14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“İKT-dən istifadə dərslərin yüksək səviyyədə keçirilməsinə imkan verir”
Tarix: 25-05-2017 15:54 | Bölmə: Layihə

Könül Təhməzova deyir ki, müasir texnologiyalar müəllimlərin prioritetinə çevriləcəkdir

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində həyata keçirilən layihələr bütün sahələr üzrə real nəticələr verməkdədir.

Təbii ki, qloballaşan dünyamızda güclü informasiya axını, istehsal sahələrinin və texnologiyalarının dinamik yeniləşməsi, fəaliyyət sahələrinin xarakterinin sürətli və çevik növbələşməsi ictimai həyatın bütün sahələrində olduğu kimi, təlim-tərbiyə, təhsil və idarəetmə metodlarına da ciddi təsir edib. Dünya təcrübəsi göstərir ki, müasir təlimin səmərəliliyinin yüksəldilməsində yeni pedaqoji texnologiyalar və onların imkanlarından düzgün istifadə böyük əhəmiyyət kəsb edir.

Bu gün dünyada insanların əksəriyyəti müxtəlif məqsədlər üçün kompüterdən geniş istifadə edir. Xüsusən gənc nəsil üçün kompüterdən istifadə onun gündəlik fəaliyyətinin adi həyat tərzinə çevrilib. Kompüterlərin təhsil sahəsinə inteqrasiyası da bu tendensiyaları əks etdirir. Kompüterlərin təhsil sahəsində uğurlu tətbiqi yalnız onların əldə edilməsindən deyil, eyni zamanda istifadəçilərin onlarla nə dərəcədə tanış olmalarından asılıdır.

Müasir dövrdə İKT-nin inkişafı hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı bəşəriyyətə geniş imkanlar yaradır. Müasir texnologiyanın tədris prosesində tətbiqinin verdiyi müsbət nəticələrlə bağlı müxtəlif ekspertlərin fikirlərini oxucularımıza çatdırmışıq. Apardığımız araşdırma nəticəsində məlum olub ki, İKT resurslarının təhsil və tədrisdə tətbiqi təhsil səviyyəsinin yüksəlməsinə xidmət edib.

Bülbül adına orta ixtisas musiqi məktəbinin ibtidai sinif müəllimi, Web 2.0 alətlərinin tədris prossesində istifadəsi üzrə peşəkar təlimçi, mütəxəssis, İlin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olan Könül Təhməzova "Reytinq”ə deyib ki, müasir texnologiyanın tədris prosesində istifadəsi zamanı əldə olunan nəticələri əyani şəkildə müşahidə edir.

Onun sözlərinə görə, ənənəvi təlim metodları müasir pedaqoji problemləri tam həll etməyə qadir deyil: "Belə ki, təlimin məzmununun sürətlə dəyişməsi, hazırki ənənəvi təlim ünsürləri, yeni tədris prosesinin əvvəlcədən hazırlanmış formalarda, özü də indiki tələbləri nəzərə almadan aparılması təlimin səmərəsinin yüksəldilməsini, öyrənən və öyrədənlərin təhsildə fəal iştirakını tam təmin etmir. Təlimdə İKT-nin tətbiqi zamanı hər bir öyrənən istənilən formada və məzmunda fəal olaraq fərdi şəkildə bilik və bacarıq əldə edə bilər. İKT-nin - peyk antenna, video, kompüter, internet, mobil telefon və digərlərinin hər biri təlimin səmərəsinin yüksəldilməsində mühüm rol oynayır”.

K.Təhməzovanın fikrincə, bu gün orta məktəb qarşısında yeni məqsəd durur - şagirdlərdə informasiya mədəniyyəti və kompüter savadlılığını formalaşdırmaq:

"Şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılması, onların İKT-dən savadlı istifadə vərdişlərinə əsaslanır. Bu gün artıq müasir məktəbi yeni informasiya texnologiyaları olmadan təsəvvür etmək olmur. Cəmiyyət inkişaf etdikcə fərdi kompüterlər və digər texnologiyalara olan tələbat da artır. Ona görə də müasir şərait şagirdlərin kompüter savadlılığının bünövrəsinin məktəbin ibtidai siniflərindən qoyulmasını tələb edir. İKT bilik və bacarıqlarına mükəmməl yiyələnməyin ən yaxşı yolu onun orta məktəbdən başlanmasıdır. Təhsilin ibtidai siniflərdən İKT əsasında qurulması şagirdlərin gələcəkdə savadlı kadr kimi yetişməsində mühüm rol oynaya bilər.İbtidai siniflərdə İKT-nin tətbiqi şagirdlərdə ətraf aləmi informasiya baxımından təhlil etmək və müvafiq nəticələr çıxarmaq bacarıqlarının formalaşdırılmasına imkan yaradır. İnformasiya ilə işləmək bacarığı müxtəlif praktiki üsullara bələd olmağa, həmçinin, müasir texniki vasitələrlə informasiya mübadiləsi aparmağa kömək edir”.

Ekspert nəzərə çatdırıb ki, İKT-nin dərslərdə tətbiqi təlimin motivasiyasını gücləndirir, şagirdlərin dərketmə fəaliyyətini aktivləşdirir. Onun qənaətincə, dərslərdə İKT-dən istifadə dərslərin yüksək estetik və emosional səviyyədə keçirilməsinə imkan verir, əyaniliyi təmin edir, böyük həcmdə didaktik materialların cəlb edilməsinə köməklik göstərir, bu isə öz növbəsində, bir dərsdə şagirdlərlə görülən işin həcmini bir neçə dəfə artırır, şagirdlərə diferensial yanaşmanı təmin edir:

"İKT-nin tətbiqi şagirdlərdə müstəqil işləmək, şagirdlərin tədqiqat aparmaq imkanlarını genişləndirir, ən əsası, təhsilin keyfiyyətinin artmasına gətirib çıxarır. Müəllimin dərslərdə elektron resurslardan istifadə etməsi şagirdlərdə tədrisə müsbət münasibət formallaşdırır, onların dərslərdə emosional durumunu yaxşılaşdırır. Hazırda məktəblərdə müəllimlər özləri elektron resursları bir neçə üsulla hazırlayır və dərslərdə onlardan istifadə edirlər. Ən geniş yayılmış üsul - ibtidai sinif dərslərində multimedia təqdimatlarından istifadədir. Burada olan multimedia elementləri - animasiya, mətn, şəkil, səs və digər komponentlər təlimin müsbət nəticələrinə güclü təsir göstərir. Təqdimatlardan istifadə edilməsi müasir dərslərin əsas cəhətlərindən olan - dərslərin cəlbedici olmasını təmin edir. Təqdimatlar nəticəsində dərslərdə fəallığı ilə çox da seçilməyən şagirdlər də aktivləşir, müzakirələrdə iştirak edir və öz fikirlərini sərbəst olaraq ifadə edirlər”.

K.Təhməzova qeyd edib ki, ötən əsrin 60-cı illərindən ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Yaponiya və başqa ölkələrdə təlimin texnoloji vasitələri kimi təhsil prosesinə gətirilən və az müddət ərzində böyük nəticələr əldə edilən pedaqoji texnologiyalar, xüsusən kompüter, internet, veb-şəbəkə, elektron öyrənmə vasitələri bu gün öyrədən və öyrənən arasında müntəzəm və operativ əlaqə, əks əlaqə, dialoq yaradan əhəmiyyətli vasitələr kimi təsbit olunur. Bu texnoloji vasitələr elmi biliklərin didaktik dəyişməsinə, müəllim və şagirdlərin, rəhbər işçilərin təhsil sahəsində innovasiyaları nəzərə almaqla tədris prosesinin elmi təşkilinə gətirib çıxarır:

"Təlim prosesində informasiya texnologiyaları şagird və müəllimlərin müxtəlif fəaliyyət növlərində tətbiq olunur və hər bir şagirdin psixi inkişafına güclü təsir göstərir. Ayrı-ayrı fənlər və mövzular üzrə məşğələlərdə informasiya texnologiyalarından istifadə şagirdlərin psixi fəaliyyətini gücləndirir. Müəllim şagirdlərin idrak fəallığını gücləndirmək və təlimin səmərəsini yüksəltmək məqsədilə təlimə bir sıra pedaqoji texnologiyalar daxil edərək məktəblilərin psixi funksiyalarını da dəyişmiş olur. Qavrama prosesində iştirak edən görmə və eşitmə analizatorları tədris materialı haqqında daha dolğun və dəqiq təsəvvürlərin qazanılmasına imkan verir. Pedaqoji texnologiyalar vasitəsilə alınan məlumatlar həm də qısa müddətli hafizədən uzunmüddətli hafizə fonduna ötürülür. Təhlil-tərkib, ümumiləşdirmə, nəticə çıxarmaq əsasında qazanılmış materiallar saf-çürük edilir, daha əhəmiyyətliləri yaddaşda möhkəmlənir, az əzəmiyyətli olanlar isə yaddaşdan silinir”.

Könül Təhməzova deyib ki, pedaqoji texnologiyaların təlim prosesinə tətbiqi, eyni zamanda, hissi obrazların yaranmasına şərait yaradır. Onun sözlərinə görə, şagirdlər informasiya və pedaqoji texnologiyaların köməyilə cisim və hadisələr haqqında verilən məlumatı dərk edərkən onlara müəyyən münasibət göstərirlər:

"Tədris materiallarının qavranılmasında, dərk olunub başa düşülməsində təbii ki, qavrayışın tamlığı, mənalılığı, çevikliyi və nisbi sakitliyi də mühüm əhəmiyyət daşıyır. Kompüter və digər texnologiyalardan istifadə zamanı şagirdlər həm də iradi səy göstərirlər. Şagirdlərdə iradənin bir sıra xüsusiyyətləri özünü büruzə verir. İnformasiya texnologiyalarının tətbiq olunduğu dərslərdə hər hansı bir qərar qəbul edərkən hər bir müəllim və şagird məntiqi-psixoloji əməliyyatı yerinə yetirmə, funksional-dinamik və qərar qəbuletmə prosesinin formalaşdırılması istiqamətlərini nəzərə almalıdır. Kompüter təlimində şagirdlərin psixi fəaliyyəti qüvvətlənir. Təlim uğurları təkcə şagirdin təlimə qabilliyi, bütövlükdə qabiliyyəti ilə deyil, həm də təlim motivasiyası ilə şərtlənir. Öyrənmə motivasiyası didaktik prosesin səmərəliliyini, məhsuldarlığını müəyyən edən, artıran amillər kimi prosesin aparıcı və hərəkətverici qüvvəsidir. Təbii ki, təlimdə şagirdin tələbat və maraqları, arzuları və emosiyaları, durumları və idealları da böyük rol oynayır”.

Müsahibimiz qeyd edib ki, müasir pedaqoji texnologiyalardan tədris prosesində müxtəlif məqsədlər üçün, xüsusən təlimin səmərəliliyini yüksəltmək və onun keyfiyyətini artırmaq məqsədi ilə istifadə aktual məsələdir:

"Təhsil sferasında səmərəlilik və keyfiyyət, təlim nəticələrinin əvvəlcədən müəyyən edilmiş normativlər əsasında şagirdlərin mənimsəmə səviyyəsini, ümumi halda təhsil sisteminin durumunu müəyyən edən ən vacib göstəricidir. Tədris prosesində təlimin səmərəliliyinin yüksəldilməsi, tədris-təlim prosesinin keyfiyyətinin artırılması yeni təlim və pedaqoji texnologiyalarının; interaktiv, fəal, kompüter, internet, əməkdaşlıq, layihələr, müxtəlif səviyyəli təlim, problemli təlim, inkişafetdirici təlim, pedaqoji oyun və modul texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlıdır. Müasir dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən sosial-iqtisdi və mənəvi münasibətlər təhsil sisteminin və onun tərkib hissəsi olan müəllimlərin bu prosesə çevik, dinamik adaptasiya olunmasını tələb etdiyindən, ümidvaram ki, pedaqoji texnologiyalardan düzgün, yerində və məqamında istifadə müəllimlərin prioritetinə çevriləcəkdir”.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

 






Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}