqavilə imzalayıb. Oyunların işıqlandırılması Surinam və Qayanada İP vasitəsilə, ATV və Milli Rabitə Şəbəkəsi tərəfindən yayımlanacaq”.

Müsbət məqamlardan biri də odur ki, bu tədbirə özəl qurumlar da cəlb olunub. Belə ki, "Nar" 12-22 may tarixləri arasında keçiriləcək "Bakı-2017" Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilib. "Nar" "Bakı-2017" Oyunlarında Əməliyyat Komitəsini mobil rabitə xidmətləri - zəng və məlumatların ötürülməsi (data) xidmətləri ilə təmin edəcək, eləcə də İnformasiya Əlaqə Mərkəzi və Oyunların texnologiya şöbəsinə dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq. "Bakı-2017" Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar şöbəsinin direktoru Mayk Loynd mətbuat konfransında "Nar" ilə imzalanmış tərəfdaşlıq müqaviləsinə münasibət bildirərkən deyib ki, böyük təcrübəsi sayəsində "Nar" "Bakı-2017" Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşıdır.

"Oyunlar zamanı yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin olunmaq olduqca vacibdir. Biz birlikdə çalışacağıq və əminəm ki, "Nar" "Bakı-2017" Oyunlarının uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək",- deyə Mayk Loynd jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

"Nar" operatorunun baş icraçı direktoru Klaus Müller isə, öz növbəsində, "Nar"-ın "Bakı-2017" Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilməsinin böyük qürur mənbəyi olduğunu vurğulayıb.

"İki il öncə keçirilən İlk Avropa Oyunlarının tərəfdaşı olmuş "Nar" ölkədə keçirilən mühüm layihələrin tərəfdaşı kimi böyük təcrübə qazanıb. Bu təcrübəyə əsaslanaraq deyə bilərəm ki, layihənin telekommunikasiya tərəfdaşı olaraq "Nar"-ın peşəkar əməkdaşları "Bakı-2017" Oyunlarının təşkilatçıları və iştirakçılarını yüksək keyfiyyətli xidmətlə təmin edəcəklər. Əminəm ki, "Bakı-2017" Oyunları Azərbaycana böyük uğur gətirəcək və bu uğurun qazanılması üçün "Nar"-ın da əmək sərf etməsi bizi çox fərəhləndirir",- deyə cənab Müller bildirib.

"Azerfon" şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile" ticarət nişanı ilə fəaliyyətə başlayaraq, qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilməklə yanaşı, həm də hər bir vətəndaşın ədalətli qiymət müqabilində bu şərti meyvə bağının təamlarından faydalana bilməsini simvolizə edir. Sərfəli qiymət siyasəti, yüksək keyfiyyətli, rahat və sadə xidmət qısa vaxt ərzində "Nar"-ı yüz minlərlə insanın seçiminə çevirib. Fəaliyyətinin ilk günlərindən etibarən, mobil rabitə bazarına müxtəlif töhfələr vermiş "Nar" Azərbaycanda ən müasir mobil texnologiyaların tətbiqinə start verən birinci mobil operator olmuş, həm mobil internet, həm də fiber-optik texnologiyalar əsasında yüksəksürətli sabit internet xidmətləri göstərmiş, ölkədə ilk dəfə olaraq 3G texnologiyalarına əsaslanan xidmətlər təqdim etmiş və ən geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.

Bu gün təqribən 2,3 milyon abunəçiyə xidmət göstərən və öz sərfəli qiymətləri ilə əhalinin bütün kateqoriyalarını nəzərə alan "Nar"-ın şəbəkəsi ölkənin 99%-ni əhatə edir. Abunəçilər rabitə xidmətləri provayderi olan "Nar"-ın tariflərindən istifadə etməklə bütün istiqamətlərdə sərfəli qiymətlərdən faydalanırlar. Ölkənin regionlarına olan diqqətin nəticəsi kimi "Nar" regionlar üçün ayrıca tarif paketləri də yaradıb.

Göründüyü kimi, Azərbaycan ölkədə yaradılan yeni texnoloji imkanlarla mötəbər bir tədbirə hazırdır. Ev sahibi kimi ölkəmizin İKT sahəsində də uğurlara imza atması təqdirəlayiqdir.

Z.MƏMMƏDLİ

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.






Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}