14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Uşaqları onlayn təhlükələrdən qoruyun!
Tarix: 06-06-2017 18:07 | Bölmə: Layihə


İKT və təhsil eksperti Ramil Süleymanov həyəcan təbili çalır: "Online təhlükəli oyunlar və müəyyən saytlar var ki, gizli əməkdaşları uşaqları təhlükəli məsələlərə cəlb edirlər. Uşaqdan hansısa ailə sirrini öyrənir, hesab kartının nömrəsini alır və s.”

Bu gün uşaqların internet təhlükəsizliyi ən aktual mövzulardandır. Çünki internetin, müasir kommunikasiya vasitələrinin gətirdiyi yeniliklər bəzən öz təsirini mənfi formada da göstərə bilir.

Yaşlı insanlar mənfi təsirlərin qarşısını alıb, məlumatları süzgəcdən keçirsələr də, təəssüf ki, uşaqların internetdən istifadəsində bəzən problemlər yaşanır. Çünki əksər vaxtlarda valideynlər övladlarının internetdən istifadəsinə nəzarət edə bilmirlər. Bəzən uşaqların sağlamlığı, psixologiyası üçün zərərli informasiyaların təsnifatını aparmaq, hansının faydalı və ya zərərli olduğuna nəzarət etmək çətin olur.

Müasir cəmiyyətdə informasiya texnologiyaları sahəsindəki yeniliklər insanların həyatında sürətlə yer tutmağa başlayır. Müşahidələr göstərir ki, hazırda İKT sahəsində mövcud yenilikləri izləməkdə uşaqlar böyüklərdən xeyli irəlidədirlər. Bu məsələ isə öz növbəsində uşaqların internetin mənfi təsirlərindən necə qorunmasını gündəmə gətirir.

Alimlərin araşdırmalarına görə, insanların həyatında mühüm yer tutmağa başlayan müxtəlif sosial şəbəkələrdən uşaqların istifadəsi onları təhlükələrlə üz-üzə qoyur.

Bəs görəsən, Azərbaycanda internetdə uşaqların təhlükəsizliyi ilə bağlı hansısa sistem mövcuddurmu? Ümumiyyətlə, bu istiqamətdə hansı addımların atılmasına ehtiyac var?

Bununla bağlı fikirlərini "Reytinq”lə bölüşən İKT üzrə təlimçi, təhsil eksperti Ramil Süleymanov bildirib ki, bu sahədə valideyn və uşaqların maariflənməsi olduqca aşağı səviyyədədir. Onun sözlərinə görə, bunun qarşısının alınması sahəsində müxtəlif təkliflər irəli sürülsə də, Avropa ölkələri ilə müqayisədə gecikirik. Bu gecikmə isə övladlarımızı təhlükələrlə üz-üzə qoyur.

2016-cı ilin aprel ayının 19-da "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsinə diqqət çəkən müsahibimiz bildirib ki, həmin dəyişikliklərə əsasən, uşaqların sağlamlığına, inkişafına zərər verən informasiyalardan qorunması müvafiq qanunla tənzimlənir: "Bu da o deməkdir ki, xüsusi bir qanun qəbul edilməli, həmin qanunda uşaqların yaş kateqoriyalarına görə informasiya məhsullarının təsnifatı aparılmalıdır. Prezidentin sərancamına əsasən, həmin qanunun hazırlanması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər qurumlara tapşırılıb. Hazırda bu layihənin hazırlanması üzərində iş gedir”.

R.Süleymanov qeyd edib ki, bu gün daha çox edilən təklif bir zamanlar Avropada istifadə olunan "Parental Control" ("Valideyn nəzarəti") həllərinin istifadəsi üzrə treninqlərin keçirilməsini nəzərdə tutur: "Parental Control" proqram həlli qadağan edilmiş internet saytlara və proqramlara çıxışı bloka almağa, hesabatlar və kompüterdən istifadənin cədvəlini tərtib etməyə imkan verir. Bunu bir çox internet provayderlər dəöz müştərilərinə təklif edirlər. Hətta internet klublarında "Parental Control" modullarının tətbiqi uşaqların arzuolunmaz kontentə çıxışının qarşısını almaqla yanaşı, kiberhücumlarla mübarizəni gücləndirməyi nəzərdə tutur".

Ekspert deyib ki, bu gün Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır, onların əksəriyyəti isə uşaq və yeniyetmələrdir. Onun qənaətincə, internet istifadəçilərinin sayının artması ölkənin istənilən nöqtəsində internetə çıxış imkanlarının olması ilə bağlıdır:

"Valideynlər uşaqlarına bahalı telefonlar, noutbuklar alır. Amma internetdən istifadə səviyyəsi artdıqca uşaq və yeniyetmələrin internetin zərərinə məruz qalma halları da çoxalır. Uşaqların internet asılılığı ilə bağlı problemlərin səviyyəsini öyrənmək üçün müxtəlif üsullar var və bunlardan ən geniş yayılmışı, Koreya əsilli amerikalı Kimberli Yanqın metodikasıdır. Həmin metodikaya əsasən, uşağa internetdən istifadə ilə 20 psixoloji sual verilir və onun verdiyi cavablar əsasında internet asılılığının səviyyəsi qiymətləndirilir. Müəyyən bir hədd var, o həddi keçmək risk səviyyəsi sayılır.

2012-ci ildə yerli tələbələr arasında bu metodikanı tətbiq etdik və azərbaycanlı tələbələrin bu təhlükəli həddi keçdiyi ortaya çıxdı. Dünyada bir çox klinikalarda bu metoddan istifadə edilir. Azərbaycanda hələ ki, bu metodika tətbiq olunmur. Bizdə əsasən həkimlərə, psixoloqlara edilən müraciətlər əsasında uşaqlar arasındakı internet asılılığı probleminin səviyyəsini bilmək olar.

İnternetlə bağlı çoxlu problemlər olur. Online təhlükəli oyunlar və müəyyən saytlar var ki, gizli əməkdaşları uşaqları təhlükəli məsələlərə cəlb edirlər. Uşaqdan hansısa ailə sirrini öyrənir, hesab kartının nömrəsini alır və s. Uşaqlar belə hallarla bağlı xəbərdar edilməli, valideynləri onlara daha diqqətli yanaşmalıdır”.

Təhsil eksperti bildirib ki, valideyn nəzarətini həyata keçirmək üçün müəyyən proqram təminatları da var: "Xarici ölkələrdə uşaq kompüterdə ayrı otaqda deyil, ümumi otaqda məşğul olur ki, valideynin diqqəti üzərində olsun. Düşünürəm ki, ilk növbədə valideynlər maarifləndirilməli, internetdə uşaqların təhlükəsizliyinin təminatı ilə bağlı dərslər keçirilməli, monitorinqlər aparılmalıdır. Uşaqlar internet asılılığına görə və digər psixoloji müayinələrdən keçməlidirlər”.

Onu da qeyd edək ki, bu gün bəzi ölkələr bu məsələyə tamamilə sərt, bəziləri isə bir qədər loyal yanaşırlar. Məsələn, Amerika, Fransa vədigər inkişaf etmiş ölkələrin əksəriyyətində uşaqların internet təhlükəsizliyinə yanaşma çox ciddidir. Bizim ölkəmizdə isə bu sahədə vəziyyət ürəkaçan deyil.

Elə ölkələr var ki, onlarda uşaqların təhlükəsizliyini qorumaqla bağlı oturuşmuş informasiya sistemləri formalaşıb. İnternetdə uşaqlara psixoloji təsir edən informasiyaların qarşısı alınır, onları tərbiyələrinə təsir edən informasiyalardan qoruyur və s. tədbirlər görürlər.

Müsahibimiz isə deyir ki, zaman-zaman Azərbaycanda da uşaqların internetdə təhlükəsizliyi ilə bağlı müxtəlif tədbirlər görülüb: "Buna misal olaraq, təhsil sahəsində təhlükəsizlik sisteminin qurulduğunu söyləmək olar. Təhsil müəssisələrinə internet süzgəcdən keçirilərək verilir. Yəni, ekstremizmə, terrorçuluğa çağırış, pornoqrafik, erotik mövzular avtomatik olaraq silinir. Burada qanunverici baza formalaşıb ki, hansı informasiyalar internet üzərindən təhsil müəssisələrinə verilə bilər, hansı yox. Beləliklə, təhsil sistemində təmiz internetlə bağlı problem 99 faiz həll olunub. Amma digər müəssisələrdə, evlərdə, internet klublarda belə problemlər qalmaqdadır. Bu istiqamətdə bizim qurum tərəfindən müxtəlif ictimai, dövlət və özəl qurumların xətti ilə iş aparılıb. Məsələn, "Microsoft”, NRİTN, Təhsil Nazirliyinin xətti ilə bu istiqamətdə tədbirlər keçirilib. Broşuralar təqdim edilib, müəllimlər üçün seminarlar təşkil olunub.

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yaranan problemlər həm də valideynlərin İKT sahəsində biliklərinin aşağı olması ilə əlaqədardır. Hazırda şəxsi mənzillərdə vəziyyət elədir ki, valideynlərin əksəriyyəti uşaqlara normal kompüter alıb verirlər, internetə qoşulurlar, sonra isəona nəzarət etmirlər. Bu isə ciddi problemlərin yaranmasına səbəb olur. Hesab edirəm ki, valideynlərin bu sahədə bilikləri aşağı olduğundan aidiyyəti qurumlar həm də şəxsi mənzillərdə vəziyyətə nəzarət etməlidirlər”.

Bir məqama da toxunmaq yerinə düşər. Bu gün Azərbaycanda mövcud olan əksər provayderlərin verdiyi internetdə sügənc xidməti yoxdur. 2012-ci ildə Azərbaycanın internet-servis provayderi "Sazz” və "AzEduNet” (Azerbaijan Educational Network) təhsil şəbəkəsi ilə birgə "Məktəblilər üçün təhlükəsiz internet” layihəsi həyata keçirib. Layihə uşaqları virtual mühitdəki arzuolunmaz kontentdən (pornosaytlar, zorakılıq, ekstremizm, qumar oyunları və başqalarını təbliğ edən ədəbsiz leksikanı özündə saxlayan resurslardan) müdafiə edən internet xidmətlərinin göstərilməsini nəzərdə tutur. "AzEduNet” çərçivəsində "Websense” proqramı tətbiq edilir. Proqram qadağan olunmuş kateqoriyaya aid olan saytları avtomatik olaraq yoxlayır və axtarış sistemlərində müxtəlif dillərdə zərərverici informasiyanın axtarışını, video və audiofayllara girişi məhdudlaşdırır, uşaqların belə məlumatlardan maksimum müdafiəsini təmin edir. Layihə çərçivəsində respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən orta məktəblər süzgənclənmiş internetlə təmin edilib. Bu xidmət yalnız təhsil müəssisələrində bir qrup şagird üçün həyata keçirilib.

Görəsən, bu gün Azərbaycan bazarında öz xidmətlərini təklif edən internet provayderlər bu sahədə hansı tədbirlər görürlər?

Sualımızı cavablandıran R.Süleymanov mühüm məqamlara toxunub. Deyib ki, apardığı araşdırmalar zamanı uşaqların internetdə təhlükəsizliyni təmin edən bir internet provayderi diqqətini çəkib: "Yalnız bir internet provayder - "Enginet” şirkətinin "Birlink” brendi öz xidmətləri çərçivəsində valideynləri tam arxayın edir. Bu şirkət internet xidmətini öz müştərilərinə süzgəcləyərək təklif edir. Təqdim edilən xidmət nəticəsində valideynlər, uşaqlara ciddi psixoloji zərər yetirə biləcək zorakılığı, irqçiliyi, ekstremizmi və aqressivliyi təbliğ edən oyun, film və digər kontentlərin əks olunduğu saytlara nəzarət edə biləcəklər.

"Təhlükəsiz internet” layihəsinin tətbiqi ilə nəinki azyaşlıların, eləcə də böyüklərin internetdə mövcud olan arzuolunmaz məzmunlar, videoreklamlar, fişinq və viruslu saytlardan qorunması mümkündür.

"Enginet” şirkəti tərəfindən istifadə edilən "Websense” süzgəc sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır.

Əslində, düzgün istifadə olunduğu halda, internet uşaqların inkişafı üçün çox faydalıdır. O, bu gün təhsil sisteminin mühüm tərkib hissəsidir. Bununla belə, biz valideynlər uşaqlarımızın internetdən necə istifadə etmələrinə hər an nəzarət edə bilmirik. İnternet mühitində uşaqlarımızın diqqətindən uzaq saxlamaq istədiyimiz xeyli zərərli məzmun var. Bunu nəzərə alaraq, uşaqları internetdəki arzuolunmaz məzmundan qorumaq məqsədi ilə valideynlər üçün arzuolunmaz veb-səhifələri süzgəcdən keçirmək olduqca vacibdir. Eyni zamanda "Bakcell” və "Enginet” şirkətlərindən "Təhlükəsiz internet həlli: uşaqlarınızı internetdəki arzuolunmaz məzmundan qoruyun!” birgə layihəsi çərçivəsində "Bakcell” sürət data kartları alan şəxslərə də yuxarıda göstərilən xidmətlərdən istifadə etmək imkanı yaranmış olur.

Onlayn məkanda uşaqların müdafiəsi gün keçdikcə daha aktuallaşdığından, "Online Security Brand Tracker" şirkətinin tədqiqatının nəticələri də maraq kəsb edir. Məlum olur ki, yetkinlik yaşına çatmış internet istifadəçilərinin 53,7 faizi virtual məkandakı arzuolunmaz kontenti gənc nəsil üçün çox təhlükəli ünsür hesab edir”.

R.Süleymanov onu da vurğulayıb ki, hazırda internetin gənc istifadəçiləri arasında ani mətn mübadiləsinə imkan verən proqramlar, messencerlər çox populyardır. Onun sözlərinə görə, uşaqlar bir qayda olaraq tanımadıqları insanlarla əlaqəyə asanlıqla girir və bu zaman ağıllarına belə, gətirmirlər ki, onlarla təmasda olan şəxs əxlaqsız, ya da manyak ola bilər:

"Azyaşlıların internetdəki pornoqrafik, erotik, ekstremist, radikal dinçi vəs. saytlara girişlərinin dəqarşısı alınmadıqda onların kənar təsir altına düşmələri həddən ziyadə asanlaşır. Bununla bağlı olaraq ESET mütəxəssisləri uşaqların internetdən istifadəsini nisbətən təhlükəsiz edə biləcək bir neçə qayda hazırlayıblar”.

Valideynlər üçün 5 "qızıl qayda" bunlardır:

1. Gənc və ya azyaşlı istifadəçi üçün ayrıca qeydiyyat akkauntu yaratmaq. Beləakkaunt uşağın internetdəki fəallığını nəzarətdə saxlamaq üçün valideynlərə yardım edir. Həmin akkauntun nəzarətçisi, yəni administratoru bütün halllarda valideyn olmalıdır.

2. Siqnatur bazaları və valideyn nəzarəti funksiyaları yenilənmiş antivirus proqram təminatından istifadə etmək. Belə antivirus proqramlar potensial arzuolunmaz materialdan ibarət veb-saytlara girişi yasaqlamağa və ya çətinləşdirməyə imkan verir.

3. Brauzerin "tarix" bölməsini mütəmadi olaraq yoxlayın. Həmin bölmənin boş və ya kiçik olması uşaqla ciddi söhbətin səbəbidir. Çünki kompüterdən azacıq başı çıxan uşaqlar valideynlərin nəzarət məqsədilə brauzerin "tarix" bölməsinə baxdıqlarını anlayaraq orada təmizləmələr aparır, daxil olduqları yasaq saytlarla bağlı məlumatları silirlər.

4. Veb-kameradan istifadəni nəzarətdə saxlayın. Əgər kompüter və ya noutbukdakı veb-kameradan sürəkli istifadə etmirsinizsə, onu qapadın. Bəzi kompüter virusları və proqramları vasitəsilə kibercinayətkarlar həmin kamera vasitəsilə sizin kompüteri nəzarətdə saxlayaraq fayllardan, yazılarınızdan, parollarınızdan bəhrələnə bilərlər. Bundan başqa, uşağa başa salın ki, yalnız tanış insanlarla - qohumlar və ya dostlarla ünsiyyət zamanı veb-kameradan istifadə etmək məsləhətdir.

5. Uşaq sosial şəbəkədən istifadə edirsə, mütləq şəkildə onun həmin şəbəkədəki akkauntunu, səhifəsinin konfidensiallıq və təhlükəsizlik qurğularını yoxlayın. Sosial şəbəkələrdə - məsələn, "Facebook"da - məlumatların yerləşdirilməsindən sonra həmin məlumatlar üzərində nəzarət tamamən əldən çıxır.

Başqa sözlə, ehtiyatsızlıq uşağınız barədə bütün məlumatların düyna miqyasında istənilən adamın rahatlıqla istifadə etməsinə səbəb ola bilər.

Ekspert sonda qeyd edib ki, valideynlər bu işə ciddi yanaşmalıdırlar: "Uşaqlara internetin zərələli və müsbət tərəfləri haqqında ətraflı məlumatlar verilməli və öz gələcəyimizin sağlam yetişməsinə çalışmalıyıq”.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

 






Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}